Oğlu Böyükağa Hacıyevin qəbrinin üstünə gedə bilmir
Yusif və Rüstəm Hacıyevlər. Böyükağa Hacıyevin hər fürsətdə adını çəkdiyi oğulları. Münasibətimiz yetərincə yaxşı idi deyə, bəzən söhbət and içmək həddinə çatanda Allah və ya Quran adları çəkməzdi, “Rüstəmin, Yusifin canı” deyərdi. İndi istəməsin, çox istəyirdi hər ikisini.
Övladları da ataya eyni münasibəti göstərir, ata kimi hörmətini saxlayırdılar. Amma bir məsələdə ondan incik düşmüşdülər ki, bundan çoxları xəbərsizdi. Dağ boyda kişinin birdən-birə xəstəliyə düçar olması da hər birimizə qaranlıq qaldı. Eyni zamanda övladları ilə söhbətləri, tövsiyələri və vəsiyyəti. Rəhmətliyin kiçik oğlu Rüstəmlə çay süfrəsi arxasında üzbəüz oturub az sonra oxuyacağınız sualları verib, cavabları eşitmək hər nə qədər ağır olsa da, peşə borcum olduğundan baş redaktorun məlum müsahibə tapşırığına “yox” deyə bilməzdim. Rüstəm də sağ olsun, söhbətin əvvəlində səmimi olmaqla bağlı xahişimi yerə salmayıb yaşananları olduğu kimi xatırladı, nəql etdi.
“Elə bilirəm, nə vaxtsa “ata” yazılan nömrədən zəng, ya da mesaj gələcək”
- Rəhmətliyin yeri görünür?
- Əlbəttə.
- Əsasən hansı məqamlarda, hansı anlarda?
- Bütün anlarda. Dost-qardaş dediyin adamın qəlbində yeri necə olursa, Böyükağa Hacıyevin yeri də elədi. O təkcə atamız deyildi. Həm də həyatda ən yaxın dostumuz idi. Hətta deyərdim ki, atadan çox dost hesab edirdik onu özümüzə. Nə dərdimiz, problemimiz olurdusa, rəhmətliklə məsləhətləşirdik, götür-qoy edirdik.
- Qəbir üstünə tez-tez gedib-gəlirsən?
- Demək olar getmirəm.
- Niyə?
- (kövrəlir) Ölümünü qəbul edə bilmirəm. Dünyadan köçdüyünü gözlərimlə görmək istəmirəm.
- Telefon nömrəsini silmisən?
- Xeyr, qalır (telefonundakı kitabçada “ata” yazılan nömrəni göstərir – H.).
- Niyə saxlamısan?
- Niyə silim ki?! Əlim gəlmir silməyə. Elə bilirəm, nə vaxtsa “ata” yazılan nömrədən zəng, ya da mesaj gələcək (davam edə bilmir deyə, söhbətə 2-3 dəqiqə fasilə verirəm – H.).
- Dost-tanışdan əvvəlki hörməti, diqqəti görürsən?
- Dost-tanış kimi deyirsiz? Öz dostlarımı, yoxsa futbol ictimaiyyətindəki tanışları?
- Deyək ki, futbol ictimaiyyətindəkilər...
- Uşaqlıqdan birgə böyüdüyüm, illərdi çörək kəsdiyim insanlar bu günə kimi yanımdadı. Amma futboldan atama görə tanıdıqlarım çox dəyişib, çox. Kim ki, məni Böyükağa Hacıyevə görə tanıyıb, hörmət qoyurdu, onlar indi uzaq gəzir.
- Məsələn, necə olublar?
- Əvvəlki münasibət deyil. Soyuqluq hiss edirəm. İnsanlar var idi ki, 10-15 metrdən görəndə yaxınlaşıb əl sıxırdı, bağrına basırdı, hal-əhval tuturdu. İindi uzaqdan-uzağa baş yelləməklə salam verirlər. Həyatdı da...
- Bəs ölümündən sonra maraqlanan, hansısa mənada kömək göstərənlər necə?
- Həyat təkcə pis adamlardan ibarət deyil. Əlbəttə, yaxşılar da var. Rövnəq Abdullayev, Sadıq Sadıqov, Qurban Qurbanov, “Neftçi”dən Kamran Quliyevlə Ceyhun Sultanov, Vaqif Sadıqov, Mirhüseyn Seyidov, Ruslan Abışov... Bu insanların hər biri bizimlə maraqlanır, bəzən kömək əlini uzadır. Allah onlara cansağlığı versin.
