Bir həftə əvvəl “Qarabağ”ın “Qəbələ”dən deyilənə görə 200 min manata aldığı və 4 illik müqavilə bağladığı Hacıağa Hacılının gələcəyi haqda xoş fikirlər səsləndirilir. Mütəxəssislər dayaq yarımmüdafiəçisi kimi çıxış edən futbolçunun əzmkarlığını qabardıb, oyunu “oxumaq” bacarığını ön plana çəkirlər.
Odu ki, Hacıağa yaxın gələcəkdə əsas millinin şərəfini qorumaq üçün layiqli namizəd göstərilir. Di gəl ki, U-21-in yanvarın 21-dən 24-dək Antalyada baş tutacaq toplanışında o olmayacaq. Yumşaq desək, yeni baş məşqçi Milan Obradoviç “Qarabağ”lını sərəncamında görmək istəməyib. Hacılıya dəvət göndərilməməsində ağla gələn ilk ehtimal futbolçunun Rəşad Sadıqovun U-21-də sevimli futbolçularından olmasıdı. Görünür, serb çalışdırıcı Hacıağanın sələfinin sevimlilərindən olmasından ehtiyatlanaraq onu komandasında görmək istəməyib.
Amma “Qarabağ”ın “Uypeşt”lə yoldaşlıq görüşünü izləyəndə, vəziyyətin fərqli olduğu ortaya çıxdı. Qurban Qurbanov Nicat Süleymanov, Rafael Məhərrəmli, İsmayıl İbrahimli kimi gənclərə şans verdiyi halda, Hacıağa 1 dəqiqə də oynamadı. Həm U-21-dən kənarda qalması, həm də “Qarabağ”ın heyətində oynamaması boşuna ola bilməz. Dünən əlaqə saxladığımız klubun mətbuat katibi Nurlan İbrahimov Hacılı ilə bağlı sualı belə cavabladı: “Hacıağa məşqdə zədələnmişdi. Dəqiq desəm, onunla müqavilə bağlandığını elan edəndən bir gün sonrakı məşqdə. Ayağına “şip” girib deyə, ətində cırılma var. Ona görə də “Uypeşt”lə görüşdə oynamadı. Yaxın 2-3 gündə toplu çalışmalar etməsinə icazə verilmir. AFFA-dan bizə göndərilən məktubda U-21-ə dəvət olunan iki futbolçunun adı var idi: biri İsmayıl İbrahimli, digəri Nicat Süleymanov. U-21-in toplanış üçün heyəti iki gün əvvəl açıqlanıb, Hacıağa isə 5-6 gündü məşq etmir. Ola bilsin, zədəli olduğunu bildiklərindən qərar bu cür olub”.
HƏBİB