Çərşənbə axşamı AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Budəfəki toplantı ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində yaşanan qayda pozuntularına həsr olunub. Qeyd edək ki, komitə 4 görüşdən üçündə cəriməyə əsas verən pozuntu aşkara çıxarıb.
“Sumqayıt” – “Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu da “40-cı maddə”nin tətbiqinə (800 manat cərimə) şərait yaradıb. 85-ci dəqiqədə isə Arif Daşdəmirovun ikinci “sarı”sı qırmızı vərəqəyə çevrilib. O, yarımfinalın ilk görüşünü buraxmaqla yanaşı, klubu 200 manat “tərlədib”. Beləliklə, yarımfinala vəsiqə “gənclik şəhəri” təmsilçisinə 1000 manata başa gəlib.
Daha bir cütün - “Sabah”la “Qəbələ”nin Masazırdakı duelində də meydan sahibi komanda oxşar cəzaya məruz qalıb. Vərəqə sayı 4-ə çatan və buna görə 800 manat ziyana düşən debütant 83-cü dəqiqədə ikinci xəbərdarlıqdan sonra meydandan qovulan Erik Ramosun intizamsızlığına görə daha 200 manat ödəyəcək. Əvvəlki mövsümlərdən qalan cəzasını məhz Masazırdakı oyun ərəfəsində başa vuraraq sıraya dönən və yenidən uzaqlaşdırılan Ramos gələn il də kubokun açılışında iştirak edə bilməyəcək. İntizam Komitəsi onu yenidən 1 oyunluq cəzalandırıb.
Maraqlıdı ki, “Keşlə” – “Qarabağ” matçında da cərimə və cəzalar bir komandaya tətbiq olunub. Ağdamlılar 6 futbolçunun sarı vərəqə ilə cəzalanmasına görə 800 manat cərimə ödəyəcək. Qarşılaşmanın sonuna bir dəqiqə qalmış komandasını azlıqda qoyan Yakub Jezniçakın ikinci “sarı”sı isə ona 1 oyun cəza, klubuna 200 manat cəriməyə başa gəlib. Oyun başa çatandan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən qələbə atəşfəşanlıqla qeyd olunub və nəticədə klub pirotexniki vasitələrdən istifadəyə görə cərimələnib. Artıq neçənci dəfədi tərəfdarlarının davranışına görə ziyana düşən klub bu dəfə 800 manat cərimələnib.
Beləliklə, komitənin, həmçinin ilin son iclasında klublara 3800 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 81500 manata çatıb.