Sizin reklam burada

“Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər

Baxış Sayı:669

“Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər
Premyer-liqa klublarından fərqli, birinci divizion təmsilçiləri mövsümün qalan hissəsinə hazırlığı Azərbaycanda davam etdirir ki, bu da anlaşılandı. AFFA-dan maliyyələşən divizion təmsilçilərinə ayrılan büdcə mövsümü başa vurmağa güclə çatır. Bu üzdən onlardan hansınınsa təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmamasında qeyri-adi heç nə yoxdu. Ancaq birvaxtlar elita ilə yanaşı, aşağı dəstə təmsilçiləri də böyük nümayəndə heyəti ilə Aralıq dənizinin sahillərində lövbər salırdı. Uzağa getmədən ötən ili yada salmaq kifayət edir. 2018-ci ilin mayında tarixin yaddaşına köçən “Xəzər” Elşad Əhmədovun rəhbərliyi altında ötən qış Antalyada hazırlıq keçməklə yadda qaldı. 2017-nin qışında isə “Şəmkir” eyni addımı atmış, hətta yoxlama görüşlərinin birində Ukraynanın aparıcı klublarından olan “Dnepr”lə üz-üzə gəlmişdi. Bu qış vəziyyət fərqlidi. Divizion təmsilçilərinin nəinki ölkə xaricinə çıxmağa, heç yoxlama görüşləri keçirmək üçün Bakıya gəlməyə pulu yoxdu.
Toplanışa doğma rayonda davam edən klublardan biri də “Turan Tovuz”du. Komanda gündə iki dəfə baş məşqçi Eltay Aslanovun rəhbərliyi altında məşq edir. Bu haqda bilgini çalışdırıcının özündən aldıq: “Yanvarın 7-dən məşqləri bərpa etmişik. Kollektiv gündə iki məşqə çıxır. Artıq bir yoxlama görüşü də keçirmişik. Ötən həftə Region Liqasında çıxış edən “Göyəzən”lə qarşılaşdıq. İlk yarıda əsas heyətin oyunçuları meydana çıxmışdı və bu da hesabda əksini tapdı. Birinci yarıda rəqib qapısından 5 top keçirdik. Onlar isə yalnız bir qol vura bildilər. Fasilədən sonra heyəti tam dəyişdim və meydana yeniyetmə və gəncləri buraxdım. Bunu etməkdə məqsədim onlara böyük futbolun ab-havasını hiss etdirmək idi. “Göyəzən” bundan yararlanıb ikinci 45 dəqiqədə hesabı bərabərləşdirməyi bacardı və 90 dəqiqə heç-heçə bitdi - 5:5. Qazax komandası ilə oyun fasilə dönəmində keçirdiyimiz ilk yoxlama görüşü idi. Həftəlik ağır məşqlərdən sonra futbolçuların durumunu görmək istəyirdim. Sabah (bu gün) isə Tovuzda “Kəpəz”lə qarşılaşacağıq. Fasilədə ümumilikdə 5 yoxlama matçı keçirməyi planlaşdırırıq”.
Ötən ayın sonlarında qəzetimizə açıqlama verən “Turan Tovuz”un çalışdırıcısı mövsümün ilk yarısında komandasının nəticələrindən narazı qaldığını bildirmiş, bunu da heyətdə yer alan yeniyetmə futbolçuların özlərini göstərə bilməməsi ilə əlaqələndirmişdi. Eltay bəy fasilə dönəmində heyətə yeni futbolçuların cəlb olunacağını da vurğulamışdı. Onunla söhbətdə bu məsələyə bir daha toxunduq: “Demək olar ki, hər gün bir neçə futbolçunu baxışdan keçiririk. Aralarında təcrübəlilər də var, gənclər də. Qərar verməkdə tələsmək istəmirik. Çünki qışdan sonra qarşımıza daha yaxşı çıxış etmək məqsədi qoymuşuq. 3 oyunçu ilə artıq danışıqlar yekunlaşıb. Onlarla rəsmi müqavilə imzalanmasa da, demək olar ki, artıq komandanın üzvləridi. Coşqun Süleymanov, İbrahim Qədiyev və Yunis Muxtarlı mövsümün ilk yarısını “Ağsu”da keçirsələr də, qışdan sonra “Turan Tovuz”un şərəfini qoruyacaqlar. Daha iki mövqeyə oyunçu cəlb edəcəyik. Bu yöndə axtarışlarımız davam edir. Onu da bildirim ki, “Ağsu”dan gələn oyunçuların hər üçü limitə düşən yaşdadılar”.
Eltay bəy növbəti yoxlama görüşləri üçün rəqiblərlə danışıqların davam etdiyini də söylədi: “Yuxarıda qeyd etdiyim kimi, daha üç oyun keçirmək istəyirik. Bu qarşılaşmalar üçün Bakıya da gələ bilərik, Gürcüstana da gedə bilərik. Hələ ki bununla bağlı müzakirələr gedir. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR