Sabiqlərdən Eddi daha çox “artırıb”
Mövsümün ilk yarısında ölkə xaricində top qovan futbolçularımızın hər turda nə ilə yadda qaldıqlarını müntəzəm şəkildə diqqətinizə çatdırmışıq. Təbii, həmin oyunçular klubunda ardıcıl şans qazandıqda, qol və məhsuldar ötürmə ilə fərqləndikdə sevinmişik, əks halda üzülmüşük. Təəssüf ki, legionerlərimizin heç də hamısı klubunda uğurlu karyera yaşamır. Xüsusən hazırda yığma üzvü olanların durumu bizi daha çox narahat edir. Onların klubunda şans qazanmaması, yaxşı mənada fərqlənməməsi millinin də çıxışına təsir edir. Vaxtilə yığmaya çağırılan, lakin uzun müddətdi dəvət almayanların da durumunu nəzərdən qaçırmırıq. Çünki hər an onları yenidən millinin formasında görmək ehtimalı var. Həmçinin U-21-in üzvləri haqda da eyni sözləri demək olar. Bəs görəsən, legionerlərimiz mövsümün ilk yarısını necə keçirdi? Kimlər qış fasiləsindən yararlanıb daha çox forma geyə biləcəyi kluba üz tutmalıdı?
Yığma üzvləri
Hazırda ölkə xaricindən milliyə dəvət alanların sayı 5-di: Dmitri Nazarov, Pavel Paşayev, Riçard Almeyda, Ramil Şeydayev, Rüfət Dadaşov. Bu futbolçular arasında durumu ən acınacaqlı olanı Şeydayevdi. Ümumiyyətlə, hücumçu yığmamızı seçəndən sonra işləri yolunda getmir. “Trabzonspor” və “Qarabağ”da uğursuz kareyra yaşayan forvard bu müddətdə az-çox “Jilina”da (Slovakiya) özünü göstərə bildi. Bu yay futbolun sirlərini öyrəndiyi Rusiyaya – “Krılya Sovetov”a üz tutsa da, Samara təmsilçisində, demək olar, şans qazanmır. Geridə qalan 16 çempionat oyununun 5-də meydana çıxıb ki, bu da cəmi 153 dəqiqə edir. Yalnız bir görüşdə 90 dəqiqə oynayan forvard qol hesabını aça bilməyib. Bir sözlə, vaxtilə rus mütəxəssislərin dilindən düşməyən Şeydayev hazırda ehtiyatda “çürüyür”. Elə yığmanın heyətində də yerini itirib.
Ölkədən kənarda müntəzəm şans qazanan tək-tük legionerərimizdən biri Paşayevdi. O, “Aleksandriya”nın əsas heyət üzvü sayılsa da, qış fasiləsi ərəfəsində zədələnməsi son matçlarda az oynamasına səbəb olub. Başqa bir tərəfdən "Aleksandriya"nın baş məşqçisi Vladimir Şaranın müdafiəçidə yorğunluq olduğunu, Pavelin mövsümlərarası fasilədə istirahət etmədiyi üçün futboldan "doyduğunu" deməsi, yığma üzvünün əvəzinə Stanislav Mikitseyi hazırladıqlarını söyləməsi heç də xoş məqamlar deyil.
Əvvəllər Nazarov da klubunda daim şans qazanırdı. Ancaq cari mövsüm vəziyyət o qədər də ürəkaçan deyil. Düzdü, o, 2-ci bundesliqanın geridə qalan 18 turundan 12-də meydanda olub. Ancaq yarımmüdafiəçi “Ertsgebirge”nin heyətində cəmi 1 görüşdə 90 dəqiqə oynayıb, 2 dəfə rəqib qapılarına yol tapıb. Kubokda isə 1 qarşılaşmada 70 dəqiqə mübarizə aparıb. Bu isə o deməkdi ki, Aue təmsilçisində Nazarova əvvəlki qədər güvənilmir.
Rüfət mövsümün əvvəlində parlaq çıxışı ilə diqqətləri üzərinə çəkə bildi. Onun 4 ildən sonra yığmaya çağırılmasında ictimai tələbin də rolu az olmadı. Doğrudu, mövsümün əvvəlində “Proyssen”in heyətində bütün oyunları 90 dəqiqə keçirmirdi. Lakin sonradan hər şey qaydasına düşdü və cari “futbol ili”ndə 17 qarşılaşmada (1179 dəqiqə) meydanda olub. Maraqlıdı ki, yığmaya dəvət alana qədər 6 dəfə rəqib qapılarına yol tapsa da, ondan sonra cəmi 1 dəfə fərqlənib. Hər halda, Almaniyada sayca 3-cü liqada çıxış etməsinə baxmayaraq, heyətdən kənarda qalmaq kimi problemi yoxdu.
