
Vüqar Məmməd anlaşılmazlığa aydınlıq gətirdi
“Məsləhət bilsələr, işimdə qalıb bu komanda ilə yola davam edəcəm”
Ötən ilin son günlərində AFFA-nın saytında Samir Əliyevin U-19-a baş məşqçi təyin olunması ilə bağlı xəbər yerləşdirildi ki, bu da futbol ictimaiyyətində çaşqınlıq yaratdı. Hamını bir sual düşündürdü: bəs U-19-u elit mərhələyə çıxaran Vüqar Məmmədin taleyi necə olacaq? Düzdü, sonradan bəlli oldu ki, Ukraynada PRO kateqoriyası alan “Səbail”in sabiq baş məşqçisi 2001 doğumlu yeniyetmələrdən formalaşacaq U-19-a rəhbərlik edəcək. Həmin yığma isə 2019-cu ilin oktyabrında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Yəni bu ilin martında təşkil olunacaq elit mərhələdə də U-19-un “sükanı arxasında” Vüqar bəy olacaq. Ancaq yenə də assosiasiya rəhbərliyinin dekabrın sonlarında qəbul etdiyi qərar anlaşılmazdı. Birincisi, Vüqar bəyin rəhbərlik etdiyi millinin elit mərhələdə hansı nəticə qazanacağı məlum deyil. Bəlkə yığma bu raundu da uğurla başa vurub final mərhələsinə vəsiqə qazandı. Onda necə olacaq? İkincisi, Əliyevin təyinatının belə erkən açıqlanması da absurddu. Belə çıxır ki, hazırda AFFA U-19-un çalışdırcısı kimi həm Əliyevə, həm də Məmmədə maaş verəcək. Rəsmi sənəd üzərində hər ikisi U-19-un çalışdırıcısı kimi göstərilir.
Məsələ ilə bağlı U-19-un indikibaş məşqçisi Vüqar Məmmədin fikirlərini öyrənməyi lazım bildik: “Samir Əliyev Zaur Həşimovun rəhbərlik etdiyi millinin, yəni 2001 doğumlu futbolçulardan formalaşan komandanın baş məşqçisi təyin olunub. Həmin komanda ötən il də fəaliyyət göstərirdi. Mən isə martda keçiriləcək elit mərhələyə yüksələn U-19-un baş məşqçisiyəm. Raund başa çatandan sonra necə olacağını biləcəyik. Komanda uğurlu çıxış edib final mərhələsinə vəsiqə qazanacağı halda, hər şey AFFA rəhbərliyinin istəyindən asılı olacaq. Məsləhət bilsələr, işimdə qalıb bu komanda ilə yola davam edəcəm. İstəməsələr, yollarımızı ayırmalı olacağıq. Hazırda məni düşündürən komandamın martda keçiriləcək mərhələdə çıxışıdı. Bütün gücümüzü buna yönəltmişik”.
Futbol icimaiyyəti arasında gəzən söz-söhbətə inansaq, AFFA rəhbərliyi hansısa məşqçinin xidmətində maraqlı deyilsə, həmin mütəxəssis PRO kateqoriyası almağa imkan verən imtrahanlardan kəsilir. Vüqar Məmməd də məhz belələrindəndi. Vüqar bəy sonuncu kurslardan üzüağ çıxmağı bacarmayan iki məşqçidən biridi. Onunla birgə vaxtilə U-17-də baş məşqçinin köməkçisi olmuş Baba Əsgərov da arzuladığı kateqoriyanı ala bilməyib. Ancaq Məmməd bu fikirlə razılaşmadı: “Kimin nə deməyindən asılı olmayaraq, mən bu fikirlə razılaşmıram. İmtahanlardan sonra verdiyim cavabları bir-bir təhlil edib, harda səhvə yol verdiyimi özüm üçün müəyyənləşdirmişəm. Bunun mənim işimə heç bir aidiyyatı yoxdu. İmtahandan kəsilmək hələ heç nə demək deyil. Gələcəkdə yenidən kurslara qatılıb PRO kateqoriyasını ala bilərəm”.
RƏŞAD