
“Qəbələ” bu gün gürcü forvardla müqavilə imzalayacaq
Atakora “Dənizlispor” variantını təkzib etdi
Dünən Türkiyə mətbuatında “Dənizlispor”un “Qəbələ”nin yarımmüdafiəçisi Lalavele Atakoranın xidmətində maraqlı olması barədə xəbərlər yayılıb. Türk həmkarlarımızın yazdıqlarına inansaq, tərəflər arasında danışıqlar artıq başa çatıb və və tezliklə keçid reallaşacaq. Məsələyə aydınlıq gətirmək üçün “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Təsadüfdən Atakora da menecerin yanında idi. Səbuhi bəyin köməyi ilə Toqo yığmasının üzvündən yayılan xəbərlərə münasibət bildirməsini istədik: “Türkiyə mətbuatında yayılan xəbərlər mənim üçün də maraqlı oldu. Açığı, bu günə kimi “Dənizlispor” rəhbərliyindən heç kim nə mən, nə də agentim ilə əlaqə saxlayıb. Heç bir rəsmi təklif almamışam. Bütün bunlar, sadəcə, söz-söhbətlərdi. Hazırda müqavilə ilə “Qəbələ”yə məxsusam. Ortada real təklif olsa, onda nəsə fikir bildirmək olar. Bununla bağlı klub rəhbərliyi ilə danışığımız olub. Normal, həm məni, həm də “Qəbələ”ni qane edəcək müraciət olsa, klubumu dəyişə bilərəm”.
Xatırladaq ki, toqolu yarımmüdafiəçi üçün Türkiyə heç də yad ölkə deyil. Atakora ötən mövsüm “Adana Dəmirspor”un şərəfini qoruyub və 32 matçda 3 dəfə fərqlənib.
Lalavelenin məsələsi hələ açıq qalsa da, “Qəbələ” artıq bu gün yeni futbolçunu rənglərinə bağlayacaq. Əldə etdiyimiz bilgiyə görə, “qırmızı-qaralar” Gürcüstanın son çempionu “Saburtalo”nun forvardı Davit Volkovi ilə müqavilə bağlamağa hazırlaşır. 24 yaşlı hücumçu 2017-ci ildən Tiflis təmsilçisinin uğurları üçün tər tökür və meydana çıxdığı 40 görüşdə 16 dəfə azarkeşlərə qol sevinci yaşadıb.
Səfiyarlıdan bu məsələyə də aydınlıq gətirməsini istədik. Şimallıların meneceri yayılan xəbəri təsdiqlədi: “Volkovinin maraq dairəmizdə olması düz xəbərdi. Artıq onunla danışıqlar yekunlaşıb. Sabah (bu gün) Bakıya gəlib tibbi müayinədən keçməlidi. Ortaya hər hansı “fors-major” hadisə çıxmasa, onunla müqavilə imzalayacağıq. İstəyirik ki, forvard komanda ilə birgə Türkiyəyə yollansın”.
RƏŞAD