Sizin reklam burada

AFFA Yerro ilə anlaşa bilmədi

Title
AFFA Yerro ilə anlaşa bilmədi
Növbəti namizəd “Qalatasaray”ın sabiq çalışdırıcısıdı
AFFA yığmaya baş məşqçi axtarışını davam etdirir. Ancaq çox güman, təyinat növbəti il gerçəkləşəcək. Hər halda, bu gün 2018-dəki sonuncu iş günüdü. Odu ki, millinin çalışdırıcısının məhz bu gün bəlli olacağı inandırıcı deyil. Beləliklə, yeni baş məşqçini görmək üçün 2019-u gözləyək.
Xəbər verdiyimiz kimi, AFFA bir çox mütəxəssislə danışıq aparır. Təbii ki, namizədlərin hamısı əcnəbilərdi. Federasiyanın hədəfində olan ən real namizəd isə yığmamızda çalışmaqdan imtina edib. Söhbət Fernando Yerrodan gedir. Qeyd edək ki, Yerro son dünya çempionatında İspaniya millisinə rəhbərlik edirdi. O, qalmaqallı şəkildə “Real”a üz tutan Xulen Lopeteqinin millidən qovulmasından sonra bu posta məcburən yiyələnmişdi. Yerro İspaniya Futbol Federasiyasında da çalışdığından, yığmaya təcili baş məşqçi tapmaq lazım idi və onun xeyrinə seçim edildi. Lakin yığmanı uğursuzluqdan xilas edə bilməyincə, özü də həmin postda qalmadı. Deyilənə görə, Yerro ilə AFFA ortaq məxrəcə gələ bilməyib. Bunun səbəbi isə çox maraqlıdı. Belə ki, Yerro bizimkilərin millini AÇ-2020-nin final mərhələsində görmək istəyinin reallıqdan uzaq olduğunu deyib. Ancaq ispan mütəxəssis fikrini dəyişsə, tərəflər yenidən masa arxasına otura bilər. Onu da qeyd edək ki, futbolçu karyerası dövründə “Valyadolid”, “Real”, “Əl-Rayyan” və “Bolton” kimi klublarında forma geymiş Yerro İspaniya yığmasında 89 oyun keçirib. O, məşqçiliyə 2014-cü ildə “Real”da baş məşqçinin köməkçisi kimi başlayıb. 2016/17 mövsümündə “Ovyedo”nu çalışdıran 50 yaşlı mütəxəssis bu ildən İspaniya Futbol Federasiyasında çalışır. Yığmaya müvəqqəti rəhbərlikdən sonra isə o, İspaniya millisində idman direktoru vəzifəsində çalışmağa başlayıb. Məşqçi kimi uğuru yoxu, heç yerdə özünü sübut etməyib.
Yeri gəlmişkən, yığmaya daha bir namizədin adı çəkilir. Həmin mütəxəssis bu ilin oktyabrında Yunanıstan millisindən istefaya göndərilən Mihael Skibbedi. Yunanların uğursuz çıxışı alman mütəxəssisin qovulmasına səbəb oldu. Skibbe 2015-ci ilin oktyabrından sözügedən millini çalışdırırdı. Onun buna qədər son komandası Türkiyədə "Əskişəhərspor" olub. Alman daha əvvəl "Qalatasaray" və "Karabükspor"un “sükanı arxasında” yer alıb və uğursuzluqları ilə diqqəti çəkib. Ümumiyyətlə, 53 yaşlı mütəxəssis karyerası ərzində ölkəsinin yığmasında köməkçi olmaqla yanaşı, "Şalke-04", “Borussiya” (Dortmund), "Bayer-04, "Ayntraxt" (Frankfurt), "Herta" və "Qrasshoppers"ın "sükanı arxasında" olub.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.