Avropa çempionatının elit mərhələsinə hazırlaşan U-19 Bakıdakı təlim-məşq toplanışını başa vurub. Vüqar Məmmədin komandası bu müddətdə iki yoldaşlıq oyunu keçirməliydi. Ancaq həmin sınaq matçlarından yalnız biri baş tutdu. Yanvarın 15-dəki görüşdə U-19-un Samir Əliyevin rəhbərlik etdiyi U-18-i 3:1 hesabı ilə məğlubiyyətə uğratdığını xəbər vermişdik. Məmmədin yetirmələrinin ayın 17-də "Səbail-2" ilə planlaşdırılan yoxlama görüşü Bakıda hökm sürən əlverişsiz hava şəraiti üzündən ləğv olunub. Yığma əvəzində fitnes zalında məşq etmək məcburiyyətində qalıb.
Artıq U-19 təlim-məşq toplanışının ikinci mərhələsi üçün Antalyaya yollanıb. Qardaş ölkədəki hazırlıq bu gündən başlayır və yanvarın 31-dək davam edəcək. Antalyadakı hazırlıq prosesi çərçivəsində dörd yoxlama oyunu keçiriləcək. Yığma yanvarın 21-də “Krasnodar-3” (Rusiya), 24-də Küveytin U-19-u, 27-də “Tromse” (Norveç), 30-da isə “Dinamo-2” (Rusiya) ilə qarşılaşacaq.
Toplanışda Vüqar Məmmədin sərəncamında 24 futbolçu olacaq: Sərhad Daşdəmir (“Fayld”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov, Elvin Talıbov (hamısı “Qarabağ”), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı “Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı (hamısı “Neftçi”), Şakir Seyidov (Sabah), Murad Məmmədov (Səbail), Ruslan Qəribov (“Sokol”, Saratov/Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Moskva/ Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva/Rusiya), Rüfət Abdullazadə (Sumqayıt).