Sizin reklam burada

Yığma tarixi uğura bir addım da yaxınlaşdı

Baxış Sayı:843

Yığma tarixi uğura bir addım da yaxınlaşdı
Fərid Cəlalov: “İnanıram ki, qrup ikincisi kimi hədəfimizə çatacağıq”
AÇ-2019-un seçmə mərhələsi
5-ci tur
Azərbaycan – Lüksemburq 3:1 (25:18, 27:25, 21:25, 25:20)

Azərbaycan: Rəsul İbrahimov – 18, Pərviz Səmədov – 16, Vüqar Bayramov – 13, Dmitri Baranov – 7, Elmin Alışanov - 5, Aqil Ağazadə - 3, Andrey Vasilenko, Aleksey Çervyakov, Tural Həsənli, Kənan Allahverdiyev (l), Asif Əliyev, Emil Abdullayev (l), Vadim Kutukov, Cavid Süleymanov.
Baş məşqçi: Fərid Cəlalov.
Lüksemburq: Kamil Riçliki – 15, Kris Zudberq – 10, Stiv Ueber – 8, Mateya Qajin – 7, Yannik Erpeldinq – 6, Yan Lyuks – 5, Xuan Pablo Stuts – 3, Tim Laevaert – 1, Maks Funk – 1, Olivye de Castro (l), Maurisio van Landehem, Gilles Braas, Filip Glesener (l), Maks Kiffer.
Baş məşqçi: Diter Şoll.
Hakimlər: Vitali Parşin (Ukrayna), Stoyan Barev (Bolqarıstan).
5 yanvar. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 500 tamaşaçı.
Oyun vaxtı: 101 dəqiqə (23+29+24+25).
Dünya və Avropa çempionatlarının final mərhələsində dəfələrlə mübarizə aparan qadın yığmamızdan fərqli, kişilərdən ibarət milli heç vaxt boyundan yuxarı tullana bilməyib. Amma hazırda Fərid Cəlalovun rəhbərlik etdiyi komanda tarixi ilki gerçəkləşdirməyin astanasındadı. Voleybolçu kimi Çempionlar Liqasının qalibi olan bir komandanın - Almaniya təmsilçisi “Fridrixşaffen”in formasını geyməyə imkan tapan gənc mütəxəssis baş məşqçi kimi də adını qızıl hərflərlə voleybol tariximizə yazdırmağa çox yaxındı. Yanvarın 5-də Dərnəgül Voleybol Mərkəzində Lüksemburqla oyunda qazanılan vacib qələbə millini hədəfinə bir addım da yaxınlaşdırdı. Daha dəqiq desək, artıq bütün suallara İsveçlə səfərdə keçiriləcək qrupun son görüşündə aydınlıq gələcək.
Ötən il avqustun 18-də səfərdə baş tutan 2-ci turun oyununda Lüksemburqu 3:2 hesabı ilə üstələyən komandamız, təbii ki, bu qarşılaşmanın da favoriti sayılırdı. Azarkeşlərin də dəstəyi ilə inamlı təsir bağışlayan voleybolçularımız yalnız ilk texniki fasiləyə qədər rəqibin müqaviməti ilə üzləşsə də, sonradan ustalıq sözünü dedi. Rəqib baş məşqçinin qısa fasilə hüququndan yararlanması da yığmanı dayandırmadı. İbrahimov, Səmədov və Bayramovun effektli və dəqiq zərbələri rəqibin müqavimətini qırdı. Əlbəttə, hücumların mənqtiqli sonluqla tamamlanmasına görə oyun qurucusunun “oxunmayan” ötürmələrinin də rolunu qeyd etmək lazım gəlir. Uzun müddət yığmada və “Azərreyl”də Faiq Qarayevin köməkçisi olmuş mərhum Aleksandr Çervyakovun oğlu Aleksey pleymeyker kimi vəzifəsinin öhdəsindən məharətlə gəlirdi. Kapitanın və millinin ən təcrübəli oyunçusunun (35 yaşı var) zərgər dəqiqliyi ilə verdiyi ötürmələri dəqiq tamamlamaq heç də böyük ustalıq tələb etmirdi. Bunun nəticəsi kimi də yığma ilk seti hesabına yazdırmaqda çətinlik çəkmədi.
İkinci hissə isə qonaqların üstünlüyü şəraitində keçdi. Buna voleybolçularımızın servislərdə və müdafiədəki səhvləri də səbəb oldu. Rəqib bir ara hətta 3 top fərqi ilə üstünlük də yaxaladı. Amma setin sonlarında toparlanan yığma 27:25 hesabı ilə qalib gəldi.
Qonaqlar üçüncü setdə də diqtə edən tərəf idi. Az öncə qeyd etdiyimiz səhvlərə Çervyakovun komanda yoldaşlarını istənilən şəkildə zərbə mövqeyinə çıxara bilməməsi də əlavə olunmuşdu. Bunun məntiqi nəticəsi kimi də Şollun yetirmələri fərqi azaltmağa nail oldu. Rəqibin heyətində xüsusilə Riçliki tez-tez dəqiq zərbələrlə ön plana çıxırdı.
Əlbəttə, daha bir setin verilməsi planlara qətiyyən daxil deyildi. Belə olan halda yığma ən yaxşı halda 2 xal qazana bilərdi ki, bu da komandanın hədəfiylə uzlaşmırdı.
Voleybolçularımız bunun fərqinə vararaq döyüşə atılsa da, 4-cü set də qonaqların üstünlüyü ilə başladı - 5:2. Amma az sonra vəziyyəti dəyişmək mümkün oldu. Cəlalovun komandası hesabı bərabərləşdirmək və önə keçmək üçün heç də az enerji sərf etmədi. 4 topluq fərq yaxalayan yığma üzvləri sanki qələbənin qoxusunu hiss etmişdilər. Bu üzdən hər top uğrunda sonadək mübarizə aparan voleybolçularımız arzulanan 3 xalı 3:1 hesablı qələbə ilə qazandılar.
G qrupunun eyni gündə keçirilən digər oyununda Yunanıstan doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edərək, qrup birincisi kimi AÇ-nin final mərhələsinə vəsiqəni rəsmiləşdirdi.
1. Yunanıstan 5 5 0 15-2 14
2. Azərbaycan 5 3 2 11-11 8
3. İsveç 5 1 4 7-13 5
4. Lüksemburq 5 1 4 7-14 3
6-cı turun oyunları yanvarın 9-da reallaşacaq: Lüksemburq - Yunanıstan, İsveç - Azərbaycan. Qeyd edək ki, yığmamızın taleyüklü oyununu Roberto Borislə (İtaliya) İqor Provaznik (Slovakiya) idarə edəcək. Stokholmdakı “Eriksdalşallen” arenasında keçiriləcək qarşılaşma yerli vaxtla 17.00-da başlayacaq.
KƏNAN HƏSƏNOV