- Ölüm ayağında olanda nə vəsiyyət etdi, nə deyirdi?
- Rəhmətə getməmişdən əvvəl vəziyyəti yaxşı deyildi. Ona görə də nədənsə danışmırdıq. Amma uşaqlıqdan bizə içkidən, pis vərdişlərdən uzaq olmağı tapşırırdı. Deyirdi ki, istəmərəm oğullarımın adı o cür şeylərdə hallansın, kimsə mənə nəsə desin.
“Neftçi”də işlədiyi ən gözəl illərdə bizdən çox o biri qadına və uşaqlara etdi”
- Özü içmirdi?
- Qədərində içirdi. Yıxılmadan, kiməsə artıq söz demədən. Toyda, məclisdə yanındakı yoldaşlarının xətrinə badə qaldırardı. Evdə təkbaşına içsin, yaxud kiməsə içki içməyə getməyi təklif etsin – belə hallar olmurdu. Belə deyim, içki məclislərinin adamı deyildi. Bir dəfə də onu sərxoş görməmişəm. Kefi kök olurdu, deyib-gülürdü. Son 7-8 ildə ağzına, ümumiyyətlə, spirtli içki dəymirdi. Hə, bir də onu deyirdi ki, xəbərinizi polis bölmələrindən eşitmək istəmirəm.
- Sözü üzə deyən idi, kiminsə qarşısında əyilməyi xoşlamırdı, haqqını tələb etməyi bacarırdı. Sizə də bu keyfiyyətləri daşımağı məsləhət görürdü?
- Mərd kişi idi, həmişə başı dik gəzirdi. Tapşırmışdı ki, kimsə sizə “kimsən” sualını versə, çəkinmədən “Böyükağa Hacıyevin oğluyam” deyin. Öz xasiyyəti, kişiliyi ilə fəxr edirdi həmişə.
- Yaxşı cəhətlərini sadaladın. Bəs oğul kimi səni qane etməyən xüsusiyyətləri hansılar idi?
- Tək mənim yox, anamın və qardaşımın da illərlə narazılığına səbəb olan bir cəhəti var idi. Bu haqda danışmaq nə dərəcədə düzgün olar – bilmirəm. Nə demək istədiyimi özün bilirsən.
- Mən bilirəm. Amma əvvəldən razılaşdıq ki, cavablar zamanı səmimiliyini qoruyacaqsan...
- İkinci dəfə ailə qurması. Ailə qurmaq deməyim. Başqa qadınla yaşaması. Son 10-12 ili bizdən ayrı bir nəfərlə yaşadı. Bunu heç cür qəbul edə bilmirdik, heç kim də edə bilməz. Ölən gününə qədər bunu qəbul etmədik. Hətta xəstəxanada yatdığı günlərdə orda bizdən başqa da adam var idi. Həmin qadın...
- Bu barədə özünə heç nə demirdiz? Cavabı nə olurdu?
- Mən onun oğluyam. Hər nə qədər dost olsaq da, belə məsələlərdə dərinə gedə bilmirdim. Nələrisə eşitdirirdim və dolayı yolla cavabımı alırdım. Sadəcə, hər şeyi çılpaqlığı ilə danışmaq mümkün deyildi. Amma özü də yaxşı bilirdi ki, hamımız bundan narazıyıq, bizə xoş deyil. Gözünün qarşısını tor kəsmişdi, heç kimi görmürdü, öz bildiyini edirdi. “Neftçi”də işlədiyi ən gözəl illərdə bizdən çox o biri qadına və uşaqlara etdi.
- Sizə heç nə etmədi?
- Böyük qardaşım Yusifə lazım olan şəraiti yaratdı. Qardaşımdı, halal-halal xoşu olsun. Ev aldı, toyunu etdi. O biri qadına və uşaqlara bizə etdiyindən 100 qat artığını etdi.
- O biri qadından da iki övladı var, biri qızdı, o biri oğlan. Rəhmətə getməmişdən əvvəl nə vaxtsa o uşaqlardan göz-qulaq olmağı tapşırırdı?
- Atam bir dəfə də olsun, o uşaqların adını bizim yanımızda çəkmədi. Və heç vaxt onlara sahib çıxmağı tapşırmadı. Biz hər şeydən xəbərdar idik və özü də bunu bilirdi. Ancaq o mövzuda heç nə demirdi, gələcək üçün tövsiyə vermirdi.
- Siz özünüz necə, o uşaqları qəbul edə bilmirsiz? Axı Boyükağa Hacıyevin övladları sayılır. Həm də bu işdə uşaqlar günahsızdı.
- Uşaqların günahı var, ya yox – biz onları qəbul etmirik, etməyəcəyik də. Böyükağa Hacıyevin bir həyat yoldaşı var – anam və iki uşağı. Biri Yusifdi, o biri də mən, yəni Rüstəm. Və hamı da bu cür bilir, bu cür qəbul edir. Bizi o qədər çox istəyirdi ki, o uşaqların adlarını yanımızda çəkməyi özünə sığışdırmırdı. Son illəri bizdən ayrı yaşadı, o biri ailəsinin yanında. Bəzən görüşmək üçün qaldıqları yerə gedirdim. Həyətdə oturub atamla söhbət edirdim, uşaqlar da bir az aralıda oynayırdı. Uşaqlardan hansısa biri yaxınlaşıb atama nəsə demək istəyəndə, onları mənim yanımdan uzaqlaşdırırdı. Mənim yanımda kimsə ona “ata”, yaxud “papa” deyə bilməzdi. Bunu nə özü qəbul edirdi, nə də mən.
“Bəlkə də indiyə qədər qəbirdaşını qoymuşduq”
- İşsiz vaxtlarında xeyli borc yığmışdı üstünə. Borclu olduqlarından qaçırdı, telefonları bağlı saxlayırdı. Rəhmətə gedəndən sonra borca görə sizə müraciət edənlər oldu?
- Xeyr. Bu barədə nə mənə söz deyən olub, nə də Yusifə. Bildiyimə görə, ölümünə yaxın borcu qalmamışdı. Hər halda, mən belə bilirdim.
- Rəhmətə gedəndən sonra evdə pulu qaldı? Belə deyim, ölüm günü üçün kənara 3-5 manat qoymuşdu?
- 5 yox, heç 1 manat da qoymamışdı. Bizə heç nə qalmadı. Qalmışdısa belə, o biri tərəfdə olardı, bizdə yox. Dediyim kimi, bizimlə yaşamırdı. Pul olmasa da, dəyəri böyük pullarla ölçülən nələrsə qaldı onlara.
- Vəfat edəndə bütün xərclərin AFFA rəhbərliyinin qarşıladığını bilirəm. Assosiasiya yaxın durmasaydı, o vəziyyətdən çıxmaq üçün maddi imkanınız var idi?
- (gözlərini bir nöqtəyə zilləyib fasilə verir – H.) Xeyr. Çox çətin duruma düşəcəkdik, bəlkə də biabırçılıq olacaqdı. Tək dəfn və yas mərasimlərinin yox, müalicəsinin xərclərini də AFFA rəhbərliyi çəkdi. Fürsətdən istifadə edib başda Rövnəq Abdullayev olmaqla bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm.
- Martda ölümünün bir ili tamam olacaq ki, qəbrinin üstünün götürülməsi vacibdi. İcraiyyə Komitəsinin bu ayın əvvəlindəki iclasında məlum məsələ müzakirəyə çıxarıldı və ailə üzvlərinin imkanı olmadığına görə xərcin AFFA tərəfindən qarşılanacağına dair göstəriş verildi. Bu sizin xahişiniz idi?
- Allah canına sağlıq versin, Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü olan Vaqif Sadıqovla, demək olar, hər həftə danışıram. Atamın ən yaxın dostlarından biri idi. Onu özümüzə əmi gözündə görürük. Bir müddət əvvəl bu haqda danışanda Vaqif müəllimə fikirlərimi çatdırdım, bəzi sözlər dedim. Görünür, bu səbəbdən komitənin iclasında bu haqda danışıb.
- Yusiflə köməkləşib qəbrin üstünü götürməyin öhdəsindən özünüz gəlsəydiz, daha xoş olmazdımı? Kişinin ruhu da şad olardı, məncə.
