Sizin reklam burada

Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb

Title
Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb
Antalyada növbəti yoldaşlıq görüşünü keçirən “Sabah” bu dəfə qələbə qazana bilmədi. İlk matçda Türkiyənin 1-ci dəstə təmsilçisi “Əskişəhərspor”u yenən “tələbələr” yanvarın 16-da “Tobol”la heç-heçəyə razılaşdı. Halbuki hesabı təmsilçimiz açmış, Cavid İmamverdiyevin qolu ilə aradakı fərqi 2:0-a çatdırmışdı. Baş məşqçinin heyətdə dəyişikliklər etməsi həm oyunun axarına, həm də yekun nəticəyə təsirsiz ötüşmədi - 2:2.
Əhmədov klubun “feysbuk” səhifəsinə açıqlamasında oyunla bağlı fikirlərini dilə gətirib: “Tobol” Qazaxıstanın 3-4 ən güclü komandasından biridi. Bu klub oturuşmuş heyətə, səviyyəli legionerlərə, milli üzvü olan futbolçulara malikdi. Birinci hissənin ilk 10-15 dəqiqəsindən sonra futbolçularım oyunu tam ələ aldılar. Qısa və orta ötürmələr hesabına hücumlar qururduq. Düzdü, boşluqlarımız da var idi. Ancaq nəzərə alsaq ki, fiziki hazırlıq məşqlərindən sonra ikinci oyunumuzu keçirirdik, komandanın ilk hissədəki çıxışından razı qalmaq olar. Havanın küləkli olması oyuna təsir edirdi. Məncə, külək olmasaydı, daha baxımlı futbol izləyərdik. Güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olurdu. İkinci hissənin ilk 10-15 dəqiqəsi yenə bizim üstünlüyümüz şəraitində keçdi. Komanda yaxşı top saxlayırdı. Bu oyunda futbolçularım verilən tapşırığın 75-80 faizini yerinə yetirdilər. Bu, yoxlama oyunudu. Belə matçlarda dəyişikliklər vacibdi. Əvəzetmələr komandanın oyununa, nəticəyə təsir etdi ki, bu da başadüşüləndi. Biz bura təlim-məşq toplanışına gəlmişik. Yoxlama oyunlarında hər bir futbolçuya şans verəcəyik ki, hamı özünü göstərmək imkanı qazansın”.
Bu oyunu Rəşad Eyyubov üçün əlamətdar hesab etmək olar. Qış fasiləsində transfer olunan futbolçu “Sabah”ın formasında ilk qoluna imza atdı. Yarımmüdafiəçi yeni komandasına uyğunlaşdığını deyib: “Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq. Deyə bilərəm ki, məşqdə çalışdıqlarımızın əksəriyyətini meydanda nümayiş etdirə bildik. Bu, yaxşı məqamdı. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq. “Sabah”da ilk qolumu vurduğuma görə şadam. Artıq komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük”.
“Tobol”un çalışdırıcısı ünlü Valeri Qazzayevin oğlu Vladimir Qazzayevdi. 38 yaşlı mütəxəssis də “Sabah”la oyunu şərh edib: “Növbəti yoxlama matçımızda ümumi qrupda çalışan bütün futbolçulara oynamaq imkanı verdik. Komandamızın hazırlıq səviyyəsinə baxmaq istəyirdik. Futbolçular nəzərdə tutduğumuz bütün tələbləri dəqiq yerinə yetirirdilər. Ancaq demək lazımdı ki, ağır yükləmək altında oynayırdıq. Komandaya hərəkətlilik çatmırdı ki, hazırlığın bu mərhələsində belə də olmalıdı. Futbolçular xarakter göstərib, iki top fərqiylə uduzduqları halda hesabı bərabərləşdirdilər. Bu matçda gənclər özlərini heç də pis göstərmədilər. Ümumilikdə hər qarşılaşma məlumat xarakteri daşıyır. Bəli, bir sıra səhvlər buraxdıq. Bunun üzərində işləyəcəyik və oyun keyfiyyətimizi yaxşılaşdıracağıq. Hazırlıq planlı rejimlə gedir".
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.