Sizin reklam burada

“Qüvvələr nisbəti bərabər deyildi”

Baxış Sayı:570

Fərid Cəlalov yığmanın Stokholmda uduzacağını bilirmiş
Kişilərdən ibarət voleybol yığmamız tarixi uğurun biraddımlığında dayandı. Halbuki bir qələbə komandanı AÇ-2019-un final mərhələsinə daşıyacaqdı. Voleybolsevərlərin arzusu Stokholmda gerçəkləşə bilərdi ki, yığmamızı 3:0 hesabı ilə üstələyən İsveç yolumuzu kəsdi.
Uğursuzluğun səbəbləri haqda yazmışdıq. İndi isə söz verdiyimiz kimi, danışmaq növbəsi Fərid Cəlalovundu. Yığmanın nəticələrinə cavabdehlik daşıyan 31 yaşlı mütəxəssislə söhbətdən belə nəticəyə gəlmək olur ki, əslində İsveçlə oyunda hər hansı şansdan danışmaq yersiz imiş…
- İsveçlə oyundan müəyyən müddət keçib və düşünmək, meydanda yaşananları təhlil etmək üçün zamanınız olub. Stokholmda nə baş verdi?
- Əslində təhlillik bir şey yoxdu. Bir komanda meydana 3 əsas heyət üzvü olmadan çıxırsa, məğlubiyyət qaçılmazdı. Dmitri Obodnikov, Vüqar Bayramov və İvan Kazaçkovu nəzərdə tuturam.
- Onların yoxluğunun səbəbi nədi? Axı Bayramov İsveçə səfər ərəfəsində baş tutan Lüqksemburqla ev oyununda meydanda idi. Hətta görüşün ən məhsuldar voleybolçularından biri olmuşdu…
- Səbəblər fərqlidi. Obodnikov ailə vəziyyətinə görə komandaya kömək edə bilmir. Kazaçkov voleybolla birdəfəlik vidalaşıb. Düzdü, Vüqar Lüksemburqla oyunda meydanda idi. Amma onu klubuna buraxmalı olduq. İndoneziya çempionatının oyununa görə düşərgədən ayrıldı.
- Axı klub rəsmi oyunlar üçün dəvət alan voleybolçunun düşərgədə olmasını təmin etməlidi. Yəni qaydalar sizin tərəfinizdədi. Vüqarı buraxmaya bilərdiz.
- Nə demək istədyinizi başa düşürəm. Sadəcə, klubdan xahiş etdilər, çempionatda vacib oyunları var idi. Vüqar mütləq komandasının yanında olmalıydı.
- Bu məntiqlə, rəhbərlik etdiyiniz yığmanın da İsveçlə oyunu taleyüklü, hətta daha vacib idi. Bir qələbə komandanı tarixində ilk dəfə AÇ-nin final mərhələsinə çıxaracaqdı…
- Düzdü, Vüqar komandamızın əsas fiqurlarından biridi. Amma tək onunla yaramız sağalmır. Heyətlə bağlı çox ciddi problemlərimiz var. Orta xəttimiz, demək olar ki, yoxdu. Obodnikovla Kazaçkovun yoxluğunu “sığortalaya” bilmirik. Bu üzdən Vüqar Stokholmda meydana çıxsaydı belə, yenə məğlub olacaqdıq. Bunu göz önünə alaraq onun klub perspektivinə ziyan vurmamaq qərarına gəldik.
- Məğlubiyyətin qaçılmaz olduğunu qeyd etdiz. Doğrudanmı oyunun gedişində vəziyyəti dəyişmək mümkünsüz görünürdü?
- Dediyim itkilər olmasaydı, layiqli oyun sərgiləyə bilərdik. Hətta qələbəyə də oynamaq mümkün idi. Hər halda, İsveçi evdə 3:2 hesabı ilə yenməyi bacarmışdıq. Texnki taym-autlar yığışdırıldığından, baş məşqçilər set ərzində iki dəfə fasilə götürmək hüququna malikdi. Mən də əsasən rəqib 3-4 top fərqi ilə önə çıxan kimi fasilə götürürdüm. Amma xeyri olmadı.
- İtkiləri başa düşdük. İsveç yığmamızdan bu dərəcədə güclüdü ki, bizi asanlıqla məğlub etdi?
- Asan təslim olduğumuzu düşünmürəm. Uşaqlar əllərindən gələni etdilər. Sadəcə, qüvvələr nisbəti bərabər deyildi. İsveç çempionatının yalnız güclülər dəstəsində 12 komanda mübarizə aparır. Üstəlik, komandaların heyətlərində legionerlər çox azdı, yerli voleybolçular üstünlük təşkil edir. Bu isə yığmanın çalışdırıcısı üçün geniş seçim imkanı deməkdi. Bizim çempionatın səviyyəsi bəllidi. Mənim sərəncamımda cəmi 15 voleybolçu var. Stokholma 13 nəfəri aparmışdıq. Problem budu.
- Komandanın həlledici rəsmi oyunlar ərəfəsində sınaq görüşləri keçirməməsi də anlaşılan deyil.
- Komanda üçün təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma sınaqçı-rəqib tapmaq mümkün olmadı. Halbuki Dağıstan, Gürcüstan, Türkiyə və İranla əlaqə saxladıq. Bəziləri daxili çempionatları davam etdiyindən razı olmadı. Bir qismi də bayram tətilinə görə alınmadı. Yəni çox pis vaxta düşdü.
- Yığmanın yaxın gələcəklə bağlı planları necədi?
- Mayda Avroliqa start götürəcək. Bu yarışda mübarizə aparacağıq. Stokholmdan qayıdandan sonra da məşqləri davam etdiririk. Yığma üzvlərinin əksəriyyəti rəhbərliyim altında “Lokomotiv”də oynayır. Çempionata hazırlaşırıq.
- Heyətin gücləndirilməsi nəzərdə tutulub?
- Yox. Nəyimiz var, onunla da oynayacağıq.
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR