Sizin reklam burada

Ruslan dubl etdi, “Səbail” sevindi

Title
Ruslan dubl etdi, “Səbail” sevindi
Növbəti rəqib “Sürix”di
Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan "Səbail" dünən ilk sınaq matçına çıxıb. Paytaxt təmsilçisi ilk oyunda Macarıstan "Aqvital"ı ilə üz-üzə gəlib. Bu ölkənin birinci liqa təmsilçisiylə qarşılaşma Bakı vaxtı ilə saat 12.00-da “Mirakl” otelinin futbol mərkəzində baş tutub. Əslində oyun yanvarın 15-nə planlaşdırılmışdı. Ancaq Antalyada davam edən əlverişsiz hava şəraitinə görə təxirə salınmış, tərəflər görüşü ertələməli olmuşdu.
"Səbail" macarlarla oyuna eksperimental heyətlə çıxıb. Aftandil Hacıyev ilk “11-lik”də əsas heyətin bir neçə üzvü ilə yanaşı, gənclərə, o cümlədən yeni transferə şans verib. Hər halda, Emil Balayev, Ruslan Qurbanov, Fəhmin Muradbəyli, Yevgeni Koçuk kimi əsas heyət üzvləri ehtiyatda qalıb. Qapıda Elxan Əhmədov dayanıb. Müdafiənin cinahlarında Şəhriyar Rəhimovla Kamal Qurbanov yer alıb. Mərkəzdə isə Maudo Jarjue ilə yanaşı, “Sabah”dan transfer edilən Elvin Yunuszadə tandem təşkil edib. Orta sahədə təcrübəli Rahid Əmirquliyevlə gənclər - Orxan Qurbanlı və Elçin Rəhimli qərarlaşıb. Yarımmüdafiənin cinahlarında yer alan Ağabala Ramazanovla Aqşin Qurbanlı isə hücumda Kevin Kubembaya dəstək veriblər.
Küləklə müşayiət olunan və PFL-in saytı vasitəsilə canlı yayınlanan qarşılaşmanın ilk yarısında bir qol vurulub. “Səbail” macarların müqavimətini 44-cü dəqiqədə əks-hücumdan sonra qıra bilib. Topu öz cərimə meydançasının həndəvərində ələ keçirib sağ cinahla uzun rey edərək rəqibin qapısına qədər irəliləyən Kubemba uzaq küncü dəqiq nişan alıb və komandasını fasiləyə 1:0 öndə çıxarıb. Ancaq ikinci hissənin əvvəlində “Aqvital” hesabı bərabərləşdirib. 49-cu dəqiqədə cərimə zərbəsindən sonra qapı qarşısına göndərilən topu rəqib hücumçu başla tora qovuşdurub. Ardınca “Səbail” önə keçmək imkanı qazansa da, Sonradan meydana çıxan Ruslan Qurbanov penaltini qaçırıb. O, 63-cü dəqiqədə əllə oyuna görə hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirə bilməyib. Daha doğrusu, qapıçı zərbənin istiqamətini düzgün müəyyənləşdirərək, qola imkan verməyib. Bununla belə, “Səbail” 68-ci dəqiqədə növbəti dəfə üstünlüyü ələ keçirib. Ruslan Qurbanov Aqşin Qurbanlının ötürməsindən sonra rəqib torunu silkələyib və beləliklə, bir qədər əvvəlki günahını yuyub. Ancaq macarlar növbəti dəfə tarazlığı bərpa edə bilib. Belə ki, 78-ci dəqiqədə müdafiədəki inamsız oyun qolla nəticələnib. Bununla belə, “Səbail” meydandan qalib ayrılmağı bacarıb. Matçın başa çatmasına az qalmış, daha doğrusu, 2-ci uzatma dəqiqəsində qələbə topunu vuran “dənizçilər”in heyətində Ruslan Qurbanov dubl edib. Aftandil Hacıyevin qış fasiləsi ərəfəsində intizamsızlığa görə cəzalandırdığı, ancaq çox keçməmiş əfv etdiyi forvard əks-hücumu qolla tamamlayıb. Rəqib oyuna meydanın mərkəzindən başlayan kimi hakim final fitini səsləndirib.
Qeyd edək ki, "Səbail" Antalyada daha üç sınaq matçı keçirəcək. Artıq Bayıl rəmsilçisinin ikinci rəqibinin adı da məlumdu. Belə ki, Aftandil Hacıyevin komandası sabah İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Yanvarın 21-i ("Desna”, Ukrayna) və 24-dəki ("Kaysar", Qazaxıstan) rəqiblərin adları isə bir müddət əvvəl açıqlanmışdı.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.