- Elə bilirsiz, belə istəyimiz yoxdu, olmayıb? Hansı övlad istəyər ki, atasının dəfninin bütün xərcini AFFA çəksin? Əlbəttə, bizə də xoş olardı. Amma ailəmizin hazırki durumundan yəqin ki, xəbəriniz yoxdu. Atam rəhmətə gedəndən sonra anam xəstəxanada yatdı, ürəyinə stend qoyuldu. Bu gün də dərmanlarla yaşayır. Biz də yüksək maaşlı işdə işləmirik ki, hamısını çatdıraq. Anam belə olmasaydı, köməkləşib nəsə etmək olardı. Bəlkə də indiyə qədər qəbirdaşını qoymuşduq.
“Axşam saat 7 idi, mənə deyirdi, səhərin gözü açılmamış nə olub, niyə gəlmisən?”
- Dünyasının dəyişəcəyini nə vaxtdan hiss etməyə başladın?
- Xəstəxanaya düşməmişdən iki ay əvvəl. Bəzən işdən çıxıb AFFA-ya gedirdim. Otağına baş çəkirdim, söhbətləşirdik. Əlini sıxıb görüşürdüm, baxırdım ki, tir-tir əsir. Heç yadımdan çıxmaz, bir dəfə işdən çıxıb onlarla yaşadığı binanın həyətinə getmişdim, zəng vurdum ki, aşağı düşsün, üzünü görüm. Axşam saat 7 idi, mənə deyirdi, səhərin gözü açılmamış nə olub, niyə gəlmisən? Onda bilirdim ki, çox çəkməyəcək. Gəlib anama deyirdim, evdə ağlaşma olurdu.
- Səncə, xəstəliyə tutulmasına nə səbəb oldu? Kifayət qədər enerjili idi, danışıb-gülən, zarafatından qalmayan. Alın yazısı kimi qəbul edirsən?
- Alın yazısını qəfil ölüm zamanı qəbul etmək olar. Allah göstərməsin, hansısa hadisə yaşanır və dünyadan köçürsən. Atamın xəstəliyi ürək ağrılarından və beynin yüklənməsindən idi. Bunun səbəbi də hədsiz fikir çəkməsi, təzyiq altında olması idi. İşləmədiyi vaxtlarda borca girdi, bir müddət onun dərdini çəkdi, stress yaşadı. Sonra “Neftçi”yə gəldi, gecəsini gündüzünə qatıb orda işlədi. Əsəb keçirirdi, həyəcanlanırdı, elə hey düşünürdü. Öz aramızdı, o illərdə çempionat da başqa cür idi axı. Bütün bunlarla yanaşı, iki ailənin arasında qalması. Doğru yolda olmadığını, bizə qarşı düzgün etmədiyini özü də bilirdi. Sadəcə, o yoldan dönmürdü, nəyəsə görə dönə bilmirdi. Atamı infarkt apardı. Hər şeyi ürəyinə saldı, sonu da belə. Sizi inandırım, bu illərə qədər atamın bir dəfə də olsun, qripə yoluxduğunu, yaxud təzyiqinin qalxdığını görməmişdim. O dərəcədə sağlam idi. Onu fikir, stress yıxdı...
- Xəstəxanada yatanda yenidən ayağa qalxacağına ümid yeri var idi?
- İlk günlər nəyəsə ümid edirdim. Amma “Modern”də yatanda adını unutduğum həkimin mənə dediyi “vəziyyəti ağırdı, maksimum 15 gün yaşayacaq” sözlərindən sonra əlim hər şeydən üzüldü. Gözümlə görürdüm ki, iynələrin, sistemin hesabına yaşayır. Həmin iynələr onu düz 45 gün yaşatdı. Martın 13-ü ad günüm idi, bir işin dalınca getmişdim. Əmim zəng vurdu ki, Böyükağa can verir. Ondan üç gün sonra dünyasını dəyişdi.
- Yadigar nə qaldı sizə? Qol saatı, təsbeh, alışqan, siqaret...
- Mənim üçün ən dəyərli əşyaları qazandığı medallar, fəxri fərmanlar və diplomlardı. Hamısı məndədi. Bir də köhnə geyimləri var, saxlayıram. Təəssüf ki, saatı, alışqanı, telefonu bizdə deyil.
HƏBİB