Elşad Əhmədov: “Cavid İmamverdiyevin oyununu qeyd edərdim”
“Sabah” təlim-məşq toplanışı üçün Antalyaya yollanan ilk Azərbaycan təmsilçisi olmaqla diqqətləri üzərinə çəkmişdi. Bu mənada daha bir ilkə imza atmaları yoldaşlıq görüşü keçirmələri ilə bağlı oldu. Belə ki, hazırda qardaş ölkədə hazırlıq keçənlər arasında ilk sınaq matçına çıxan komanda kimi də “tələbələr” yadda qaldı.
Yanvarın 12-də, Bakı vaxtı ilə saat 16.30-da başlayan oyunda Elşad Əhmədovun başçılıq etdiyi kollektivin rəqibi TFF 1-ci liqasında mübarizə aparan və yanvarın 8-də “Qalatasaray”la yoldaşlıq görüşündə 3:3 oynayan “Əskişəhərspor” idi. Oyunun təmsilçimizin məskunlaşdığı “Titanik” otelinin stadionunda keçiriləcəyi planlaşdırılsa da, son anda dəyişiklik olub və matç “İC Santai” otelinə məxsus stadionda baş tutub.
Əhmədov çempionatda əsas heyətdə görməyə alışdığımız Novruz Məmmədov, Məqsəd İsayev, Elgün Nəbiyev və Cavid İmamverdiyev kimi futbolçuları ehtiyatda saxlamaqla “11-lik”də hazırlığa üç gün əvvəl qoşulan Marko Deviçə, həmçinin yeni transferlər - Rəşad Eyyubovla Təmkin Xəlilzadəyə şans verib: Saşa Stamenkoviç, Şakir Seyidov, Filip İvanoviç, Kərim Diniyev, Vanderson Silva, Erik Ramos, Vadim Abdullayev, Təmkin Xəlilzadə, Rəşad Eyyubov, Elşən Abdullayev, Marko Deviç.
Fasilədən dərhal sonra Stamenkoviçi Tərlan Əhmədli, Şakiri Məqsəd İsayev, Vadimi Cavid İmamverdiyev, Elşəni Elgün Nəbiyev, Deviçi isə Emil Qasımov əvəzləyib. İrəliləyən dəqiqələrdə Tərzin Cahangirov, Elçin Əsədov, Eltun Turabov və Novruz Məmmədov da forma geymək şansı qazanıb.
Oyuna gəlincə, yağışlı havada baş tutan qarşılaşma “Sabah”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk hissənin son dəqiqələrində türkiyəli hakimin “tələbələr”in qapısına təyin etdiyi şübhəli penaltinin qola çevrilməməsinə zərbəni dəf edən Stamenkoviç imkan verməyib. Əvəzində fasilədən sonra meydana çıxan 18 yaşlı Emil Qasımov 68-ci dəqiqədə İmamverdiyevin ötürməsini qapıdan keçirib.
Oyundan sonra Elşad Əhmədov qələbəni belə şərh edib: “Yeni ilə qələbə ilə başladıq. Yoxlama oyunu olsa da, qələbə motivasiya cəhətdən yaxşı oldu. Son 10 gündəki fiziki hazırlıq məşqlərindən sonra düşünürdük ki, futbolçuların hər birinə bir hissə şans verək. Lakin oyunun ilk hissəsində temp bir qədər aşağı oldu. Buna görə də bəzi futbolçulara bir hissədən də bir qədər artıq şans vermək qərarına gəldik. Bəzi oyunçulara 15 dəqiqə daha şans verdik ki, daha çox qaçsınlar. Bu gün gördüklərim fiziki cəhətdən tam istədiyim kimi olmasa da, hərəkətlilik var idi. Texniki-taktiki cəhətdən çatışmazlıqlar var. Bu da normaldı. Çünki biz son 10 gündə ancaq fiziki hazırlıq üzərində məşq keçmişdik. Dediyim kimi, ilk 45 dəqiqədə temp aşağı idi. Lakin fasilədən sonra meydana çıxan futbolçular oyuna rəng qatdılar. Xüsusilə Cavid İmamverdiyevin oyununu qeyd edərdim. Fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Növbəti məşqlərdə bunun üzərində çalışacağıq”.
Qeyd edək ki, “Sabah” növbəti yoldaşlıq görüşünü yanvarın 16-da keçirəcək. Rəqib öncədən nəzərdə tutulduğu kimi, Qazaxıstan təmsilçisi “Tobol” olacaq.
HƏBİB