Sizin reklam burada

Vüqar Həşimov yad olundu

Baxış Sayı:578

Vüqar Həşimov yad olundu
Dünən tanınmış şahmatçı, yığmamızın sabiq üzvü Vüqar Həşimovun anım günü idi. Beynəlxalq qrossmeysterin vaxtsız dünyasını dəyişməsindən artıq beş il ötür. Bununla bağlı şahmatçının yaxınları, bu idman növünə könül verənlər və ölkə ictimaiyyətinin nümayəndələri 2-ci Fəxri Xiyabana baş çəkərək, mərhum şahmatçının məzarını ziyarət ediblər. Həşimovun məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.
Mərhumun atası Qasım Həşimov jurnalistlərə açıqlamasında bunları söyləyib: “Vüqar karyerası ərzində dünya və Azərbaycan şahmat tarixində dərin izlər buraxıb. Onun ən böyük arzularından biri də dünya çempionu tituluna yiyələnib şahmat tacını Azərbaycana qaytarmaq idi. Dünyanın aparıcı şahmat mütəxəssisləri də bu fikirdə idi ki, Vüqar şahmat tacına sahib ola bilər. Təəssüf ki, bu ona qismət olmadı. Çox şadam ki, xalqımız Vüqarı sevir, onun xatirəsini əziz tutur. Vüqar dünyada həm məşhur şahmatçı, həm də gözəl şəxsiyyət kimi tanınırdı. Veyk-an-Zee turnirində Vüqarın adına iki mükafatın təsis edilməsi təsadüfi deyil. Beş ildi ki, həmin mükafat dünyanın ən alicənab şahmatçılarına təqdim olunur. Dünyanın bir çox ölkələrində Vüqarın xatirəsinə turnirlər təşkil olunur. Ölkəmizdə hər il keçirilən ənənəvi “Shamkir Chess” beynəlxalq turnirində dünyanın ən nüfuzlu şahmatçıları iştirak edirlər. Braziliyada Vüqar Həşimov adına şahmat komandası yaradılıb. Vüqar Azərbaycanı bütün yarışlarda həm də layiqli vətən övladı kimi təmsil edirdi”.
Əməkdar məşqçi Xanlar Allahverdiyev, ADBTİA-nın şahmat kafedrasının professoru Bəxtiyar Rüstəmov, həmkarımız Sənan Şəfizadə çıxış edərək, mərhumun qısa, lakin şərəfli ömür yolundan, uğurlu karyerasından danışıblar.
Qeyd edək ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Uşaqlıq illərində “Şahmat klubu” verilişindəki çıxışları ilə tanınıb. 2002-də qrossmeyster normativini yerinə yetirən Vüqar buna qədər isə üç dəfə ölkə çempionu olub. Mərhum qrossmeyster dünya və Avropa çempionatlarında müxtəlif əyarlı 21 medal qazanıb, 50-dən çox beynəlxalq turnirin qalibi olub. Onun 2009-cu ildə yığmanın heyətində Avropa çempionatında həlledici görüşdə qələbəsi şahmat tariximizdə ilk dəfə bu yarışda titulun qazanılmasında həlledici rol oynayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR