Sizin reklam burada

Cüdoçular 2018-i 177 medalla başa vurub

Baxış Sayı:769

Cüdoçular 2018-i 177 medalla başa vurub
Rövnəq Abdullayev maksimum lisenziya istədi
Dünən Bakı Olimpiya Stadionunda Cüdo Federasiyasının (ACF) 2018-ci ilin yekunlarına həsr olunan hesabat konfransı keçirilib. Tədbirdə ACF-nin prezidenti Rövnəq Abdullayev çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikini çatdırıb. O bildirib ki, 2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb. Sonra federasiyanın baş katibi Elmar Babanlı il ərzində görülən işlər barədə məlumat verib. O, idmançıların etimadı doğrultduğunu söyləyib. Baş katibin sözlərinə görə, 39 beynəlxalq yarışda 177 medal qazanılıb ki, bunun 48-i qızıl, 46-sı gümüş, 83-ü bürünc olub. Babanlı Bakıda keçirilən dünya çempionatında 124 ölkədən 755 idmançının iştirak etdiyini və mundialın yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. O, həm Avropa, həm də dünya çempionatında qazanılan medallara diqqəti çəkib. Gənclər və yeniyetmələrin göstərdikləri nailiyyətləri xüsusi vurğulayan ACF rəsmisi Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında Vüqar Talıbovun qızıl medal qazandığını söyləyib, infrastruktur layihələri, regionlardakı yarışlardan da danışıb. Baş katib 2019-da çıxış edəcəkləri yarışlardan da söz açarkən, mayda Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirinin təşkil olunacağını vurğulayıb. Federasiya rəsmisi Faiq Cəfərov isə maliyyə hesabatını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nəhayət, il ərzində fərqlənən idmançı və məşqçilər mükafatlandırılıb.
Sonda Rövnəq Abdullayev 2019-un çətin il olacağını söyləyib: “Bütün yarışlarda iştirak edərək, maksimum lisenziya qazanmalıyıq. Məşqçilərimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bütün çəkilərdə lisenziya qazanmaq üzərində çalışmalıdı. Ümidvaram ki, cüdonun vətənində Azərbaycan yüksək səviyyədə təmsil olunacaq”.
ACF-nin vitse-prezidenti Sadıq Sadıqov isə brifinqdə bunları söyləyib: “2018 cüdo ailəsi üçün çox önəmli oldu. Məhz bu il ilk dəfə Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirildi və bu yarışı çox yüksək səviyyədə təşkil etdik. Qələbələrimizlə yanaşı, bəzi idmançılarımız gözləmədiyimiz halda uduzdular. Buna rəğmən, nəticəni qənaətbəxş saymaq olar. Bir gümüş və bir bürünc medal qazandıq. Qarşıdan Tokio Yay Olimpiya Oyunları gəlir. Orda nəzərdə tutduğumuz sayda heyətlə iştirak etmək üçün yaxşı hazırlıq keçməyə çalışacağıq. 2019-2020 cüdo üçün ağır illərdi. Olimpiadada iştirak etmək üçün idmançılar dünya reytinqində ilk "25-liy”ə düşməlidi. Bunun üçün dünya və Avropa çempionatlarında, “Qran-Pri” və "Böyük Dəbilqə” turnirlərində xal qazanmaq lazımdı. Ona görə də ACF növbəti iki ili “olimpiya ili” elan edib. Biz də lazımi sayda lisenziya qazanmağa çalışacağıq. Cüdo bütün dünyada ən popluyar idman növlərindən biridi. İştirakçı ölkələrin sayını da nəzərə alsaq, lisenziya qazanmaq doğrudan da çox çətin olacaq. Çalışacağıq ki, idmançılarımız 10 çəkidə təmsil olunsunlar. Bunlardan 7-si kişilər, 3-ü qadınlara aiddi. Bəzi olimpiadalarda qadın cüdoçumuz iştirak etməyib. Bu dəfə zərif cins nümayəndələrinin 3 çəkidə təmsil olunmasına çalışacağıq. Həmçinin qarışıq komanda yarışında yer alacağıq. Artıq Tokio Olimpiadasına hazırlıq işlərinə tam start verilib”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR