Sizin reklam burada

Aqil Nəbiyev “Şüvəlan”dan ayrıldı

Baxış Sayı:756

Aqil Nəbiyev “Şüvəlan”dan ayrıldı
O, yığmaya köməkçi gedir
"Şüvəlan"ın baş məşqçi Aqil Nəbiyev istefa verib. Buna səbəb gənc mütəxəssisin UEFA-nın A kateqoriyasını almaq üçün kurslarda iştirakıyla bağlı vaxt azlığı göstərilir. Qəsəbə təmsilçisinin baş məşqçi postunda Nəbiyevi köməkçisi Anar Vəliyev əvəzləyib. Nəbiyev "Şüvəlan"a ötən ilin yayından başçılıq edirdi. Onu da qeyd edək ki, "Şüvəlan" ilk dövrədən sonra 13 oyuna 20 xal toplayaraq qış fasiləsinə 7-ci pillədə yollanıb. Ancaq komandanın durumu o qədər də acınacaqlı deyil. Belə ki, 3-cü yerlə xal fərqi 3-ə bərabərdi.
Dünən Aqil bəylə əlaqə saxlayıb, istefa ilə bağlı fikirlərini öyrəndik: “Bilirsiz ki, kurslar başlayandan komandaya çox vaxt ayıra bilmirdim. “Şüvəlan”ın da hədəfləri var. İstəmirəm ki, kluba az diqqət yetirim. Təsəvvür edin, ongünlərlə məşqlərdə olmuram. Bu da çətinlik yaradırdı. Bilirsiz ki, kurs səhər saat 10-da başlayıb axşam 5-6-da bitir. Seminarlar martda başa çatacaq. Belə qərara gəldim ki, fikrimi tam olaraq kateqoriyaya yönəldim. Bu üzdən belə addım atdım. Kateqoriya da önəmlidi. Daha da irəli getmək və savad baxımından “artırmaq” üçün bütün diqqətimi kurslara yönəltmək qərarına gəldim. Təhsilimi tamamlayım, daha sonra hansısa variant yaranarsa, fikirləşərik. Klubda heç bir problem yoxdu. Maaşlar hətta 8-10 gün tez verilirdi. İstər futbolçulara, istərsə də məşqçilərə. 7 il bu klubda oynamışam, 3 il komandanın kapitanı olmuşam, ilyarımdı burda məşqçi işləyirəm. Ötən il “Şüvəlan” bürünc medal qazandı, Naxçıvandan “Heydər Əliyev kuboku”nu gətirdik. Bu il püşkatmaya bir gün qalmış komandanın çempionatda iştirak edəcəyi məlum oldu. Bir həftə ərzində heyəti formalaşdırdıq. Limit də çox çətinlik yartmışdı. Püşkatmadan bir gün öncə, axşam saat 5-də məşqçimiz Anar müəllimlə söhbətləşirdik ki, görəsən, futbolçular hara gedəcək? PFL-dən zəng gəldi və soruşdular ki, püşkatmaya sizdən kim qatılacaq? Bildirdim ki, bizim klub dağılıb. Dedilər “yox, “Şüvəlan” fəaliyyətini davam etdirir”. Biz də bir həftəyə komandanı formalaşdırdıq. Bu gün də 3-cü yerdən 3 xal geridəyik. Komandanın bu mövsüm boyundan yuxarı tullandığını deyərdim. Oyunlarımızı izləyənlər də görür ki, komanda futbol oynayır. Sadəcə, dediyim kimi, nə kluba, nə də özümə zərər vurmaq istədim. Ona görə də rəhbərliyə qərarımı dedim, səbəbini izah etdim, kluba uğurlar arzuladım. İnanıram ki, qarşıya qoyulan hədəfə çatarlar. Komanda bir neçə normal transfer etsə, çempionatı ilk “3-lük”də bitirə, hətta çempion da ola bilər”.
Bəlkə Aqil bəy transfer istəyib, rəhbərlik qəbul etməyib və ayrılığın səbəbi budu? Nəbiyevi dinləyək: “Yox-yox. Özünüz də bilirsiz ki, qışda futbolçu tapmaq çətindi. Limit də bu məsələdə problem yaradır. Ancaq rəhbərliklə bu məsələdə heç bir fikir ayrılığı olmayıb. Olsa, bilirsiz ki, mən hər zaman açıq danışıram. Ola bilər, kimsə həm oxuyur, həm də işləyir. Şəxsən mən fikrimi işə tam yönəldə bilmirdim. Komanda çempionluğa oynayır və qarşıdakı üç ayda kurslar olacaq. Bu üzdən diqqətimi cəmləyə bilməyəcəkdim. Hələ ki kursu bitirim, sonrasına baxarıq. İstəmirəm kiməsə maneə törədim. Nəsə xoşagəlməz bir şey olsa, özüm narahat olaram. Məşqçilik tam başqa peşədi. Futbolçu təkcə özünə cavabdehdi. Amma baş məşqçi bütöv komandaya, texniki heyətə, nəticələrə görə məsuliyyət daşıyır. Çalışmışam ki, həmişə nümunəvi kollektiv yaradım və istəmişəm hər zaman klubum ailəm kimi olsun. “Şüvəlan”ın adı heç vaxt çirkin işlərdə hallanmayıb. Biz həmişə nəticəyə çatmaq üçün qısa yola can atırıq. Amma klub kimi formalaşmaq üçün böyük zaman lazımdı. İlyarımdı kənardan da izləyirsiz, nümunəvi komandayıq. Heç bir narazılığım yoxdu. “Şüvəlan”a qayıtmağı istisna etmirəm. Bura mənim doğma klubumdu. AZAL-ın, “Şüvəlan”ın qapıları həmişə üzümə açıq olub. Məşqçi həyatı belədi. Bu gün burdayıq, sabah başqa yerdə. Təbii, hansısa klub desə ki, gəl burda işlə, kursunu da davam etdir, bizim üçün narahatlıq yoxdu, bu o qədər də önəmli deyil. O zaman fikirləşərəm”.
Günün sonunda bu məsələ ilə bağlı etibarlı mənbədən maraqlı məlumat aldıq. Belə ki, Nəbiyev aşağı yaş qrupları üzrə yığmalardan birində köməkçi kimi çalışacaq. Böyük ehtimalla həmin milli U-21 olacaq.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR