Sizin reklam burada

“Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir

Baxış Sayı:758

“Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir
Azad Mustafayev: “Sizcə, Azərbaycanda kimsə qiyam qaldıra bilər?”
“Kəpəz”də maaş probleminin yaşandığını hələ ötən saylarımızın birində xəbər vermiş, məsələ ilə bağlı Gəncə təmsilçisinin Müşahidə Şurasının sədrinin müavini İslam Abbasovun və baş məşqçi Etibar İbrahimovun fikirlərini öyrənmişdik. Hər iki şəxs söylənilənləri təsdiq etməklə yanaşı, çətinliyin nədən qaynaqlandığını da söyləmişdi. Onların sözlərindən belə məlum olmuşdu ki, klubun bu gün faktiki rəhbərsiz qalması əməkhaqqının gecikməsinə səbəb olub. Bankda klubun hesabında vəsait olsa da, sənədlərə qol çəkib pulu hesabdan çıxaracaq birinin olmamsı səbəbindən komanda artıq üç aydı maaş üzünə həsrət qalıb. Ancaq nədənsə futbolçuların pulsuz qalması AFFA rəhbərliyini narahat etmir. Xatırladaq ki, “sarı-göylər” məhz assosiasiya tərəfindən maliyyələşdirilir.
Ölkənin ən köklü və titullu komandasına etinasız münasibətdən bezən futbolçular artıq radikal addımlar atmağa qərar verib. Belə ki, “Kəpəz”in oyunçuları dünənki məşqə çıxmaqdan imtina ediblər. “Qiyamçılar” maaş problemi həll olunana qədər boykotu davam etdirəcəklərini baş məşqçinin diqqətinə çatdırıblar.
“Kəpəz”lə bağlı ötən yazılarımızda da düşərgədə vəziyyətin acınacaqlı olduğunu bildirmişdik. Komandanın hazırlıq keçməsi üçün sovetdənqalma bazada adi şərait belə yoxdu. Paltardəyişmə otaqları normal qızdırılmır, məşqdən sonra futbolçuların duş qəbul etməsi üçün tələb olunan isti su fasilələrlə verilir. Qidalanmadan isə, ümumiyyətlə, danışmağa dəyməz. Əsas komanda ilə yanaşı, aşağı yaş qruplarında da vəziyyət bərbaddı. Top, forma və inventar çatışmazlığı səbəbindən uşaq və yeniyetmələr normal məşq keçə bilmirlər. Halbuki ötən ilin dekabrında klubun büdcəsinə uşaq futbolunun inkişafına görə UEFA-dan 1 milyon manat köçürülüb.
Gəncədəki mənbədən əldə etdiyimiz məlumata görə, “sarı-göylər”in baş məşqçisi Etibar İbrahimov klubun mətbuat katibi Azad Mustafayevin məsləhəti ilə futbolçuları çətinliklə də olsa, bir araya gətirib, bu gün məşqə çıxmağa razı salıb. Mustafayevin baş məşqçiyə “uşaqları fikrindən daşındıra bilməsən, sənin üçün heç də yaxşı olmayacaq. Yeni gələn rəhbərlik başverənləri nəzərə alıb səni postundan uzaqlaşdıra bilər” söylədiyini eşidənlər olub. İbrahimov da bu sözlərdən təlaşlanaraq kollektivlə danışığa gedib. Yeri gəlmişkən, onu da qeyd edək ki, pulsuzluq səbəbindən stadionda çalışan texniki personal da artıq xeyli vaxtdı işə gəlmir.
Yaşananlara aydınlıq gətirmək üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Lakin Mustafayev söylənilənləri təkzib etdi: “Heç bir boykot söhbəti yoxdu. Komanda dünən ağır fiziki məşqlər etdiyindən bu gün istirahətə buraxılıb. Sizcə, Azərbaycanda kimsə qiyam qaldıra bilər?”
Mətbuat katibinin bu sözləri lap dövlət məmurunun açıqlamasına bənzədi. “Bəs maaş problemi necə, o da yoxdu” sualımıza isə Azad bəy belə cavab verdi: “Müəyyən gecikmələr var ki, bunun da səbəbini klubun Müşahidə Şurasının sədrinin müavini İslam Abbasov qəzetinizə açıqlamasında bildirib. Yaxın günlərdə hər şey yoluna qoyulacaq”.
Yuxarıda qeyd etdiyimiz kimi, UEFA başqa klublar kimi, “Kəpəz”ə də uşaq futbolunun inkişafı üçün 1 milyon manat ayırıb. Mətbuat katibi ilə söhbətdə həmin vəsaitin aqibəti ilə maraqlandıq. Xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamalarının birində “klublara ayrılan maliyyənin xərclənməsi yönündə konsepsiya hazırlayıb, AFFA-ya təqdim etmələri tapşırılıb” demişdi. “Kəpəz”in bu tapşırığı yerinə yetirib-yetirmədiyi də maraqlıdı. Mustafayevin reaksiyası belə oldu: “Konsepsiyanın hazırlanması ilə bağlı işlər gedirdi. Lakin klubda rəhbər dəyişikliyindən sonra hər şey yarımçıq qaldı. Böyük ehtimalla, yeni gələcək rəhbərlik bu məsələni də həll edəcək. UEFA-nın ayrıdığı maliyyədən stadion ərazisində aşağı yaş qrupları üçün əlavə meydanların salınması və əsas arenada müəyyən işlərin görülməsi nəzərdə tutulub”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR