“Kənardan baxıram, indiki vəziyyətdə futboldan uzaqlaşmaq günahdı”
Premyer-liqada klub sayının azalması, birinci divizionda da eyni halın müşayiət olunması, üstəgəl, limitin tətbiq edilməsi bir çox futbolçuların sevdiyi peşədən uzaq qalması ilə nəticələnib. Vaxtilə bu peşəyə könül verənlər indi Azərbaycan futbolunda yaşananları kənardan ürək ağrısı ilə izləyir. Kimlərsə futbol oynamağa klub tapmır, bəziləri, ümumiyyətlə, bu oyunun “daşını atıb”.
Belələrindən biri də Elnur Abdullayevdi. Vaxtilə ölkənin xoş perspektiv vəd edən gənclərindən sayılan, 16 illik karyerası ərzində “Turan”, “Neftçi”, “Olimpik-Şüvəlan”, “Muğan”, “Xəzər Lənəran”, “Simurq”, “İnter”, “Sumqayıt” kimi komandaların şərəfini qoruyan yarımmüdafiəçi xeyli vaxtdı qeybə çəkilib. Yaydan Elnurla bir neçə dəfə danışmağa cəhd etsək də, zəngləri və mesajları cavabsız qoyurdu. Nəhayət, dünən etdiyimiz zəng zamanı dəstəyi qaldırıb, bizi maraqlandıran suallara cavab verməklə bir növ ürəyini boşaltmış oldu.
- Haralardasan, nə işlə məşğulsan?
- Demək olar ki, heç nə. Formada qalmaq üçün fərdi məşqlər edirəm, bir də bekar qalmamaq üçün Alfa Liqa adlanan yarış var, orda çıxış edirəm.
- Hansı komandanın heyətindəsən?
- “Marafon”da. Həm də liqanın yığması var, orda da məşq edirəm.
- Çörəkpulu çıxır?
- Belə də, şükürlər olsun.
- Maaş nə qədərdi?
- Düşündüyünüz böyük pullar yoxdu. Dediyiniz kimi, çörəkpuludu.
- Mirhüseyn Seyidov da səninlə eyni komandadadı?
- Xeyr, Mirhüseyn “Uğur”dadı. Vaxtilə premyer-liqada oynayıb, bu gün kənarda qalanların, demək olar, hamısı Alfa Liqadadı.
- “Marafon”da səndən başqa kimlər var?
- Gərək sualı “kimlər yoxdu” şəklində qoyaydız (gülür). Tural Nərimanov, Hüseyn Axundov, Ruslan Poladov, Emin Mustafayev, Vitali Borisov. Futzaldan daha üç nəfər var. Sizə deyim ki, maraqlı çempionat gedir. Hazırda birinci pillədəyik, arxadan “Uğur” gəlir, o da yaxşı komandadı. Martdan sonra yarımfinal və final oyunları keçiriləcək. Əsl qırğın onda başlayacaq.
- Nə yaxşı hamı ora üz tutur? Sırf futbolsuz qalmamaq üçün, yoxsa qazanc da var?
- Əlbəttə, futbolsuz qalmamaq üçün. Öz aramızdı, kim premyer-liqanı qoyub, öz kefindən Alfa Liqada oynayar? Məcburiyyətdəndi. Bir müddət evdə oturdum, futbolsuz dəli olmuşdum, ürəyim partlayırdı. Heç kimə arzulamıram, həqiqətən çox ağırdı. Gözünü açandan – 8-10 yaşından yaşıl meydanlarda böyüyürsən və günlərin birində gücün olduğu halda kənarda qalırsan. Hər şeydən əvvəl adam kollektivə öyrəşib.
- Gələcək karyeranla bağlı nə düşünürsən?
- Mənim nəsə düşünməyimlə iş bitmir. Mənim düşünməyimə qalsa, oynamaq istəyirəm. Gərək istəyən ola, təklif gələ. Təklif olmayandan sonra gedib kiməsə “qurban olum, məni komandana götür” deyə bilmərəm. Kənardan baxıram, indiki vəziyyətdə futboldan uzaqlaşmaq günahdı. Bu çempionatda hələ bir neçə il oynamaq olar. 18 ildi peşəkar futboldayam, çıxış etdiyim əksər klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparıb. Yəni 18 ildi görə-görə gəlirəm. Və sizə açıq deyirəm, bu, tarixin ən zəif çempionatıdı. Hətta 90-cı illərdəki, şəraitsiz, pulsuz dönəmlərdəki birinciliklər indikindən güclü və maraqlı idi. Bir qram ajiotaj yoxdu. Allaha and olsun, kənarda qaldığıma görə demirəm. Oynasaydım da, bu sözü deyərdim.
