“TRT Spor” “Sabah”ın düşərgəsinə baş çəkib
Hazırda Antalyada hazırlıq keçən iki klubumuzdan biri olan “Sabah” çalışmalarını gündə iki dəfə olmaqla davam etdirir. Marko Deviçin də kollektivə qoşulmasından sonra Elşad Əhmədovun narahatlığına son qoyulub. Deviçin gəlməsi ilə bir başqa futbolçunun düşərgəni tərk etməsi eyni ana təsadüf edib. Belə ki, dekabra qədər “Zaqlembe”nin şərəfini qoruyan və sınaqdan keçmək üçün “Sabah”ın sıralarına qoşulan Aleksandr Kristavao yanvarın 12-də keçiriləcək “Əskişəhərspor”la oyunu gözləmədən “Titanik”i tərk edib. Səbəb kimi ailə vəziyyətinə görə Azərbaycanda qala bilməyəcəyini göstərsə də, inandırıcı deyil. Ya başqa klubdan daha sərfəli və baxışa yollanmadan müqavilə bağlamaq təklifi alıb, ya da “Sabah”dakı durum onu razı salmayıb.
“Tələbələr”in kurort şəhərində hazırlıq keçməsi “TRT Spor” telekanalının əməkdaşlarının diqqətindən yayınmayıb. Belə ki, türkiyəli həmkarlarımız onların məşqinə baş çəkərək reportaj hazırlayıb, baş məşqçi Elşad Əhmədovla vaxtilə Türkiyədə legioner həyatı yaşamış Cavid İmamverdiyevdən müsahibə götürüblər.
Cavid demişkən, “Sabah”lılar yanvarın 8-də yığma üzvünün doğum gününü qeyd ediblər. 29 yaşını tamamlayan futbolçu üçün tort kəsilib, arzular səsləndirilib.
HƏBİB