Sizin reklam burada

Petrov çempion olmaq istəyir

Title
Petrov çempion olmaq istəyir
Mövsümün ilk yarısında "Neftçi”nin baş məşqçisi Roberto Bordin müdafiədə bəzi rotasiyalara əl atdı. Buna səbəb “futbol ili”ndən öncə Ruslan Abışovun zədələnməsi oldu. Bu üzdən İtaliyalı mütəxəssis müdafiənin mərkəzində Kiril Petrovla Anton Krivotsyuku oynadırdı. Halbuki Antonun əsas mövqeyi sol cinahdı. Bundan başqa, stopper kimi Petrovla yanaşı Slavko Braliç də şans qazanıb. Ancaq Petrov da bəzi oyunlarda meydana çıxmayıb. Ukraynalı arxa xətt oyunçusu yalnız zədəli olduğu vaxtda heyətdən kənarda qalıb. Hər halda, Petrovla eyni vaxtda “Neftçi”yə gələn legionerlərin hamısı ilə yollar ayrılıb. Ukraynalı isə yaxşı təsir bağışladığından hələ də “ağ-qaralar”ın şərəfini qoruyur. Hazırda komanda ilə birgə hazırlıq keçən futbolçu klubun rəsmi saytına müsahibə verib. Təlim-məşq toplanışını dəyərləndirən ukraynalı çempionluq şanslarından da danışıb.
- Toplanışın Bakıda keçirilən ilk mərhələsini də nəzərə alsaq, təxminən 10 gündü hər gün iki məşqə çıxırsız. Ağır deyil?
- Xeyr, normaldı. Bərpa oluna bilirik. Masajçılara təşəkkür edirəm, bizimlə əziyyət çəkirlər. Bakı toplanışı ilə müqayisədə burda məşqlərarası bərpaya daha çox vaxtımız qalır. Ona görə də heç bir problemimiz yoxdu. Bu müddət ərzində dözmək lazımdı. Sonra bundan asan olacaq.
- Bu toplanışda sənin üçün ən çətin olan nədi?
- Təkcə mənim üçün yox, fikrimcə, bütün futbolçular üçün ən çətini daim qaçmaqdı. Amma bunun öhdəsindən yaxşı gəlirik. İnanıram ki, bəhrəsini görəcəyik.
- Təlim-məşq toplanışı ərzində asudə vaxt az olur. Bununla belə, maraqlıdı, həmin vaxtı necə keçirirsən?
- Axşam yeməyindən sonra uşaqlarla "playstation” oynayırıq və ya filmlərə baxırıq. Ukraynadan "Desna” komandası gəlib, bundan sonra az da olsa, ordakılarla da vaxt keçirməyə çalışacam. Orda uzun müddətdi görmədiyim dostlarım var. Bəziləri ilə 6 yaşımdan birlikdə oynamışam. Danışmağa, xatırlamağa mövzular var.
- Müdafiə xəttinə yeni komanda yoldaşın gəlib. İndiyədək Mamadu Mbocla çiyin-çiyinə oynamamısan. Necə düşünürsən, onunla birlikdə oynamaq maraqlı olacaq?
- Mbocla mən də oynaya bilərəm, Ruslan Abışov da. Hazırda məşq prosesi davam edir. Əvvəlcə əsas heyətdə oynamağa qadir olduğunu sübut etmək lazımdı. Bu hər futbolçu üçün keçərlidi.
- Qış fasiləsindən sonra “Neftçi”nin ilk çempionat oyunu "Qarabağ”la olacaq. Amma bunadək Antalyada sınaq matçları var. Sabah (bu gün) “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu Rumıniya "Qaz Metan”ına qarşı keçirəcək...
- Bütün oyunlara olduğu kimi, "Qarabağ”la matça da ciddi hazırlaşacağıq. Çempionatın ikinci hissəsinə tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibdən asılı olmayaraq, maksimum xal toplamağa çalışacağıq. Çünki məsələn, "Qarabağ”ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər. Yoxlama görüşlərindən isə faydalanmaq lazımdı. Çempion olmaq istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq.
FARİZ hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.