Ramin Quliyevin istefasından sonra 17 yaşadək futbolçulardan ibarət yığmanın yeni baş məşqçisi müəyyənləşib. Sportlife.az saytının məlumatına görə, AFFA rəhbərliyi bu postu Arif Əsədova tapşırmaq qərarına gəlib. Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı gözlənilir. Qeyd edək ki, Əsədovun sonuncu iş yeri “Sabah” olub. Maraqlıdı ki, adı çəkilən komanda elitaya yüksələndən sonra Əsədov klubdan ayrıldı. Arif bəyin yığma təcrübəsi də var. Belə ki, o, iki fərqli vaxtda U-19-un baş məşqçisi olub.
Dünən Arif Əsədovla əlaqə saxlayıb, informasiyanın nə qədər doğru olub-olmadığını soruşduq: “Xeyr, yığma mənə tapşırılmayıb. Belə bir təyinat olsa, AFFA məlumat yayar. Sayt bunu yazıb. Ancaq düzgün informasiya deyil. Özünüz bilirsiz ki, qərar verilir və federasiya da təyinatı açıqlayır. Belə bir fikrin olub-olmadığını deyə bilmərəm. Təklif olsa? Yoxdusa, bu suala necə cavab verim? Nəsə desəm, sanki özümü göstərmiş olaram. Odu ki, buna cavab verməyi doğru hesab etmirəm”.
FARİZ