“Bir neçə futbolçu var ki, bizim millidə oynamaq istəmir”
Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirən U-19-un baş məşqçisi Vüqar Məmmədlə də söhbətləşdik. Yığmanın çalışdırıcısı İngiltərədə top qovan futbolçu ilə bağlı suallarımızı da cavabladı.
- Əvvəlcə qarşılaşma haqda düşüncələrinizi öyrənmək istərdik. Nəticəni kənara qoysaq, komandanın oyunu sizi qane etdi?
- Bilirsiz ki, Bakıda iki oyun keçirməyi planlaşdırmışdıq. Toplanışın hazırki dövrü elədi ki, futbolçular daha çox yüklənir. Bu baxımdan oyunun hesabı o qədər də önəmli deyildi. Yüklənmələr getdiyi üçün futbolçular meydanda ağır görünürdülər. Bu da təbii haldı. Bir həftə belə davam edəcək. Daha bir oyun keçirib, Antalyaya yollanacağıq.
- Hansı məqam sizi daha çox narahat etdi, daha çox narazı saldı?
- Bu həftədə daha çox məni yüklənmələrin necə getdiyi düşündürür. Bakıdakı görüşlərimiz taktiki cəhətdən o qədər də əhəmiyyət daşımayacaq. Amma Antalyadakı matçlarda artıq hər şeyə fikir verəcəyik. Orda texniki və taktiki hazırlıq da xüsusi önəm kəsb edəcək.
- Bəzi futbolçular hazırda düşərgədə deyil. Bunlardan biri də İngiltərədə top qovan Sərhad Daşdəmirdi...
- Hazırda bizimlə birgə olmayan futbolçular Antalyada yığmaya qoşulacaqlar. Bunlardan birinin adını qeyd etdiz, digəri də “Sabah”ın üzvü Şakir Seyidovdu.
- “Fayld”ın üzvü olan Sərhada mətbuatda da geniş yer verildi. Onun İngiltərədə bir sıra klubların hədəfində olduğu deyildi. Bu baxımdan "Stok Siti", "Lids" və "Midlsbro"nun, hətta "Lester"in adı hallanır. Ümumiyyətlə, onu necə tapdız, doğrudan da həmin futbolçuda xüsusi potensial var?
- Mən onu təxminən 7 ay idi izləyirdim. Sonda da əlaqə saxladıq, özü də bildirdi ki, azərbaycanlıyam. Bu üzdən fikirləşdik ki, dəvət edək. Həmin 7 ay müddətində çempionatda bütün oyunlarına baxmışam. Müntəzəm şəkildə qollar vurur. Bu da diqqətimi çəkdi. Özü ilə əlaqə saxladıq və gördüm ki, millimizdə oynamaq istəyir.
- Bizə bağlılığı hardandı?
- Özünün dediyinə görə, Türkiyədə Ərzurum tərəfdəndi. Ana tərəfdən azərbaycanlıdı.
- Onunla İngiltərə klublarının maraqlanması nə dərəcədə doğru məlumatdı?
- Menecerlər Sərhadla bağlı məlumatları mənə göndərdilər. İngiltərə klublarının onunla maraqlandığını ordan öyrəndim. Ancaq futbolçunun özündən bu haqda soruşmamışam. Sərhadla yalnız xarakteri, xasiyyəti haqda danışmışam. Mətbuatdan oxumuşam ki, 2-3 klub onunla maraqlanır.
- Hazırda sərəncamınızda olan heyətdə elit mərhələyə kimi dəyişikliklər olacaq?
- Sözsüz, çempionat zamanı hər hansı futbolçu özünü yaxşı tərəfdən göstərsə, yığmaya dəvət alacaq. Növbəti ayda təlim-məşq toplanışımız İspaniyadadı. Biz geniş siyahı vermişik. Nəzarətimizdə 38 futbolçu var. Onların hər biri ilə müntəzəm şəkildə maraqlanırıq. Çempionat matçlarına baxırıq, klublarda işləyən məşqçilərlə daim əlaqə saxlayırıq. Kim həmin anda layiq olsa, dəvət alacaq.
- Bəs ölkə xaricindən yeni futbolçu çağırmağınız mümkündü?
- Bir neçə oyunçu var ki, bizim millidə oynamaq istəmir. Bu, onların qərarıdı və hörmətlə yanaşıram. Ola bilər, ailəsinə, klubuna və ya təhsilinə görə bu cür addım atır. Amma çox istərdim ki, gəlib bizim ölkəni təmsil etsinlər.
- Bu gün qarşılaşdığınız Samir Əliyevin komandası haqda nə deyə bilərsiz?
- Aşağı-yuxarı bu təvəllüddə olan futbolçuları tanıyırıq. Bu gün bizdə 11 futbolçu 2001-ci il doğumludu. Samir müəllim də yeni gəlib, təzə komanda formalaşdırır. Biz bir yerdə oturub müzakirə aparırıq, bir bazada qalırıq. Əlimizdən gələn köməyi etmək istəyirik ki, bu komandaya da faydası olsun. Hazırda 11 nəfər 2001 təvəllüdlünün bizdə olması yaxşıdı ki, onlar bizdən sonra da U-19-da davam edəcəklər.
- Həmin komandadan kimisə “gözünüz tutub”? Yəni U-19-un hazırlıq prosesinə cəlb edə bilərsiz?
- Əlbəttə. Bu gün elit mərhələyə vəsiqə qazanan komandaya üstünlük verilir. Baxdıq, 2-3 futbolçu diqqətimizdədi, ola bilər, onlardan birini dəvət etdik və bizimlə Antalyaya getdi. Samir müəllimlə də danışacağıq, müzakirə edəcəyik və belə birini özümüzlə götürməyimiz mümkündü.
FARİZ