Sabiq komitə sədri ata oldu
AFFA-da uzun illər Hakimlər Komitəsinin sədri postunu tutan Xaqani Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasından hardasa üç ay yarım vaxt ötür. Avstriyalı Frits Stuxlikin gəlişindən sonra sabiq sədrin taleyi qeyri-müəyyən idi. Düzdü, istefa ərəfəsində Xaqani Məmmədovun yeni komitədə təmsil olunacağı istisna edilmirdi. Ancaq Stuxlikin keçirdiyi ilk iclasa onun çağırılmaması vəziyyətin dəyişdiyini üzə çıxardı. Belə məlum oldu ki, Məmmədov yeni sədrin planlarına daxil deyil. Ancaq o, inspektor kimi işini davam etdirirdi. Özü sədr olduğu dövrdə iki oyuna təyinat alan Xaqani bəy Stuxlikin gəlişindən sonra da bir qarşılaşmada hakimlərin işinə qiymət vermişdi. Bu, oktyabrın 5-də keçirilən “Zirə” – “Qəbələ” matçı idi. Məmmədov həmin oyunda konkret Rauf Cabbarovun işini qiymətləndirmişdi.
Komitənin yeni tərkibi təsdiqlənəndən sonra Xaqani bəyin, ümumiyyətlə, AFFA-nın divarları arasında qalıb-qalmayacağı sual altına düşdü. Ən azı Anar Salmanov amilinə görə. Faktdı ki, Məmmədov son iki ay yarımda oyunlara getməyib. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Stuxlikə “donos” ötürülüb. Ona “qonaqlara 15 verirlər” faktından tutmuş, bir çox qaranlıq mətləbləri çatdırıblar. Belədə avstriyalı sabiq sədri AFFA-nın qapısından içəri buraxmamağı tapşırıb. Bir sözlə, Məmmədov üçün AFFA dönəmi sona çatıb.
Yeri gəlmişkən, Xaqani Məmmədovla bağlı bir xəbəri də diqqətinizə çatdıraq. Bu, onun şəxsi həyatı ilə bağlıdı. İş baxımından uğursuzluq yaşayan Hakimlər Komitəsinin sabiq sədrinin şəxsi həyatında önəmli hadisə baş verib. O, bir müddət əvvəl ata olub. Bu haqda bilgini yenicə əldə etmişik. Məmmədov oğul atası olub.
MİRAĞA