Aşağı yaş qrupları Nəriman Axundova tapşırıldı
AFFA qadınlar liqasının təşkili şöbəsinin rəisi Nəriman Axundova yeni vəzifə verib. O, U-21 də daxil olmaqla, aşağı yaş qrupları üzrə bütün yığmaların baş meneceri vəzifəsinə təyin olunub. Axundov artıq işinin icrasına başlayıb. Xatırladaq ki, bundan əvvəl əsas milli ilə yanaşı, aşağı yaş qrupları üzrə yığmaların da baş meneceri İslam Abbasov idi.
Yerdəyişmə ilə bağlı Abbasovun fikirlərini öyrənməyi lazım bildik: “Bir neçə il əvvəl də mən yalnız əsas millinin baş meneceri idim. Sonradan təklif olundu ki, əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üzrə millilərdə də eyni vəzifəni icra edim. Əsas yığmada işlərin çox olduğunu nəzərə alan rəhbərlik yenidən köhnə varianta qayıtmağı lazım bildi. Bu üzdən mən yenidən ancaq əsas yığmanın işləri ilə məşğul olacam. Axundov isə U-21 və başqa yaş qruplarında eyni vəzifəni icra edəcək”.
Fürsətdən istifadə edib İslam bəylə söhbətdə “Kəpəz”in də durumuna toxunduq. Xatırladaq ki, Abbasov eyni zamanda Gəncə təmsilçisinin Müşahidə Şurasının sədrinin müavini postunu tutur. O 2017-ci ildə Mikayıl Nərimanoğlunun yerinə həmin vəzifəyə təyin olunmuşdu. İslam bəy “sarı-göylər”in maaş problemindən xəbərdar olduğunu, tezliklə bu məsələyə əncam çəkiləcəyini bildirdi: “Sizə məlum səbəblərdən komanda üzvlərinə iki aydı əməkhaqqı ödənilməyib. Ötən ilin sonlarında rəhbərlik səviyyəsində istefalar olduğundan bu məsələ bir qədər yubandı. Tezliklə kluba yeni rəhbər, İdarə Heyətinin sədri seçiləcək ki, bundan sonra hər şey yoluna düşəcək”.
Ötən saylarımızın birində “Kəpəz”in avtobusunun olmamasını da xəbər vermişdik. Müşahidə Şurasının sabiq sədri Elmir Vəliyev postundan gedincə, özlərinə məxsus nəqliyyat vasitəsini də klubdan almağı lazım bilmişdi. Abbasov bu məsələnin artıq həll olunduğunu söylədi: “Avtobus məsələsi, demək olar ki, həll olunub. Komanda səfərə çıxanda və yaxud məşq üçün Şəmkirə, Göygölə yollananda icarəyə avtobus götürüləcək. Hazırda klubun büdcəsi komandaya ayrıca nəqliyyat vasitəsi almağa imkan vermir”.
RƏŞAD