
Aqil Məmmədovun keçidi rəsmiləşdi
Xəbər verdiyimiz kimi, “Neftçi” dünən istirahəti başa vurub. Komandanın üzvləri məşqləri bərpa edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan ilin ilk hazırlıq prosesi fiziki və texniki çalışmaların yerinə yetirilməsi ilə başlayıb. Bu gündən etibarən gündə iki dəfə məşq edəcək “ağ-qaralar”ın Bakıdakı təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq.
Bu arada "Neftçi” gözlənilən transferi rəsmiləşdirib. Belə ki, "Qəbələ" ilə yollarını ayıran Aqil Məmmədov karyerasını paytaxt klubunda davam etdirəcək. “Çərçivə qoruyucusu” öncədən də deyildiyi kimi, ilyarımlıq müqaviləyə imza atıb. O, köhnə-yeni komandasında “30” nömrəli formanı geyəcək. Qeyd edək ki, indiyə qədər "Bakı”, AZAL və "Qəbələ”də çıxış edən Məmmədov 2015-16-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, əsas və 21 yaşadək futbolçulardan ibarət yığmamızın da üzvü olub.
Yanvarın 13-dən 27-dək Antalyanın Manavqat bölgəsində təlim-məşq toplanışında olacaq “Neftçi”nin sonuncu rəqibi də müəyyənləşib. “Ağ-qaralar” yanvarın 26-da Bolqarıstan “Beroe”si ilə münasibətləri aydınlaşdıracaq. Roberto Bordinin komandasının yanvarın 18-də "Qaz Metan” (Rumıniya), 23-də isə "Slovan” (Çexiya) ilə yoxlama oyunu keçirəcəyini də xatırladaq.
FARİZ