Sizin reklam burada

Klublar çempionatı boykot etdi

Baxış Sayı:836

Klublar çempionatı boykot etdi
Basketbol Federasiyası bu gün durumu müzakirə edəcək
Srağagün Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turunun oyunları keçirilməli idi. Saat 11.00-da meydana ilk oyunda üz-üzə gələcək komandalar - "80-lər" və ADNSU çıxıblar. Lakin hakimin start fiti səslənəndən dərhal sonra hər iki komandanın üzvləri meydanı tərk ediblər. Buna səbəb çempionatda iştirak edən komandaların Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi dəyişənə qədər yarışları boykot etmək qərarıdı. Federasiyanın rəhbəri isə Nadir Nəsibovdu.
Ölkənin aparıcı klublarından biri olan NTD-nin prezidenti Bəhram Abdinov haqqın.az saytına açıqlamasında komandaların bu addımını belə əsaslandırıb: "Böyüklərdən ibarət yığmalar rəsmi yarışlarda iştirak etmir. Azərbaycan çempionatı tənəzzüldədi. Sponsorlar federasiya rəhbərliyinə görə kömək etməkdən imtina edirlər. Nadir Nəsibova nə qədər hörmətim olsa da, getmək vaxtıdı. Federasiyaya 20 il rəhbərlik etmək çox böyük müddətdi. Köklü dəyişikliklər lazımdı. Biz artıq federasiyanın heç bir vədinə inanmırıq. Gənclər və İdman Nazirliyindən və Milli Olimpiya Komitəsindən məsələyə müdaxilə etməyi və Basketbol Federasiyasının rəhbərliyinin dəyişdirilməsi ilə məşğul olmağı xahiş edirik. Komandaların bu addımını xaricdə çıxış edən yığma üzvləri də dəstəkləyir. Dəyişiklilklər olana qədər qərarımızı dəyişməyəcəyik və çempionatda çıxışımızı dayandıracağıq. Əvəzində öz aramızda oyunlar keçirəcəyik ki, basketbolçular formadan düşməsinlər”.
Abdinovun söylədiklərinə ölkənin digər köklü basketbol klubu olan AzTOP-un prezidenti Bəbir Əhmədov da dəstək verib: “2012-ci ildən yığma seçmə mərhələ oyunlarından kənarda qalıb. Avrokuboklarda da çoxdandı gözə dəymirik. Federasiyanın öz zalı yoxdu, çempionat isə çox aşağı səviyyədə təşkil olunur. Nə azarkeşlər, nə də mətbuat basketbola maraq göstərir. Azərbaycanda basketbol bu idman növünü sevən və onu maliyyə ayıran bur qrup həvəskarın üzərindədi. Ancaq normal federasiya olmadan inkişaf etmək qeyri-mümkündü. Durumun acınacaqlı olmasına baxmayaraq, bizdə perspektivli uşaqlar var. Bəziləri ölkə xaricində çıxış edir. Lazım olsa, həm gənclər, həm də əsas yığmanı formalaşdırmaq mümkündü. Təəssüf ki, federasiya bu yöndə heç bir iş görmür. Demək olar ki, bizdə federasiya yoxdu”.
Yaşananlarla bağlı Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmovla əlaqə saxladıq. Rüstəm bəyin cavabı belə oldu: “Mən bu gün sizə ətraflı məlumat verə bilməyəcəm. Sabah (bu gün) federasiyada toplantı keçiriləcək. Ondan sonra bu haqda danışarıq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR