
“Neftçi” qapalı məşq edir
“Neftçi”nin təlim-məşq toplanışının ilk mərhələsini Bakıda gerçəkləşdirdiyini bilirsiz. Paytaxt təmsilçisi Bakıxanovdakı Türk Hava Yolları Futbol Mərkəzində hazırlaşır. Ancaq baş məşqçi Roberto Bordinin göstərişinə əsasən istənilən an gedib “ağ-qaralar”ın məşqini izləmək mümkün deyil. Hazırlığı media nümayəndələrinin işıqlandırmasına icazə verilmir. Məşq prosesinə komandadan başqa heç kim buraxılmır. Lakin klub mətbuat üçün komandanın açıq məşqini təşkil etməyi düşünür. Düzdü, hələ ki bu haqda konkret qərar verilməyib. Sadəcə, Türkiyəyə yollanmazdan öncə belə bir məşqin reallaşacağı istisna olunmur.
Yeri gəlmişkən, srağagün "Neftçi”nin inzibati binasında AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin iştirakı ilə əsas komandanın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. Tədbirdə oyunçulara hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqda ətraflı məlumat verilib.
Bu arada "Neftçi" yeni sponsorla əməkdaşlığa başlayır. Bu gün saat 11.30-da tədbir olacaq. “Bakcell Arena”nın konfrans salonunda “Neftçi" ilə yeni sponsor arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçiriləcək. Sponsorun adı məhz tədbir zamanı açıqlanacaq. Hərçənd yeni sponsorun “Meqa Sığorta” olacağı da gələn xəbərlər arasındadı.
FARİZ