“Sumqayıt” divizion klubu ilə Mərdəkanda qarşılaşacaq
Yeni il tətilindən sonra “Sumqayıt” dünən “Dalğa Arena”da ilk məşqinə çıxıb. Bəribaşdan qeyd edək ki, hazırlıq mərhələsinin ilk günündə baş məşqçi Ayxan Abbasov, futbolçulardan isə Əfran İsmayılov, Arif Daşdəmirov, Atilla Yıldırım, Aleksey İsayev və Əli Babayev iştirak etməyib. Baş məşqçi və futbolçulardan Əfranla Arif Ümrə ziyarətində olduqlarından hazırlığa qatılmayıblarsa, Atilla, Aleksey və Əli rəhbərlikdən icazə aldıqlarından toplanışa bir gün gec, yəni bu gün qoşulacaqlar.
Ayxan bəyin yoxluğunda köməkçiləri Elnur Çodarovla Mehman Yunusov futbolçulara tapşırıqlar veriblər. Kollektiv əsasən fiziki təmrinlər üzərində çalışıb. “Ağ-göylər” bu gün də Mərdəkandakı arenada hazırlığı davam etdirəcək. Sadəcə, futbolçular fərqli vaxtda meydana çıxacaq. Dünən məşq saat 15.00-da başlayıbsa, qarşıdakı üç gündə 13.00-da baş tutacaq.
Ötən sayımızda “ağ-göylər”in Türkiyəyə yollanana qədər bir yoxlama görüşü keçirəcəyini, rəqibin isə birinci divizion təmsilçisi “Şüvəlan” olacağını bildirmişdik. Onu da qeyd etmişdik ki, görüşün hansı tarixdə və harda baş tutacağı məlum deyil. Artıq bu məsələyə də aydınlıq gəlib. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, Bakıətrafı qəsəbə təmsilçisi ilə matç yanvarın 11-də “Dalğa Arena”da gerçəkləşəcək. Qarşılaşmanın ertəsi “gənclik şəhəri”nin təmsilçisnin şərəfini qoruyan oyunçular birgünlük istirahətə buraxılacaq. Yanvarın 13-ü səhər saatlarında isə komanda toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.
RƏŞAD