“Atam zərgərdi, dolanışığımız yaxşı olub”
Bildiyiniz kimi, “Futbol+”in keçirdiyi ümummilli sorğunun qalibi - 2018-ci ilin ən yaxşı futbolçusu Mirabdulla Abbasovdu. Yeni il ərəfəsində “Neftçi”nin gənc forvardından sorğu ilə bağlı reaksiya öyrənəndə Ukraynada idi, dincəlirdi. Razılaşmışdıq ki, Bakıya qayıdandan sonra müsahibə verəcək. Bir neçə gün ötsə də, qrafiki sıx olan qaliblə söhbətimiz, nəhayət, dünən baş tutdu. Onunla uşaqlıq illərinə səyahət etdik, məktəb dövrünü xatırladıq, ailəsindən, qardaşı Mirsahibdən, Samir Abasovdan, Qurban Qurbanovdan, Kriştiano Ronaldodan – bir sözlə, bir adamı tanımaq üçün nə lazım gəlirsə, həmin mətləblərin hamısından danışdıq. Buyurun, “ilin futbolçusu”nu siz də yaxından tanıyın.
- İntizamlı, sakit, münaqişəyə meyilli olmayan birisən. Bu ailədən irəli gəlir, yoxsa özünün xarakterindən? Ümumiyyətlə, uşaqlığın necə keçib? Ailən mühafizəkardımı? Yəni sənə nələrisə qadağan ediblər, yoxsa hər istəyin yerinə yetirilib?
- Əvvəla onu deyim ki, ailədə elə iki uşağıq: Mirsahib və mən. Yaxşı dolanışığımız olub. Bu da atamın sənətindən irəli gəlir. Atam zərgərdi. Ciddi qayğımız olmayıb. Həm qardaşım, həm də mən bütün diqqətimizi məşqlərə cəmləmişik. Amma ailədə tərbiyə ön planda olub. Bu məsələyə ciddi diqqət yetirilib. Böyük-kiçik yeri bilmək, təkəbbürlü olmamaq kimi keyfiyyətlər aşılanıb bizə. Əlbəttə, əksər uşaqlar kimi biz də bəzən "sərhədləri aşmışıq”. Ancaq nadinclik əsasən iki qardaş münasibətimizdə özünü göstərirdi. Boş, mənasız şeylərə görə dalaşmışıq (gülür). Amma böyüdükdən, özümüzü dərk edəndən sonra o da qaydasına düşdü. Yeniyetməlik dövründən indiyə kimi heç dalaşmamışıq, əksinə çox mehriban davranmışıq. Yəqin ki, ümumilikdə uşaqlığımın sakit keçməsi xasiyyətimə də təsir edib.
- Adətən, futbolçular dərslərini yaxşı oxumur. Bəs sən? Hansı məktəbdə oxumusan?
- 160 saylı gimnaziyada təhsil almışam. Ancaq 11-ci sinfi 63 saylı orta məktəbdə başa vurmuşam. Dərslərim həmişə normal olub, aşağı siniflərdə yüksək qiymətlər almışam. Ancaq 8-9-da oxuyandan zəiflədim. Bu da təbiidi, çünki artıq seçimimi etmiş, əsas fikrimi futbola yönəltmişdim. Demək olar, həftənin bütün günlərində məşq və oyunlarda olurdum. Yuxarı siniflərdə qiymətlərim əsasən "3" və "4" olub, heç vaxt "2" almamışam (gülür). Allaha şükür edirəm və atama minnətdarlığımı bildirirəm ki, məni düzgün yola istiqamətləndirib. Məhz onun sayəsində bu gün həm futbolumu oynayıram, həm də ali təhsilliyəm. İdman Akademiyasını bitirmişəm.
- Sinif yoldaşların oyunlarına baxmağa gəlir?
- Stadiona gəlməsələr də, baxırlar, izləyirlər və hər bir uğuruma sevinirlər. Yazır və ya zəng vurub təbrik edirlər. Tez-tez olmasa da, ara-sıra görüşürük.
- Mütaliə ilə aran necədi? Boş vaxtın olanda kitab oxuyursan, yoxsa başqa hobbin var?
- Desəm ki, kitab həvəskarıyam, çoxlu kitab oxumuşam, yalan olar. Bəzi oxuduğum kitablar var, onlar da əsasən futbolçuların, məşqçilərin həyatı, iş metodları ilə bağlıdı. Məsələn, Kriştiano Ronaldoya, Mourinyoya aid kitablar oxumuşam. Mənimki əsasən kinolardı. Film izləməyi xoşlayıram. Amma ayrıca hobbim yoxdu.
- Gənc olmağına baxmayaraq, pis qazanmırsan. Qazancından hansısa xeyriyyə məqsədilə xərcləmisənmi? Məsələn, qocalar evinə baş çəkmək, ata-ana qayğısından məhrum olmuş kimsəsiz uşaqlara yardım etmək və s.
- Hər kəs belə məsələlərdə vicdanı qarşısında hesabat verməlidi. Bir şəxsin verdiyini başqası bilməməlidi. Bu barədə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, əlimdən gəldiyi qədər kömək etməyə, ehtiyacı olanlara yardım göstərməyə çalışıram. Yaxın ətrafımızda da belə insanlar var. Təbii ki, ilk növbədə yaxınlara əl tuturam.
