Delarjı isə “Ərzurumspor” istəyir
Son 5 ilin ölkə çempionu, eyni zamanda avrokubokların qrup mərhələsinin daimi iştirakçısı “Qarabağ”ın oyunçuları hələ də dincəlir. “Köhlən atlar”ın istirahət müddəti yanvarın 5-də başa çatacaq ki, komanda üzvləri ertəsi Bakıda bir araya gəlib Antalyaya yola düşəcək. Bakı - Antalya reysi ilə havaya qalxanlar arasında yalnız yerli futbolçular olacaq. Əcnəbilər Türkiyəyə birbaşa öz ölkələrindən uçacaqlar. Ardıcıl 10 il “İC Santai”da məskunlaşan ağdamlılar bu dəfə “Gloria Sport”da qalacaqlar.
Qurban Qurbanov fasilə müddətində 5 yoldaşlıq görüşünün keçirilməsində maraqlı olduğunu bildirəndən sonra rəqib axtarışı başlayıb və artıq adlar bəllidi. “Qarabağ” yanvarın 12-də Rumıniya “Botoşani”si, 16-da Özbəkistan “Paxtakor”u, 19-da Çexiya “Bohemians”ı, 23-də Polşa “Pyast”ı, 26-da isə Ukrayna “Şaxtyor”u ilə qarşılaşacaq. Komanda üzvləri yanvarın 27-də Bakıya qayıdıb “Neftçi”ylə çempionat matçına hazırlaşacaq.
“Köhlən atlar” hələ ki yalnız Reynaldonun keçidini rəsmiləşdirməyə nail olub. Riçard Almeydanın “Astana”nı “Qarabağ”a dəyişəcəyi haqda söylənilənlər isə rəsmi təsdiqini tapmayıb. Qazaxıstan mətbuatının iddiasına görə, bu baş versə belə, ağdamlılar qarşı tərəfə müəyyən məbləğ ödəməlidi. Roman Qriqorçukun “Astana”dakı fəaliyyətini bərpa etməsindən sonra Riçardın yenidən Azərbaycana qayıtması çətin görünür. Belədə “Qarabağ” transfer siyahısında olan digər namizədlərin adlarını gözdən keçirməli olacaq.
“Qarabağ”ı tərk edəcəyi real görünən Con Delarjın özü və agenti hazırda klub axtarmaqla məşğuldu. Ötən mövsüm Türkiyə superliqasında “Bursaspor”un əsas heyət üzvlərindən sayılan konqolu yarımmüdafiəçi Azərbaycanda ümidləri doğrultmadığından, karyerasını başqa klubda davam etdirməkdə maraqlıdı. Ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən “28 nömrə”nin gedişinə nə Qurban Qurbanov qarşıdı, nə də klub rəhbərliyi. Türkiyə mətbuatında yazılanlara inansaq, Delarjı heyətində görmək istəyən klublardan biri “Ərzurumspor”du. İbrahim Şehiçin də heyətində yer aldığı superliqa təmsilçisinin Cona görə Azərbaycan çempionuna müraciət edəcəyi inandırıcı görünmür. Ərzurumlular futbolçunu azad agent kimi almaq istəyir ki, buna görə Delarj “Qarabağ”la yolları qarşılıqlı razılıq əsasında ayırmalıdı.
Avrokuboklarda sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Vild-Donald Geryenin təkliflər içində “üzəcəyi” gün kimi aydın idi. Avropalıların maraq dairəsinə düşən haitili müdafiəçi ilə maraqlananlar arasında İngiltərə premyer-liqasının təmsilçisi də var. Bu, 2015/16 mövsümündə İngiltərə çempionu adını qazanmış “Lester”di. Geryenin fransız dostları “tülkülər”in fransız baş məşqçisi Klod Pyuelə Haiti yığmasının üzvü haqda bilgi verəndən sonra 57 yaşlı mütəxəssis “Qarabağ”lı haqda məlumat toplamağa başlayıb. “Lester”də sol cinah müdafiəçisi mövqeyində Avstriya yığmasından tanıdığımız Kristian Fuxs çıxış edir ki, Geryeni apreldə 33 yaşı tamam olacaq futbolçuya əvəzləyici kimi almaq istəyirlər. Bəli, məhz almaq. “Qarabağ”lının klubla yaya qədər müqaviləsi var deyə, təmsilçimiz onun keçidindən pul qazanmaq marağını gizlətməyəcək. İngiltərə təmsilçisinin yaxın günlərdə ağdamlılara rəsmi təklif göndərəcəyi deyilir.
“Qarabağ”la bağlı xəbərlər bitmək bilmir. Növbəti məlumat Qara Qarayevdəndi. Yox, onu heyətində görmək istəyən yoxdu, özü də harasa getmək niyyətində deyil. İndiki komandasında durum ürəyincədi. Belə ki, yığma üzvü ilin son günlərində Ümrə ziyarətinə yollanıb. Ötən il Bədavi Hüseynovla Arif Daşdəmirovun müqəddəs səfərinin davamını bu dəfə Qara gətirib. Xatırlayırsızsa, futbolçu bir müddət öncə, yəni qış ayında başındakı saçlardan tam azad olmaqla diqqəti üzərinə çəkmişdi. Sən demə, keçəlləşmə qərarı Ümrə ziyarətinə görəymiş...
HƏBİB