
Hacıağa “Qarabağ”a 200 minə başa gəlib
Maliyyə sıxıntısı yaşayan və aparıcı oyunçularını satmağa razılıq verən “Qəbələ”də gəlhagəldi. Ötən ilin son günlərində Təmkin Xəlilzadənin “Sabah”a keçidindən 170 min manat qazanan bölgə təmsilçisi bu dəfə bir başqa oyunçuya görə büdcəsini zənginləşdirib. Lakin bu, nə hansısa təcrübəlidi, nə də legioner.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Hacıağa Hacılının “Qarabağ”la 4 illik müqaviləyə imza atması “qırmızı-qaralar”ı xeyli qabağa salıb. Söhbət ölkə çempionunun yanvarın 30-da 21 yaşı tamam olacaq Hacıağaya görə bir başqa Azərbaycan klubuna 200 min manat ödəməsindən gedir. Ödənilib, yoxsa ödəniləcək – bu başqa söhbətin mövzusudu. Faktiki bu məbləğ “Qarabağ”ın cibindən çıxıb “Qəbələ”yə keçəcək.
Qeyd edək ki, Hacılı perspektiv vəd edən dayaq yarımmüdafiəçilərindən sayılır. Uzun illər bölgə təmsilçisinin əvəzedici heyətində çıxış edən futbolçu həm də U-17, U-19, Rəşad Sadıqovun baş məşqçi olduğu dönəmdə isə U-21-in kapitan sarğısını daşıyıb. Yayda “köhlən atlar”a birilliyə icarəyə verilməsinə baxmayaraq, artıq “Qarabağ”ın futbolçusu sayılır.
HƏBİB