- “Neftçi”də ən yaxın münasibətdə olduğun futbolçu kimdi?
- Komanda dediyiniz bir ailədi, hamı can deyib can eşitməlidi. Yoxsa meydanda da işlər yolunda getməz. Öz uşaqlarımızdan tutmuş legionerlərə qədər hamı ilə aram yaxşıdı, deyib-gülüb zarafatlaşırıq. Amma Rəhman Hacıyev və Namiq Ələsgərovla daha yaxınıq. Bu da təbiidi, çünki bir otaqda qalırıq (gülür). İkisinin də qızıl kimi xasiyyəti var.
- “Neftçi”nin aşağı yaş qruplarında Fəhmin Muradbəyli ilə tandem təşkil etmisən. Yenidən onunla bir yerdə oynamaq istərdin?
- Fəhminlə çox gözəl münasibətimimiz var. Dörd-beş il onunla hücumda birgə çıxış etmişik. 2007-ci ildə Tiflisdə turnirdə yaxşı oynamışdıq. 2008-də isə Donetskdə 2-ci yeri tutduq. Ən yaxşı hücum xətti kimi bizi fərqləndirdilər. Qismət olsa, əlbəttə, yenidən bir yerdə oynamaq istərdim. Onunla bir komandanın uğuru üçün çalışmaq mənim üçün çox xoş olardı. Fəhmin bacarıqlı, istedadlı futbolçudu.
- Karyeranda xüsusi rolu olan məşqçi kimdi?
- İndiyə qədər bir çox məşqçim olub. Uşaqlıqda futbolun sirlərini Roman Cəfərov və İslam Kərimovun rəhbərliyi altında öyrənmişəm. Futbola 5 yaşımdan başlamışam. Qardaşım Mirsahiblə eyni vaxtda başlamışıq, eyni komandada olmuşuq. Onda Roman müəllimin “Şəfa”da komandası var idi. “İnter” olana qədər orda qaldım, sonra “Neftçi”yə keçdim. Amma bunu deməsəm, olmaz: indiki səviyyəyə çatmağımda Samir Abasovun rolu danılmazdı. Məhz o məni kəşf etdi. İlk dəfə Samir müəllim məni mərkəz hücumçusu kimi oynatdı və orda özümü daha yaxşı tərəfdən göstərməyə başladım.
- Bəs Qurban Qurbanov? İlk dəfə onun rəhbərliyi altında millidə debüt etmisən. Qurbanovla ilk görüşündən yadında nə qalıb? Səncə, onun millidən göndərilməsi doğru qərar idi?
- Qurban müəllim güclü məşqçidi. Qısa müddət də olsa, onunla birgə işləmək mənim üçün xoş oldu. O ki qaldı millidən gedişinə, bəli, bu, çoxları kimi mənim üçün də gözlənilməz oldu. Amma bu haqda danışmaq istəmirəm. Peşəkar futbolçuyam, kimin rəhbərliyi altında olur-olsun, mənim işim çıxıb oyunumu göstərmək, əlimdən gələnin ən yaxşısını ortaya qoymaqdan ibarətdi. Bu nə dərəcədə alınacaq, onu zaman göstərəcək. Qurban müəllimə də “Qarabağ”da uğurlar arzulayıram. Ancaq “Neftçi”yə daha çoxunu arzu edirəm (gülür).
- Mirsahib, yoxsa Mirabdula - hansınız daha istedadlısız?
- Əlbəttə, Mirsahib. Qardaşım və məndən böyük olduğuna görə demirəm, amma o daha istedadlıdı. Tam səmimi deyirəm. Onda elə keyfiyyətlər var ki, onların məndə olmasını arzulayıram. Xüsusilə də driblinqini daha çox bəyənirəm. Mən də driblinq etməyə, bu zaman daha çox sürətimdən yararlanmağa çalışıram. O isə topla daha yaxşı davranır.
- Yenidən legioner həyatı yaşamaq istəmirsən? Özünü hansı ölkədə, hansı komandada görmək istərdin? Ümumiyyətlə, azarkeşlik etdiyin, fanatı olduğun komanda varmı?
- Əlbəttə, yaxşı təklif olsa, niyə istəməyim?! Azərbaycanı yad ölkədə təmsil etmək mənim üçün şərəf olar. Düzdü, Latviyada oynamışam, ancaq “Dauqavpils”də karyeram qısa çəkdi. Orda oynadığım müddət mənim üçün gözəl təcrübə oldu. Ora Orxan Qurbanlı ilə birlikdə getmişdik. Düzdü, "Dauqavpils" iddialı klub deyildi. Amma, demək olar, tam gənc və perspektivli futbolçulardan qurulmuşdu. Bir-iki nəfər yaşlı oyunçu vardı. O ki qaldı fanatı olduğum kluba, uşaqlıqdan “Real”ın azarkeşi olmuşam. Oyunlarını həmişə izləməyə çalışıram. Futbolçu kimi isə Ronaldonun heyranıyam.
- Ən böyük hədəfin, arzun nədi?
- Milli komanda ilə seçmə mərhələni adlamaq və “Neftçi” ilə bu il çempion olmaq.
MİRAĞA