Seyidovla Həşimovun taleyinə “Şüvəlan”la oyundan sonra aydınlıq gələcək
Təlim-məşq toplanışının birinci mərhələsini ölkə daxilində davam etdirən “Sumqayıt” dünən “Dalğa Arena”da iki məşqə çıxıb. Şəhərin eyniadlı komandası günün ilk yarısında fiziki, axşam isə toplu çalışmalara üstünlük verib. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, bugünlərdə Valeh Seyidovla Mirkamil Həşimovdan başqa “kimyaçılar”ın düşərgəsində baxışda olan futbolçu yoxdu. Məşqçilər korpusunun maraq dairəsində olan qürbətçi-oyunçularla danışıqlar davam edir. Və ən yaxşı halda onlar “ağ-göylər”in təklifini qəbul edəcəyi halda Türkiyədə təşkil olunacaq toplanışa qatılacaqlar. Rəşad bəy bizimlə söhbətdə qardaş ölkədə keçirilməsi planlaşdırılan yoxlama görüşlərindəki rəqiblər haqda da məlumat verdi: “Ötən sayınızda komandanın baş məşqçisi Ayxan Abbasovun fikirləri dərc olunmuşdu. Ayxan bəy də açıqlamasında sınaqçı-rəqiblərin adlarını söyləməkdə çətinlik çəkdiyini etiraf etmiş və bu oyunları təşkil edən şirkətin rəhbərliyindən rəsmi sənəd gözlədiyini bildirmişdi. Ola bilsin, bəziləri üçün bu məqam qaranlıq qalmışdı. Və həmin şəxslər “bu komanda olmasın, başqası olsun” düşüncəsi ilə bizi qınayıb. Fürsətdən istifadə edərək bir məqamı xatırlatmaq istəyirəm. Yoxlama görüşləri olmasına baxmayaraq, hər bir addım sənəd üzərində tənzimlənir. Beynəlxalq səviyyədə qəbul olunmuş qaydalara əsasən, hazırlıq dönəmində hansısa komanda ilə yoxlama görüşü keçirməyə razılıq verib, bunu rəsmi sənədlə təsdiqləyib sonradan fikirindən daşınırsansa, 5 min avro cərimə ödəməlisən. Beynəlxalq aləmdə belə qəbul olunub. Bu üzdən biz də yoxlama görüşlərini təşkil edən şirkətdən rəsmi sənəd tələb etmişik. Türkiyəyə yollanmamışdan öncə orda kimlərlə qarşılaşacağımızı bilmək istəyirik. Hər hansı rəqib bizi qane etməsə, indiki vəziyyətdə etirazımızı bildirə bilərik. Və həmin komandanın başqası ilə əvəz olunmasını görüşləri təşkil edən şirkətdən tələb etmək hüququmuz var. Bütün nüansları nəzərə alıb hər şeyin rəsmiyyət üzrərində olmasını istəyirik ki, qarşı tərəf də bunu nəzərə almaq məcburiyyətindədi. Böyük ehtimalla sabah (bu gün) bizə konkret cavab veriləcək. Hazırlığın ilk mərhələsinə gəlincə, Sumqayıtdakı meydanın ot örtüyünün hələ kövrək olması səbəbindən komanda “Dalğa Arena”da məşq edir. İlk 3 gündə məşqlər gündə bir dəfə idisə, dünəndən etibarən futbolçular hər gün iki dəfə meydana çıxır. Baxışda olan Valeh Seyidovla Mirkamil Həşimovun taleyinə “Şüvəlan”la oyundan sonra aydınlıq gələcək. Adını çəkdiklərim özlərini yaxşı tərəfdən göstərə bilsələr, komandaya cəlb olunacaqlar. Onu da bildirim ki, birinci divizion təmsilçisi ilə matç yanvarın 11-i, saat 14.00-da “Dalğa Arena” da başlayacaq. Həmin oyunun ardından futbolçulara birgünlük istirahət veriləcək və ertəsi komanda Türkiyəyə yollanacaq”.
“Sumqayıt”ın əsas komandası premyer-liqada qış fasiləsinə 6-cı pillədə yollansa da, əvəzedicilər birinci divizionda “qış çempionu” olmağı bacardı. Elbrus Məmmədovun baş məşqçisi olduğu kollektiv də mövsümün qalan hissəsinə hazırlığı bərpa edib. “Kimyaçılar”ın rəhbərliyi “ikincilər”ə də toplanış üçün şərait yaradıb. Bu haqda bilgini də Rəşad bəydən aldıq: “Sumqayıt-2”nin uğurları bir daha onu göstərir ki, klub rəhbərliyi nəinki əsas, əvəzedici və müxtəlif yaş qrupuları üzrə komandaların da çıxışını diqqət mərkəzində saxlayır. Bu gün “Sumqayıt-2”də çıxış edən futbolçuların bir çoxu sabah əsas komandanın özəyini təşkil edəcəklər. Bu üzdən klub prezidenti Riad Rəfiyev Elbrus müəllimin rəhbərlik etdiyi kollektivə də mövsümün ikinci yarısına normal hazırlaşmaq üçün şərait yaradıb. “İkincilər” toplanışın ikinci mərhələsini Sumqayıt Olimpiya Kompleksində keçirəcəklər. Komanda üzvləri kompleksdə 12 gün müddətində məskunlaşacaq ki, həmin arada onlara lazımi xidmət göstəriləcək. Əvəzedicilər fasilə dönəmində 5 yoxlama görüşü keçirməyi planlaşdırıb. Rəqiblərin adları hələ dəqiqləşməsə də, məşqçilər korpusu bu yöndə danışıqları davam etdirir”.
RƏŞAD