Qış fasiləsinə zirvədə yollanan “Ekol” mövsümün ikinci yarısı ilə bağlı ciddi hazırlıq planı tərtib etmişdi. Klubun icraçı direktoru Məzahir İsgəndərov qəzetimizə verdiyi açıqlamada Gürcüstana - təlim-məşq toplanışına yollanmaq istədiklərini bildirmişdi. Dünən əlaqə saxladıqda isə məlum oldu ki, bu plandan imtina edilib. Bunun bir neçə səbəbi var. Hər halda, klub rəsmisi belə deyir: “Qış hazırlığının əsas mərhələsini xaricdə keçmək variantından imtina etdik. Gürcüstana yanvarın 15-dən sonra getməyi planlaşdırmışdıq. Tez getmək alınmır. Çünki ilk 10 gün fiziki hazırlığın artırılmasına həsr olunur. Biz isə ayın 6-dan məşqlərə başlamışıq. Bizə dedilər ki, ayın 18-də Gürcüstan millisi toplanışa başlayacaq. Orda yoxlama oyunu keçirmək istədiyimiz klublar dedilər ki, əsas oyunçularımız millidə olacaq. Belədə zəif komandalarla oynamalıydıq, bu isə planlarımıza daxil deyil. Bundan başqa, Gürcüstanda “donuz qripi” virusu yayılıb. Açığı, buna görə də ehtiyatlandıq. İdmançı məşq edəndə immuniteti zəifləyir və belədə xəstəliyə yoluxmaq riski artır”.
“Ekol” xaricə gedə bilməsə də, hazırlığı paytaxtdan kənarda keçirməyə qərarlıdı: “Təlim-məşq toplanışının ikinci mərhələsini Olimpiya Komplekslərindən birində keçirəcəyik. Ötən il Qubaya üz tutmuşduq. Hazırda iki variantı müzakirə edirik. Ya Sumqayıta, ya da Oğuza gedəcəyik. Olimpiya Kompleksləri daha sərfəlidi. Çünki orda həm məskunlaşırsan, həm də zalın xidmətindən yararlanırsan. Bu isə maddi cəhətdən əlverişlidi. Ötən il getdiyimiz Quba Olimpiya Kompleksinə sonuncu variant kimi baxırıq. Əslində qidalanma və məskunlaşmadan, qiymətlərdən razı qalmışdıq. Sadəcə, zalın parketi köhnə idi. Bəlkə də yeniləyiblər, xəbərim yoxdu. Oğuz və Sumqayıt variantı baş tutmasa, ora ilə də maraqlanacağıq”.
Məzahir İsgəndərov transfer çalışmalarına son verdiklərini də diqqətə çatdırdı: “Qalib heyəti dəyişməzlər” deyimi var, biz də “qış çempionu” olan, “Araz”a iki oyunda uduzmayan komandanı qoruyub saxladıq. Əksinə, heyətə milli üzvü cəlb etdik. Ramiz Çovdarov gücümüzə güc qatacaq futzalçıdı. Rəhbərlik legioner transferinə isti yanaşmır, əsasən yerli futzalçılara şans verməyin tərəfdarıdı. Çempion olsaq və Çempionlar Liqasına getsək, o halda legioner cəlb oluna bilər. Bu, vəziyyətdən asılıdı. İndiki halda, sırf öz uşaqlarımızla uğur qazanacağımıza inanırıq, buna qadirik”
MİRAĞA