Bir ildə iki çempionluq yaşayan Riçard isə “Astana”da pis-yaxşı çıxış edir. O həm Qazaxıstan çempionatında, həm də Avroliqa oyunlarında şans qazansa da, 90 dəqiqəlik oyunlarının sayı çox azdı. Çempionatda isə hesabında 1 qol var. Yeri gəlmişkən, Reynaldonun “Qarabağ”a transferindən sonra onun da “köhlən atlar”a dönəcəyi haqda informasiyalar yayıldı. Nə bilmək olar, bəlkə də bu qış fasiləsində Almeydanı yenidən Ağdam klubunun heyətində görəcəyik. Ancaq onun “Astana” ilə müqavilə müddətinin davam etdiyini də xatırladaq.
Sabiq yığma üzvləri
Eddi İsrafilov, Ufuk Budak, Dəniz Yılmaz, Vüqar Əsgərov... Artıq uzun müddətdi ki, bu futbolçuları millinin formasında görmürük. AFFA-nın Eddini yığmamızda oynamağa razı saldığı vaxtları xatırlayanda, istər-istəməz gülümsəməmək mümkün deyil. Əslində Eddi hazırda “Alkorkon”un əsas heyət üzvlərindən biridi. Cari mövsüm İspaniya sequndasında 14 (1137 dəqiqə), kubokda isə 2 oyunda (146 dəqiqə) meydanda olub. Çempionat matçında 1 dəfə fərqlənməyi də bacarıb. Bəlkə də onun bu göstəriciləri yenidən yığmaya yolunu aça bilər. Dəniz Yılmaz və Ufuk Budak isə Türkiyənin 1-ci liqasında top qovur. Yılmaz qış fasiləsi ərəfəsində “Gənclərbirliyi”nin heyətində daha çox şans qazanmağa başlayıb. Daha doğrusu, o, son oyunlarda meydanda heç də az görünmür. Çempionatdakı 12 matçda (505 dəqiqə) 2 dəfə rəqib qapılarına yol tapıb. Xatırladaq ki, Dəniz Robert Prosineçki ilə insident yaşadıqdan sonra millidən uzaq düşdü. Kubokda isə 1 matçda şans qazanıb. Ufuk “Boluspor”un formasında cari mövsüm 1-ci liqada 13 matçda (1170 dəqiqə) mübarizə aparıb. Müdafiəçi komandasının əsas heyət üzvüdü. Vüqarın yığma karyerası 3 oyunla məhdudlaşır. Onun şərəfini qoruduğu “Dauqavpils” mövsümü çempion kimi başa vurdu və Latviyada yüksək liqaya vəsiqə qazandı. Vüqar komandasının əsas heyət üzvü olmaqla yanaşı, həm də mövsümün bombardiri oldu. Əsgərov “yaz-payız” sistemi ilə keçirilən birincilikdə rəqib qapılarından 31 top keçirdi.
Başqaları
Qalan legionerlərimiz isə U-21-in üzvləridi. Bunlar Renat Dadaşov, Ozancan Kökcü, Fərid Nəbiyev, Ziya Əzizov və Murad Mahmudovdu. Yeri gəlmişkən, Renatın əsas yığmada da şans qazandığını qeyd etməliyik. Bundan başqa, Fəridin Çexiyadakı karyerasını da fərqləndirməliyik. Düzdü, o, “Slaviya”nın U-21 komandasının şərəfini qoruyur. Hər halda, mövsümün ilk yarısını 12 qolla başa vurması üstündən səssiz keçiləsi məqam deyil. Təbii, bu futbolçular üçün önəmli məsələ klubunda daim şans qazanmasıdı. Çünki onlar təkcə U-21-in yox, həm də əsas yığmanın gələcəyi sayılır. Elə əsas millinin üzvlərinin də müntəzəm şans qazanması vacib amildi. Odu ki, klubunda az oynayanlar bu qış fasiləsini boşa verməməli, ya məşqlərdəki çalışqanlığı ilə əsas heyət üzvünə çevrilməli, ya da daha çox oynayacağı komandaya üz tutmalıdı.
FARİZ