Maraqlıdı...
Qarşılaşmanı qadınlardan ibarət yığmanın sabiq baş məqşçisi, Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, qurumun baş katibi Elşən İsmayılov və başqa rəsmilər canlı izləyirdi.

Bilin ki...
Seçmə mərhələdə 26 yığma 7 qrupda mübarizə aparır. Yekunda 12 komanda - 7 qrupun qalibləri və qrup ikinciləri arasından ən yaxşı göstəriciyə malik 5 komanda AÇ-2019-un final mərhələsinə vəsiqə qazanacaq.

Reaksiyalar
Fərid Cəlalov: “Qrupumuzda yer alan komandaların hamısı güclüdü. Biz də zəif rəqib deyilik. Bir gün sonra İsveçə yollanırıq. Hazırda qrup ikicisiyik. Amma hər şey dəyişə bilər. Lüksemburq qrup sonuncusu olarsa, bu bizim ziyanımızadı. İnanıram ki, qrup ikincisi kimi hədəfimizə çatacağıq. Orta xətlə bağlı problemlərimiz var, iki oyunçumuz bu gün də müəyyən səbəblərdən heyətdə yer almamışdılar. Artıq çox az vaxt var. Bu üzdən İsveçə qarşı da bu heyətlə mübarizə aparacağıq”.
Rəsul İbrahimov: “Komanda yoldaşlarımı təbrik edirəm. Hər birimiz qələbə üçün əlimizdən gələni etdik. Çox sevincliyik, amma bizi daha bir oyun gözləyir. İnanıram ki, səfərdə də gözəl oyun göstərəcəyik. İsveç tanış rəqibdi. İndiyədək onlarla 3 dəfə qarşılaşmışıq. İki dəfə onlar, bir dəfə biz qalib gəlmişik. Qələbə üçün əlimizdən gələni edəcəyik”.
Kris Zudberq: “Azərbaycan millisi güclü komandadı. Fikrimcə, iki-üç oyunçunuz Avropanın güclü komandalarında oynaya bilər. Bura qələbə üçün gəlmişdik, amma uduzduq. Azərbaycan fiziki cəhətdən bizdən güclüdü. Məğlub olmaqla şansımızın 90 faizini itirdik. Azərbaycana isə uğurlar arzulayıram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR