Dünən Sankt-Peterburqda şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürüb. İlk yarış günündə rapid üzrə 5 tur keçirilib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassem və rusiyalı Aleksandr Morozeviçə qalib gəlib, erməni Tiqran Petrosyan və ukraynalı Anton Korobov ilə heç-heçə oynayıb. Hazırda Şəhriyar 4 xalla 4-18-ci yerləri bölüşür. Qədir Hüseynov 3,5 xalla 19-45-ci, Rauf Məmmədov 3 xalla 46-89-cu pillələrdə qərarlaşıb.
Qadınların mübarizəsində isə 4 tur baş tutub. Yığmamızın üzvlərindən Gülnar Məmmədova 3 xalla 8-29-cu yerləri bölüşür. Günay Məmmədzadə 2,5 xalla 30-52-ci, Zeynəb və Türkan Məmmədyarova bacıları 2 xalla 53-76-cı pillələrdə qərarlaşıb. Bu növdə mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 turun yekununa əasasən qalibi müəyyənləşdirəcək.