“Zirə” şənbə günü Türkiyəyə yola düşdü. “Qartallar” mövsümün ikinci yarısına hazırlıq məqsədilə qonşu ölkədə təlim-məşq toplanışına başlayıb. Qeyd edək ki, qəsəbə təmsilçisi Bələk bölgəsindəki “Alva Donna Exclusive Hotel”də qalır. Samir Abasovun yetirmələri burda 4 yoxlama oyununa çıxacaq. “Qartallar” yanvarın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) ilə görüşdə qüvvəsini sınayacaq. Qalan iki rəqibin kimliyinə isə aydınlıq gəlməyib. "Zirə" yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.
Maraq üçün onu da bildirək ki, premyer-liqada oynamaq hüququ qazandığı 2015-ci ilin yayından bu yana “Zirə” hər mövsümün əvvəlində və qış fasiləsində Türkiyədə toplanış keçib. Həmin vaxtdan 7 dəfə qonşu ölkəyə yollanan “qartallar” 8-ci dəfə burda hazırlıq prosesinə başlayacaq. Yeddi toplanış çərçivəsində 19 yoxlama matçı baş tutub. Bunlardan birində “İnter”lə (indiki “Keşlə”) üz-üzə gələn qəsəbə təmsilçisi 18 beynəlxalq yoxlama oyununda qüvvəsini sınayıb. Xarici klublarla duellərdə 7 qələbə qazanıb, 4 heç-heçə edib. Hesabında 23 qol olan “Zirə” 18 top buraxıb. Hazırlıq xarakterli qarşılaşmalarda “Zirə” yerli komandalar, həmçinin Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə üz-üzə gəlib.