Sizin reklam burada

Biabırçı yenilgi və …azalan şanslar

Baxış Sayı:464

Biabırçı yenilgi və …azalan şanslar
AÇ-2019-un seçmə mərhələsi
G qrupu
İsveç – Azərbaycan 3:0 (25:13, 25:19, 25:16)
İsveç: Auqust Borna – 18, David Pettersson – 13, Yens Ahremark – 5, Viktor Lindberq – 5, Erik Sundberq – 4,
Oskar von Sidou - 2, Yohan Qruveys – 1, Emil Serrau – 1, Anton Viyk Teqenrot (l), Yoel Andersson (l), Stefan Blomqren, Daniel Qruveys, Yohan Millberq Yamstved, Sergey Enqstrom.
Baş məşqçi: Per-Erik Dalkvist.
Azərbaycan: Pərviz Səmədov – 7, Rəsul İbrahimov – 6, Andrey Vasilenko – 5, Vadim Kutukov – 3, Dmitri Baranov – 2, Elmin Alışanov - 2, Aleksey Çervyakov - 1, Tural Həsənli - 1, Aqil Ağazadə, Kənan Allahverdiyev (l), Emil Abdullayev (l), Asif Əliyev, Cavid Süleymanov.
Baş məşqçi: Fərid Cəlalov.
Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya).
9 yanvar. Skokholm. Eriksdalşallen arenası. 1250 tamaşaçı.
Oyunun vaxtı: 66 dəqiqə (20+23+23).
Yığmamız AÇ-nin seçmə mərhələsinə məhz İsveçlə ev oyunu ilə start vermişdi. Ötən il avqustun 15-də, Dərnəgül Voleybol Mərkəzində gerçəkləşən qarşılaşmada nəfəslər tutulmuşdu. Komandamız 550 azarkeşin izlədiyi, 119 dəqiqəyə sığan oyunu möcüzəvi şəkildə xilas etmişdi. Skandinavlara əvvəlki iki görüşdə məğlub olduğumuzdan rəqib bu dəfə də favorit sayılırdı. Amma Fərid Cəlalovun yetirmələri matçın axarını dəyişməyə müvəffəq olmuşdu - 3:2 (23:25, 19:25, 26:24, 25:22, 15:10). Bu oyunda Nils Yon Markus Nilsson “rüzgarı əsmişdi”. Rəqibin ən ucaboy (208 sm) və ən təcrübəli (36 yaş) voleybolçusu 29 xalla görüşün ən məhsuldar oyunçusu olmuşdu. Amma maraqlıdı ki, Nils qrupun son iki oyununda heyətdə yer almayıb. Bəlkə də elə bunun nəticəsidi ki, İsveç son iki səfər matçında - 4-cü turda Lüksemburqa 2:3, 5-ci turda isə Yunanıstana 0:3 hesabı ilə uduzub. Bakıdakı oyunda komandamızın heyətində ən çox xal (15) toplayan Dmitri Obodnikov da Lüksemburqla son görüşdə meydana çıxmamışdı. Baş məşqçilər Stokholmda gerçəkləşən dueldə də liderlərin xidmətindən yararlana bilmədi. AÇ-nin final mərhələsinə yüksəlmək şansı minimuma bərabər olan meydan sahiblərindən fərqli, yığmamız tarixi uğurun biraddımlığında idi.
Qarşılaşmanın startı istəyimiz kimi alınmadı. Hücumda və müdafiədə etibarlı oynayan meydan sahibləri 8:3 önə keçdi. Bir qədər sonra isə fərq daha da artdı. Voleybolçularımızın müdafiədə buraxdığı biabırçı səhvlər fonunda İsveç artıq ilk seti hesabına yazdırmağın astasında idi – 21:10. Əlbəttə, belə vəziyyətdə geridönüş etmək möcüzəyə bərabər olardı. Cəlalovun ruhdan düşən yetirmələri də, təbii ki, bunu bacarmadı. Beləliklə, rəqib cəmi 20 dəqiqəyə hesabda önə keçdi.
Deyəsən, yığmamız şokdan ayılmışdı. Hər halda, ikinci setdə bir müddət başabaş oyun getdi. Amma tədricən səhvlər sıralanınca, rəqib əvvəlcə 4, daha sonra 6 xallıq fərq yaratdı. Və bu üstünlüyünü setin sonuna kimi qorudu – 25:19. Bu dəfə isə Dalkvistin yetirmələrinə 23 dəqiqə bəs etdi.
Üçüncü setdə də vəziyyət dəyişmədi. Qələbənin yaxın olduğunu hiss edən meydan sahibləri xalları, bizimkilər isə səhvləri sıralayırdı. Sanki AÇ-nin final mərhələsinin biraddımlığında Azərvaycan yox, İsveç idi. 8:3, 16:9, 21:11 və nəhayət, 25:16… 23 dəqiqəyə sığan ssenari bundan ibarət oldu.
Beləliklə, tarixi şansı gerçəkləşdirmək üçün İsveçə yola saldığımız milli biabırçı oyun fonunda cəmi 63 dəqiqəyə darmadağın oldu. Əlbəttə, canlı yayınlanmayan bir oyunu izləyə bilmədiyimizdən konkret qənaətə gəlmək çətindi. Bununla belə, statistika hər şeyi deyir. Servislərdə, topun qəbulunda, blokda və hücumda rəqibdən aşkar geri qalmağımız belə acınacaqlı sonluğu şərtləndirdi. Təkcə bir maraqlı, əslində isə biabırçı məqama diqqət yetirək. Komandamızın liderlərindən Pərviz Səmədov qarşılaşmanı 7, Rəsul İbrahimov isə 6 xalla başa vurdu. Belə zəif məhsuldarlığın qarşılığı isə, təbii ki, məğlubiyyət olmalı idi.
Düzdü, yenilgiyə rəğmən, İsveç turnir cədvəlində yığmamızı qabaqlaya bilmədi, yəni komandalar əvvəlki mövqelərində qaldı. Bununla belə, qarşılaşmanı xalsız başa vurması millinin AÇ perspektivinə böyük ölçüdə ciddi zərbə vurdu. Cəlalovun komandasının şansları nəzərəçarpan dərəcədə azalsa da, digər qruplarda mübarizənin başa çatmasını gözləmək məcburiyyətindəyik. Bir daha xatırladaq ki, 7 qrupun qalibləri ilə yanaşı, ikincilər arasında ən yaxşı göstəriciyə malik 5 yığma da AÇ-nin final mərhələsində mübarizə aparmaq hüququna yiyələnəcək.
Dünən baş tutan digər oyunda Yunanıstan səfərdə Lüksemburqu 3:0 (25:20, 25:16, 25:21) hesabı ilə məğlub edib.
1. Yunanıstan 6 6 0 18-2 17
2. Azərbaycan 6 3 3 11-14 8
3. İsveç 6 2 4 10-13 8
4. Lüksemburq 6 1 5 7-17 3
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR