Sizin reklam burada

Basketbol Federasiyası bəyanat yaydı

Baxış Sayı:932

Basketbol Federasiyası bəyanat yaydı
Boykotçular iclasa qatılmadı, Tahir Baxşiyev istefa verdi
Ötən sayımızda basketbol üzrə ölkə çempionatında çıxış edən komandaların ikinci dövrəni boykot etdiyini xəbər vermişdik. Xatırladaq ki, birincilikdə 6 komanda – “80-lər”, “Alov”, AzTOP, NTD, ADNSU və U-18 çıxış edir. Boykotçuların əsas istəyi federasiya prezidenti Nadir Nəsibovun tutduğu postdan istefa verməsi, quruma yeni rəhbərliyin gəlməsidi. Mətbuata açıqlama verən ölkənin ən köklü klubları - NTD-nin prezidenti Bəhram Abdinov və AzTOP-un rəhbəri Bəbir Əhmədov Nadir bəyin postundan getməyəcəyi təqdirdə çempionatın boykot olunacağını bildirib və onu da əlavə ediblər ki, komandaların bu addımını ölkə xaricində çıxış edən yığma üzvləri də dəstəkləyir.
Yaşanalarla bağlı dünən federasiyada toplantı keçirilib. Nadir bəy iclasa “qıyamçıların” nümayəndələrini də dəvət etsə də, heç bir klub rəsmisi görüşə qatılmayıb. Bu haqda mətbuata federasiya prezidenti özü məlumat verib: “Federasiyanın işindən narazı qalan klubların rəsmilərini görüşə dəvət etdim. Ancaq onlar dəvəti qəbul etmədilər. Hamı bilir ki, federasiyanın müəyyən çətinlikləri var, o cümlədən maliyyə ilə bağlı. Ancaq ölkə çempionatını boykot etmək heç bir halda düz deyil. Bu mənim təşkilatım deyil, Azərbaycanın federasiyasıdı. Qanun çərçivəsində hərəkət etmək lazımdı, daha belə yox. Boykotun arxasında kimin durduğunu bilirəm və inanıram ki, lazımi tədbirlər görüləcək. Bəziləri 2 il yarım öncə gəncləşdirmə siyasəti çərçivəsində Samit Nuruzadəni federasiyanın baş məşqçisi postuna gətirməyimi həzm edə bilmir. Etiraf edirəm ki, bu addımı daha tez atmalıydım. Biz qəbul etdiyimiz plan üzrə hərəkət edirik. Kublar çempionat oyunlarını boykot etmək əvəzinə federasiyaya yazılı müraciət etməliydilər”.
Reqlamentə əsasən oyuna çıxmaqdan imtina edən klublara texniki məğlubiyyət verilib. NTD-nin və U-20-nin baş məşqçisi Tahir Baxşiyev toplantının sonuna yaxın özünü çatdırıb və bildirib ki, klublar etiraz etməkdə haqlıdı. Millinin sabiq kapitanı bunları söyləyib: “Hələ ilyarım öncə klublar çempionat oyunlarını boykot etmək istəyirdi. Ancaq həmin vaxt onları dəstəkləmədim. İndi isə mən də onların haqlı olduğunu düşünürəm və boykotçuların tərəfindəyəm”. Ardınca isə Baxşıyev federasiya rəhbərliyinə U-20-nin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Günün ikinci yarısında federasiya rəhbərliyi yaşananlarla bağlı bəyanat yaydı: “Azərbaycan Basketbol Federasiyası (ABF) kişilər arasında 26-cı ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirir. ABF hesab edir ki, ölkə çempionatını boykot edərək üsyan qaldırmaq idman hərəkatına zidd və qanunsuzdu.
Hazırda federasiya gənclərdən ibarət yığmanın Bakıda keçiriləcək Avropa Olimpiya Yeniyetmə Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadı. Bununla bağlı bütün məsuliyyət basketbol ictimaiyyəti adından danışmaq səlahiyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür. Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səsverməsi ilə həyata keçirilir.
Azərbaycan Basketbol Federasiyası basketbol ictimaiyyətinə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyir. ABF Azərbaycan basketbolsevərlərini basketbola hörmətlə yanaşaraq, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək verməyə çağırır”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR