Sizin reklam burada

“Səbail” Yunuszadənin keçidini elan etdi

Title
“Səbail” Yunuszadənin keçidini elan etdi
Mövsümün ilk yarısını liderlər qrupunda başa vuran "Səbail" nədənsə fasilə dövrünün ən passiv kollektivlərindəndi. Düzdü, komanda, belə desək, “boyundan yuxarı tullanıb”, üstəlik, heyəti qoruya bilib. Yalnız Edqar Paçeko yola salınıb. Əvəzində heyətdə ciddi itkilər var. Eltun Yaqublu cari mövsümdə debüt edə bilməyib və dönüşü yubanacaq, İqor Korotetski də hələ xeyli müddət oynaya bilməyəcək. Ukraynalı cari mövsümün gedişində ağır zədələnərək Ankarada əməliyyat olunub. İqorun ön çarpaz bağları qırılıb. Bu zədə isə o deməkdi ki, ən azı 5-6 ay gözləməlisən. Yəni Korotetski ən yaxşı halda mövsümün sonunda sıraya dönə biləcək. Fəhmin Muradbəyli və Vüqar Bəybalayev də zədədən yeni dönüblər. Bir sözlə, zədə epidemiyası Aftandil Hacıyevi qayğılandrmaya bilməz. Hələlik isə bir transfer gerçəkləşdirilib. Bayıl təmsilçisi ilk transferini yanvarın 8-də reallaşdırıb. "Sabah"ın mərkəz müdafiəçisi Elvin Yunuszadə bundan sonra "Səbail"in formasını geyəcək. 26 yaşlı futbolçu yeni komandası ilə ilyarımlıq müqavilə imzalayıb.
Bu arada braziliyalı müdafiəçi Enrike Perilyo "Səbail"dən ayrılacağına işarə vurub. Kosta Rika mətbuatının məlumatına görə, qış fasiləsini səmərəli keçirən 27 yaşlı futbolçu həyat yoldaşı Vivian Kaposla bu ölkədə istirahət edib. Cütlük sosial şəbəkə vasitəsilə fotolar paylaşaraq, birlikdə xoşbəxt olduqlarını yazıb. Enrike fürsətdən istifadə edərək "Deportivo Saprissa"dakı keçmiş komanda yoldaşları ilə görüşüb. O, hətta karyerasını hansı ölkədə davam etdirəcəyini müəyyənləşdirmədiyini də vurğulayıb. "Sambaçı" "Səbail"dən ayrılaraq model həyat yoldaşı ilə birlikdə onun ölkəsi Kosta Rikada qalacağını istisna etməyib. Qeyd edək ki, Perilyonun "Səbail"lə müqaviləsinin müddəti bu ilin yayına qədərdi. O, paytaxt klubuna cari mövsümün əvvəlində "Deportivo Saprissa"dan keçib.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.