Cari mövsümü “qızıl dubl”la başa vurmağı hədəfləyən “Qarabağ” məqsədinə çatmaq üçün qış hazırlığına xüsusi diqqət yetirir. Təxminən biraylıq təlim-məşq toplanışında oyun planındakı problemlər həllini tapmalı, komanda güclənməlidi.
Bu mənada hələ ki Reynaldonun keçidinin rəsmiləşdiyini deyə bilərik. Qazaxıstan təmsilçisi “Aktobe” ilə başa çatan müqaviləsini yeniləməyən, dekabrda “Qarabağ”la anlaşan braziliyalı ön xətt oyunçusu hücumda Mahir Mədətov və İnnosent Emeqara ilə rəqabət aparmalı olacaq. Reynaldonun gəlişindən sonra Qurban Qurbanovnu hücum xətti ilə bağlı narahatlığı nisbətən yoluna qoyulub. Odu ki, qış fasiləsində başqa forvardın transferini gözləməyə dəyməz.
Amma növbəti transfer olacaq, bu dəqiqdi. Yeni gələn də komandanın sabiq futbolçusudu. Əslində Riçard Almeydanın “Qarabağ”da peyda olmasının an məsələsi olduğunu uşaqdan-böyüyə hər kəs bilir. İş burasındadı ki, “Astana”dan ayrılmaq istəyən yığmamızın üzvü klub rəhbərliyinin sərt təpkisi ilə üzləşirdi. Və buna görə də transferin həlli bu günə qədər yubanmaqdadı.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında danışıqlar başa çatmaq üzrədi. “Qarabağ” Riçardı, o da məxsus olduğu klubu razı salmaq üzrədi. Bu isə o deməkdi ki, Almeyda bu həftənin sonuna qədər Türkiyədə hazırlıq keçən ağdamlıların düşərgəsinə qoşulub köhnə-yeni klubuyla münasibətləri rəsmiləşdirəcək.
Antalyada hazırlıq keçən komandaların düşərgəsinə baş çəkən yerli telekanalların əməkdaşları bir neçə gün öncə “Sabah”ı “işıqlandırmışdı”. Bu dəfə hədəfə tuş gələn “Qarabağ” olub. Son illərin dəyişməz ölkə çempionunun düşərgəsində olan “Qlobal TV”nin müxbiri fürsətdən istifadə edərək Qurban Qurbanovdan müsahibə götürməyə də imkan tapıb.
HƏBİB