“Arxam, dayağım bircə valideynlərim idi, onları da bir neçə il əvvəl itirmişəm”
Yeni ilin ilk həftəsində qəzetimizə müsahibə verən Əfqan Həmzəyev səs-küyə səbəb olan, AFFA-dakıları hədəfə alan açıqlamaları ilə yanaşı, bir sürpriz də vəd etmişdi. Sabiq referi beynəlxalq futbol qurumlarından birinə yüksək vəzifəyə getmək şansının olduğunu demişdi: “Hələlik bu barədə detalları açıqlamaq istəmirəm. Adi məsələ deyil, dövlət səviyyəsində diplomatik sənədləşmə olmalıdı. Rəsmiləşsin, geniş mətbuat konfransı keçirəcəm. Səs-küylü bir təyinat olacaq və Azərbaycanın imicinə xidmət edəcək. Elə vəzifəyə gedəcəm ki, Azərbaycanda məni sevənlər üçün xoş, sevməyənlər, kölgəmdən qorxanlar üçün qıcıq olacaq”. Söhbət Beynəlxalq Tələbə Futbol İttifaqından gedirmiş. Belə ki, BTFİ (İSFU) bazar günü rəsmi saytı vasitəsilə təyinatı elan edib. Məlumatda qeyd olunur ki, Beynəlxalq Tələbə Futbol İttifaqının İdarə Heyətinin son iclasında qurumun idarəçiliyi ilə bağlı bir sıra məsələlərə baxılıb. Təşkilatın baş direktoru Andrey Stukalov baş katib vəzifəsinə həmyerlimiz Əfqan Həmzəyevin namizədliyini təklif edib və bildirib ki, bu post Oleq Pervuşkinin ötən ilin sentyabrında dünyasını dəyişməsindən sonra vakant idi. Beləliklə, İdarə Heyətinin yekdil qərarı ilə Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının yeni baş katibi seçilib.
Təyinatla bağlı xəbərdə Əfqan Həmzəyevin tərcümeyi-halı da əlavə olunub. Qeyd edilib ki, o, 1974-cü il fevralın 7-də anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və 2001-ci ildən futbol hakimi kimi fəaliyyətə başlayıb. O, Azərbaycan premyer-liqasında, habelə Türkiyə, Belarus, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq futbol yarışlarında hakimlik edib. Həmçinin, 2009-cu ildən çimərlik futbolu üzrə FİFA hakimi olub, bu statusda onlarla beynəlxalq oyunda fit çalıb. Həmzəyev 2009-da Dubayda keçirilən dünya çempionatındakı fəaliyyətinə görə FİFA-nın xüsusi medalına layiq görülüb. O, hazırda Beynəlxalq Mini-Futbol Federasiyasının hakimlər komitəsinin üzvüdü.
Beynəlxalq Tələbə Futbol İttifaqı təyinatla bağlı müvafiq qurumlara – Azərbaycanın Prezident Aparatına, Gənclər və İdman Nazirliyinə, AFFA-ya, Tələbə Həmkarlar Birliyinə rəsmi məktub göndərəcək. Həmzəyev isə vəd etdiyi mətbuat konfransını yanvarın sonlarında təşkil edəcək.
BTFİ-yə baş katib təyin olunmasına Həmzəyevin özünün münasibətini də öyrəndik: “Təbii ki, bu təyinat sıradan hadisə deyil. Mənim beynəlxalq yarışlardakı fəaliyyətimi, ölkədən kənarda gördüyüm işləri dəyərləndirib belə qərar veriblər. Yoxsa orda daydayım, adamım yoxdu (gülür). Arxam, dayağım bircə valideynlərim idi, onları da bir neçə il əvvəl itirmişəm.
O ki qaldı görəcəyimiz işlərə, 2019-cu il sentyabrın 11-15-i aralığında Krımda beynəlxalq tələbə festivalı təşkil olunacaq. Üç idman növü – tennis, futvoley və mini-futbol üzrə yarış olacaq. Ora 1500-ə yaxın iştirakçı, 500-ə yaxın rəsmi nümayəndə dəvət olunacaq. Təmtəraqlı açılış və bağlanış mərasimi, parad planlaşdırılır. Bundan başqa, Beynəlxalq Tələbə Futbol Liqasının təşkili gündəmdədi. Oktyabrdan həmin liqanı işə salmağı planlaşdırırıq. Universitetlər arasında turnirə rəsmi çempionat statusu qazandırmaq istəyirik. Bu yöndə növbəti aydan xarici ölkələrə səfərlərim başlayacaq. BTFİ çevik və nüfuzlu qurumdu. Odu ki, bu işləri xüsusi plan əsasında sürətlə həyata keçirməliyik. Təbii ki, fəaliyyət sahəmdə Azərbaycanın xüsusi yeri olacaq. İstəyirəm özümüzdə də tələbə liqası olsun və onun qalibi beynəlxalq turnirlərə qatılsın. Planımda var ki, bir komandamızı Beynəlxalq Tələbə Futbol Liqasına aparım, Azərbaycanı o yarışda təmsil etsin. Bu yaxınlarda təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti və AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanovla görüşməyi planlaşdırıram. Bu, mənim üçün vacibdi. Qeyd etdiyim, ölkəmizdəki tələbə yarışları ilə məsələlələri Firudin müəllimlə müzakirə etmək istəyirəm”.
MİRAĞA