
Beşi Bələyi, ikisi Laranı, biri Manavqatı seçib
Qış fasiləsində premyer-liqa təmsilçilərinin hamısının Türkiyədə toplanış keçəcəyini hələ ötən saylarımızın birində xəbər vermişdik. Qardaş ölkənin “turizm paytaxtı” kimi tanınan Antalya mülayim iqlimə, məşq etmək üçün yaradılan infrastruktura görə yanvar-fevral aylarında Avropa, Asiya klublarının böyük həvəslə üz tutduğu məkanlardan biridi. Bu üzdən klublar hazırlıq prosesində yoxlama oyunları keçirmək baxımından çətinləklə üzləşmir.
Bu yazıda klublarımızın üz tutacağı bölgələri vurğulayıb, hansı müddətə orda məskunlaşacaqlarını diqqətinizə çatdıracağıq.
Qarabağ
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 6-dan 27-dək Bələkdə toplanış keçəcək. Yeri gəlmişkən, əvvəlki illərdən fərqli 46 yaşlı mütəxəssis bu dəfə məkan seçimi zamanı dəyişiklik etmək qərarına gəlib. Belə ki, “köhlən atlar” ardıcıl 10 il Bələkdəki “IC Santai” otelini özlərinə “yuva” seçirdilərsə, 2019-da ünvan “Qloriya” stadionunun nəzdində fəaliyyət göstərən otel olacaq. Turizm sahəsində çalışan mütəxəssislərin fikrincə, “Qarabağ”ın yollanacağı məkan turstlər üçün, demək olar ki, maraqlı deyil. Nə dənizə çıxışı, nə də otel ərazisində başqa əyləncə məkanları var. “Qloriya” ancaq məşq etmək, toplanış keçmək üçün nəzərdə tutulub. Görünür, Qurban bəy futbolçularının diqqətinin yalnız hazırlığa yönəlməsi üçün məhz buranı seçib.
Neftçi
“Köhlən atlar”dan fərqli premyer-liqanın “qış çempionu” olan “ağ-qaralar” Türkiyəyə bir qədər gec yollanacaq. Roberto Bordinin yetirmələri yanvarın 6-da Bakıda bir araya gəlib, bir həftə paytaxtda hazırlıq keçdikdən sonra Manavqata yollanacaq. Yanvarın 13-27-si aralığında “Sense De Luxe” oteli “ağ-qaralar” üçün “ikinci ev” olacaq. Bu yerdə onu da bildirək ki, adını çəkdiyimiz otel bir neçə il ərzində daha bir elita təmsilçisi “Sumqayıt” üçün doğma məkana çevrilmişdi. “Kimyaçılar”ın sabiq prezidenti Kamran Quliyevlə idman direktoru Ceyhun Sultanovun ötən il paytaxt təmsilçisində eyni vəzifəyə təyin olunması, görünür, məkan seçimi zamanı özünü göstərib. Həm Quliyev, həm də Sultanov bir neçə il üz tutduqları bölgənin müsbət və mənfi tərəflərini yaxşı bilir.
Səbail
Fasiləyə 3-cü pillədə yollanan “dənizçilər” ötən il olduğu kimi, bu dəfə də Laraya yollanmağı lazım bilib. Yanvarın 12-də Türkiyəyə yollanacaq kollektiv 13 gün, daha dəqiq desək, yanvarın 25-nə kimi “Miracle” otelində “lövbər salacaq”.
Qəbələ
Bölgə təmsilçisinin toplanış üçün seçdiyi məkan bir daha göstərir ki, ötən illərlə müqayisədə “qırmızı-qaralar”ın büdcəsində azalma var. Yuri Syominin, Roman Qriqorçukun baş məşqçi olduğu dönəmdə Bələyin aparıcı otellərindən sayılan “Gloria Serenity” “şimallılar”a qucaq açırdısa, bu dəfə Sənan Qurbanov və rəhbərlik etdiyi kollektiv yanvarın 13-dən 27-dək ortabab otellər siyahısında yer alan “Trendy Lara”da qalacaq.
Sabah
Elitanın debütantı ölkə klubları arasında qardaş ölkəyə ən tez yola düşənlərdən oldu. “Tələbələr” üç həftə - yanvarın 2-21-i aralığında Lara bölgəsində yerləşən “Titanik” otelində məskunlaşacaq.
Sumqayıt
“Qarabağ”ın imtina etdiyi “İC Santai” bu qış “kimyaçılar” üçün “laboratoriya” olacaq. Ola bilsin, “ağ-göylər”in baş məşqçisi Ayxan Abbasov hələ “köhlən atlar”ın oyunçusu olduğu illərdə Bələkdəki bu oteli bəyənib və bu üzdən rəhbərlikdən məhz oranı seçməyni istəyib.
Keşlə
Ölkə kubokunun son qalibi də toplanış üçün tanış məkan seçib. Tərlan Əhmədov yetirmələrini iki il əvvəl komandanın məskunlaşdığı “Kaya Riu” otelinə aparmağı lazım bilib. Xatırladaq ki, otel Bələkdə yerləşir. Düşərgəsində əsaslı dəyişikliklərin olacağı gözlənilən “qırmızı-ağlar”ın toplanışı iki həftə - yanvarın 12-dən 26-na kimi davam edəcək.
Zirə
Ötən illərdə Маnavqata üz tutan “qartallar” da bu il ünvanı dəyişməyi lazım bilib. Bakıətrafı qəsəbə təmsilçisi Bələkdə yerləşən “Alva Donna” otelini seçib. Ötən qışda bu məkanda “Neftçi” hazırlıq keçmişdi.
Siyahıdan da göründüyü kimi, premyer-liqa klublarından 5-i təlim-məşq toplanışı üçün Bələyi, 2-si Laranı, yalnız “Neftçi” Manavqatı seçib.
RƏŞAD