Sizin reklam burada

Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı

Baxış Sayı:572

Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı
“Yalnız həndbolla ailə saxlamaq mümkün deyil”
Kişilərdən ibarət voleybol yığmamız AÇ-nin biraddımlığında dayandısa, həndbol millimiz analoji turnirin 1-ci təsnifat mərhələsində “ağ bayraq qaldırdı”. Hikmət Abdullayevin rəhbərlik etdiyi komanda Maltada təşkil olunan qrup oyunlarında zəif çıxışla yadda qaldı. Cənubi Kiprə 17:25, Gürcüstana 25:30 uduzan kişi həndbolçularımız son oyunda meydan sahiblərini üstələdi - 27:24. Təbii, bir qələbə qrup qalibi olmaq üçün yetərli deyildi. AÇ-nin 2-ci təsnifat mərhələsinə son oyunda gürcüləri minimal hesabla (25:24) üstələyən yunanlar vəsiqə qazandı.
Uğursuzluğun səbəbləri ilə bağlı Hikmət Abdullayevlə danışdıq.
- Yığmanın heyəti təcrübəli həndolçulardan formalaşdırılsa da, nəticə ürəkaçan olmadı. Rəhbərlik etdiyiniz komanda bu qədər zəifdi ki, özü ilə eyni səviyyədə olan komandaların yer aldığı qrupdan çıxa bilmir?
- Obyektiv səbəblər var. Həndbolumuzun səviyyəsi hamıya bəllidi. Yığma sonuncu dəfə 2005-ci ildə seçmə mərhələdə mübarizə aparıb. Bu isə az müddət deyil. Ona görə də zəif çıxış edəcəyimizi gözləyirdim. Oyun təcrübəsinin azlığı sözünü deyir. Qrupumuzda yer alan komandalar heç də zəif deyil. Cənubi Kiprin yetərincə normal heyəti var. Gürcüstan yığmasının isə xaricdə çıxış edən həndbolçuları çoxdu.
- Razı qalmaq üçün hansısa əsasınız var?
- Əlbəttə, səhvlər var idi, bunu danmıram. Səbəb, az öncə dediyim kimi, oyun təcrübəsinin azlığıdı. Ümumilikdə isə uşaqlardan razıyam. Nəyi bacarırdılarsa, onu da ortaya qoydular. Məğlub olduğumuz hər iki qarşılaşmaya yaxşı başladıq. Başabaş mübarizə fonunda hətta hesabda önə keçdiyimiz anlar da oldu. Amma məlum problem üzündən davamını gətirmək mümkün olmadı.
- Həmişə üstələdiyimiz gürcülər vəsiqəni son oyunda əldən verdilər. Belə çıxır, onlar irəli gedib, biz isə geriləmişik...
- Bu yanaşmanızla razı deyiləm. Gəlin, klub həndbolu ilə yığmanı qarışdırmayaq. Uzun müddət beynəlxalq yarışlara qatılmadığımızı dedim. Üstəlik, nəzərə alın ki, çempionatımızda cəmi dörd komanda çıxış edir. Onlardan da biri U-16 millisidi. Yəni seçim imkanımız da məhduddu. Gürcülərin heyətində isə Türkiyə, Rumıniya, Fransa və Makedoniyada legioner həyatı yaşayan 9 nəfər yer almışdı. Belədə səviyyə fərqi özünü göstərir.
- Axı bizim də legioner həyatı yaşayan həndbolçularımız var.
- Oleq Georgievskini nəzərdə tutursuzsa, Maltada bizə kömək edə bilmədi. Hazırda Türkiyədə oynayır. Sənəd probleminə görə yığmadan kənarda qaldı. 35 yaşı var, təcrübəlidi. Əlbəttə, yığmaya faydalı ola bilərdi. Amma “Georgievski olsaydı, uğurlu çıxış edərdik” demək də düzgün olmaz. Həndbol komanda oyunudu, bir nəfərdən asılı deyil.
- Bildiyimizə görə, yığma üzvlərinin böyük əksəriyyətinin əlavə qazanc yeri var. Yəni həndbol onların əsas fəaliyyət sahəsi deyil...
- Təəssüf ki, elədi. Amma buna görə onları qınamaq da olmur. Çünki yalnız həndbolla ailə saxlamaq mümkün deyil. Uzun müddət durğunluq oldu ki, uşaqlar da özlərinə gəlir sahələri tapdılar. İdmançı həyatı qısadı.
- Heç olmasa, gələcək üçün perspektiv varmı?
- Təəssüf ki, başqa kollektiv idman növləri ilə müqayisədə kütləvilik istədiyimiz səviyyədə deyil. Amma federasiya rəhbərliyi gələcək üçün addımlar atır. Az öncə U-16 millisini qeyd etdim. Heyətdə fiziki cəhətdən güclü, perspektivli uşaqlar var. Federasiya onların yarışlarda iştirakını təmin edir. Çünki başqa yolumuz yoxdu. Yeniyetmə və gənclərə diqqət göstərməliyik ki, həndbolumuzun gələcəyi olsun. 2004-06 təvəllüdlü uşaqları da yığırıq. Rayonlarda məşqçi-müəllimlər var ki, seleksiya işləri ilə məşğuldular. Yaxşı olmalıdı.
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR