Ruslan Abışov üçün kubokdakı nəticə sürpriz olmayıb
Ruslan Abışov mövsümün ilk yarısında komandasına kömək edə bilmədi. "Neftçi"nin kapitanı zədəli olduğuna görə "ağ-qaralar"ın "ekvator"a qədərki çempionluq mübarizəsindən kənarda qaldı. Xatırladaq ki, müdafiəçi Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində "Uypeşt"lə səfərdə gerçəkləşən cavab matçında zədələnmişdi. Hələ o vaxt Abışovun qışa qədər meydana çıxmayacağı deyilirdi və belə də oldu. Onun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı. Sonradan Ruslan Almaniyada əməliyyat olundu. Kapitanın çıxış etmədiyi qarşılaşmalarda baş məşqçi Roberto Bordin əksər hallarda Anton Krivotsyuku müdafiənin mərkəzinə çəkir, bəzən Slavko Braliçi bu mövqedə oynadırdı. Hazırda isə Abışov kollektiv məşqlərdə iştirak edir. O, dünən "Türk Hava Yolları Futbol Mərkəzi"ndəki açıq məşqdən öncə brifinq keçirdi və jurnalistlərin suallarını cavabladı.
- Təlim-məşq toplanışının gedişini dəyərləndirərdin.
- Hazırlığa yeni başlamışıq. Hər şey qaydasındadı. Düzdü, mən zədədən yeni qayıtdığım üçün tam hazır deyiləm. Ümumiyyətlə, istirahətdən yeni qayıtdığımıza görə məşqlərimiz ağır keçir. Amma yəqin ki, bundan sonrakı məşqlərimiz daha rahat olacaq.
- Artıq zədəni tam sağaltdığını söyləmək olar? Hər halda, bir neçə gündü kollektivlə birgə məşq edirsən.
- Düzdü, komanda ilə birgə hazırlaşıram. Amma yəqin ki, Antalya toplanışında tam gücümlə məşqlərdə iştirak edəcəm. Orda həkimlərlə və məşqçilər heyəti ilə oturub danışacaq, məsləhətləşəcəyik. Məsləhət olsa, yoxlama oyunlarının bəzilərində çıxış edə biləcəm.
- Bəs mövsümün ikinci yarısında səni meydanda görəcəyik?
- İnşallah. Ümid edirəm ki, fasilədən sonra baş tutacaq rəsmi oyunlarda meydana çıxa biləcəm.
- Hazırda "Neftçi" turnir cədvəlinin lideridi. Mübarizənin geridə qalan bölümü ilə bağlı fikirlərin necədi?
- Dediyiniz kimi, hazırda komandamız birinci pillədə qərarlaşıb, hər şey yaxşıdı. Belə də davam etməliyik.
- Oyunları izləyərkən komandadakı yerin görünürdü?
- (gülümsəyir) Onu deyim ki, qarşılaşmalarımızı kənardan izləmək çox çətin idi. Bizdə hər bir futbolçu "Neftçi"nin uğuru üçün əlindən gələni edir. Mən də bu komandanın üzvüyəm. Meydanda olmağı çox istəyirdim. Amma inanıram ki, formamı bərpa edərək əsas heyətdə yer alacam.
- Çempionatdakı durum qaneedici olsa da, "Neftçi" kubokda mübarizəni dayandırdı. Başqa sözlə, artıq bir tituldan məhrum olmusuz. Kapitanı olduğun komandanın bu mərhələdə kubokla vidalaşması sənin üçün sürpriz oldu?
- Açığı, sürpriz olduğunu deməzdim. Çünki Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"da oyun baxımından çoxlu dəyişikliyin baş verdiyi görünürdü. Bu isə bizə çətinlik yaradırdı. Bunu qarşılaşma zamanı da gördük. Doğrudan da, "Sumqayıt" tam fərqli üslubda çıxış edirdi. Sonda da mərhələni onlar keçdilər. Amma çox istərdim ki, yarımfinala biz adlayaq. Lakin həmin mübarizə artıq geridə qalıb. Artıq bütün fikrimiz premyer-liqaya yönələcək. Çətin olacağını bilirik. Amma sona qədər mübarizə aparacağıq ki, "Qarabağ" və başqa klublar ilə rəqabətdə qalib gələk və çempionluğu əldə edək.
FARİZ