İngilislərin 5 milyon avro ödəyəcəyi deyilir
Ötən sayımızda “Qarabağ”ın aparıcı futbolçularından biri sayılan Vild-Donald Geryenin İngiltərə klubunun maraq dairəsinə düşməsi haqda məlumat vermişdik. 2018-də karyerasının bəlkə də ən parlaq mövsümünü keçirən haitili müdafiəçinin əcnəbi klubların diqqətini çəkəcəyi gözlənilən idi.
Yazılanlara və irəli sürülən ehtimallara inansaq, Geryenin adı “Lester”in transfer siyahısındadı. Komandanın fransız çalışdırıcısı Klod Pyuelə “Qarabağ”ın “77 nömrə”si haqda məlumat verilib və baş məşqçi hazırda götür-qoy edir, namizədlər arasında ən layiqlisini seçməyə çalışır. Hər halda, bizdəki məlumat budu.
Haiti mətbuatı isə konkret faktlara söykənən xəbər yayıb. “Haiti Tempo”nun məlumatına görə, “Lester” yaxın günlərdə Geryeyə görə “Qarabağ”a müraciət edəcək. Danışıqlar müsbət yekunlaşsa, yəni tərəflər maliyyə şərtlərində ortaq dil tapsalar, futbolçu gələn həftə tibbi baxışdan keçmək üçün İngiltərəyə yollanacaq. “Haiti Tempo” transferin rəsmiləşməsi üçün “tülkülər”in “köhlən atlar”a 5 milyon avro ödəməyə hazır olduğunu da diqqətə çatdırıb.
Haitinin bir başqa nəşri – AFL də məsələyə biganə qalmayıb. Bu saytda çalışan həmkarlarımızın iddiasına görə, Geryeyə “elçi düşən” təkcə “Lester” deyil. Belə ki, İngiltərə premyer-liqasının bir başqa iştirakçısı “Brayton” rəhbərliyinin də eyni istəklə “Qarabağ”a məktub ünvanlayacağı deyilir. Siyahıda Türkiyə superliqasının iştirakçısı, İbrahim Şehiçin şərəfini qoruduğu “Ərzurumspor”da var.
Təbii, indiki məqamda yazılanlar “Qarabağ” rəhbərliyini düşünməyə vadar edir. Söhbət komandanın aparıcı legionerindən gedirsə, bu ən çox Qurban Qurbanovu narahat etməlidi. Üstəgəl, ortada 5 milyon avro faktı var. Hətta bu məbləğin yarısının yarısı da təmsilçimiz üçün ciddi qazanc hesab olunacaq. Di gəl ki, klubun baş meneceri Asif Əsgərov nağd olmayan məsələ haqda danışmağı məqsədəuyğun saymır: “Yazılanlarla tanışıq. Amma kimə və nəyə əsasən yazdıqlarını deyə bilmərəm. Gerye hazırda “Qarabağ”ın futbolçusudu. Onunla müqavilə müddəti 2019-un iyununa qədər nəzərdə tutulub. Amma sənəddə “+1” bəndi də var. O ki qaldı “Lester” söhbətinə, bu klubdan bizə nə şifahi, nə də yazılı müraciət olub. Elədə də adını çəkdiyiniz digər klublardan. Bundan sonra nə olacaq – onu zaman göstərəcək”.
Yeri gəlmişkən, ortaya çıxan məlum söhbətdən sonra Gerye “Lester”in “instaqram” səhifəsini izləyənlər arasına qoşulub. O, 2,5 milyon nəfərdən biridi. Lakin “tülkülər”in səhifəsinin izlədiyi 38 nəfərin arasında “Qarabağ”ın futbolçusu yoxdu.
“Qarabağ”ın vidalaşacağı ehtimal olunan futbolçular arasında Hannes Halldorsson, Con Delarj və İnnosent Emeqara olsa da, hələ ki onlarla bağlı qərar verilməyib. Klubla müqaviləsi olan futbolçularla rəhbərlik arasında Antalya toplanışında müzakirə aparılacaq. Danışıqlar tərəflərin istəyinə uyğun başa çatsa, bəzi əcnəbilərlə yollar ayrılacaq. Yeni transfer(lər)in kimliyi də təlim-məşq toplanışının gedişində bilinəcək.
Ağdamlıların polşalı müdafiəçisi Yakub Jezniçak isə vətənində badminton turnirinə qatılıb. 33 yaşlı futbolçu ölkədaxili turnirin qalibi olub. Fotosunu "instaqram" hesabında paylaşan Jezniçak "kolleksiyam üçün növbəti kubok" sözlərini yazıb.
HƏBİB