“Keşlə” təlim-məşq toplanışı keçirmək məqsədilə şənbə günü Türkiyənin Antalya bölgəsinə yollanıb. Bakı – İstanbul - Antalya reysi ilə səhər yola çıxan komanda günorta saatlarında mənzil başına - “Riu Kaya Belek” otelinə çataraq məskunlaşıb. Qeyd edək ki, “Keşlə” səfərə 35 nəfərlik heyətlə yollanıb. Yalnız Davud Kərimi heyətdən kənarda qalıb. Təcrübəli qapıçı əməliyyat olunub. O, qolundakı zədədən əziyyət çəkirdi.
Paytaxt təmsilçisi şənbə günü axşam trenajor zalında məşq edib. Dünən isə komanda gün ərzində iki dəfə məşq edib. Yağıntı olmaması Tərlan Əhmədopun planlarını məşq meydanında gerçəkləşdirməyə imkan verib. Hələlik düşərgədə yeni oyunçu yoxdu. Ancaq qarşıdakı 3-4 gün ərzində komandada yeni adlar peyda ola bilər. Belə ki, “Keşlə” yanvarın 18-də ilk sınaq matçına çıxacaq. Əslində bakılılar bir gün əvvəl oyun keçirməyi planlaşdırmışdı. Ancaq Qazaxıstan təmsilçisi "Okjetpes"lə ayın 17-nə planlaşdırılan qarşılaşma sonradan ləğv olundu. Orta asiyalılar bunu məşqçilər heyətində baş verən dəyişikliklə izah edib. Beləliklə, “Keşlə” yanvarın 18-də Özbəkistanın U-23 yığması ilə gücünü sınayacaq.
MİRAĞA