- Əvvəl iddialı komandaların sayı çox idi, ən vacibi stadionlar azarkeşlərlə dolu olurdu. Əsas səbəb budu.
- Bir şeyi bilirəm, Azərbaycan futboluna marağı “Xəzər Lənkəran” gətirmişdi. “Xəzər Lənkəran” getdi, futbol da, maraq da getdi. Bu klub ölkə futbolunda olduqca vacib fiqur idi. Allah hamının köməyi olsun.
- Bu gün elitada sənə niyə yer yoxdu? “Qarabağ”, “Neftçi” və “Qəbələ”ni kənara qoyaq, bəs qalanları?
- “İnter”in ən pis vaxtlarında, yəni transferlərə qadağa qoyulan dönəmdə bir il iynə gücünə meydana çıxdım, mübarizə apardım. Meydanda canımı qoyurdum. Çünki çıxış yolumuz yox idi, ölümə getmək lazım olsa da, o vəziyyətdən çıxmalıydıq. Bunu hamı görürdü. Yəqin buna görə bu gün kənardayam. Həm də məni geri salan zədəm oldu.
- Bəlkə həmin zədəyə görə yaxın duran yoxdu?
- Hər zədə alan futbolçu karyerasını başa vurmalıdı? Zədəliyəmsə, liqada necə oynayıram? Yox, həqiqətən də zədəmə görə çəkinirlərsə, baxsınlar, 5-10 yerindən əməliyyat olunan neçə futbolçu premyer-liqada oynayır. Məncə, zədə söhbəti deyil.
- Əvvəl əcnəbi mütəxəssisləri əsas gətirib, gəlmələrin bizimkilərə inamsızlığından söz açırdıq. Bu gün, maşallah, demək olar, hamısı özümüzkülərdi. Amma yerli futbolçular yenə kənardadı. Ən azı “Sumqayıt”la “Keşlə”yə kömək edə biləcək gücdəsən.
- Mən kiminsə arxasınca danışan adam deyiləm. Belə şeyləri xoşlamıram. Ona görə də bu suala cavab verməkdə çətinlik çəkəcəm. Kim güvənir, kim güvənmir – Allah hamının canını sağ eləsin.
- Belə başa düşdüm ki, təklif gözləyirsən. Birdən nə indi, nə da yayda təklif oldu. Nə edəcəksən? Yəqin ki, məşqçiliyə başlayarsan...
- Bilirsiz, adamı yandıran nədi? 18 il can qoymuşam, futbol oynamışam, bir adam zəng vurub soruşmur ki, Elnur, hansı işi görə bilərsən, nə etmək istəyirsən, bizə necə kömək edə bilərsən? Şokdayam e, vallah. Sanki olmamışıq, oynamamışıq. Məni kənara qoyaq. Bu gün Alfa Liqadakı uşaqları görürəm, pis oluram, dözə bilmirəm, ürəyim ağrıyır. Yaxşı, deyək ki, mən oynadığımı oynamışam, gördüyümü görmüşəm. Bəs 21-22 yaşlı futbolçuların günahı nədi? 21 yaşlı futbolçu gəlir ki, mən burda oynamaq istəyirəm. Soruşuram, cavansan, nə var burda? Deyir, klub yoxdu, qıraqda qalmışam. Ay kişi, bizim 21 yaşımız olanda dağıdırdıq e. Təkliflərin əlindən günlərlə telefonlarımız bağlı qalırdı. Ötən mövsüm “Səbail”in əsas komandasında çıxış edən 22 yaşlı Pərviz Qaraxanov bu gün Alfa Liqada top dalınca qaçır. Bu necə ola bilər axı? Harda yazılıb, harda görünüb? Hələ mən sizə bir nəfərin adını çəkdim. Belələri, bilirsiz, nə qədərdi?
HƏBİB