“Söhbət Mehdi Cənnətovla rəqabətdən getmir, başqa söhbətlər var”
Qəzetimizin ötən sayında Orxan Sadıqlının “Sumqayıt"ı tərk edərək “Keşlə”yə döndüyünü xəbər vermişdik. Qapıçının icarə müddəti başa çatıb. Eyni zamanda bakılıların baş məşqçisi Tərlan Əhmədov mətbuata açıqlamasında Sadıqlı ilə bağlı qərar vermədiyini bildirmişdi. Belədə qolkiperin taleyi ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün özü ilə əlaqə saxladıq: “Sumqayıt”a 6 aylıq icarəyə verilmişdim. Hər şey yaxşı olsaydı, anlaşmanın müddətini yaya qədər uzatmaq olardı. İcarəm başa çatdığına görə "Keşlə"yə qayıtdım. Mən mövsümün əvvəlində “Sumqayıt”a keçəndə də ikinci qapıçı olmaqla razılaşmadığım üçün getmişdim, o cür puldan və şəraitdən imtina etmişdim. Çünki o vaxt əsas qapıçı kimi dəvət etmişdilər. Ancaq sonradan vədlərinə əməl etmədilər. Cəmi iki oyunda meydana çıxdım. Söhbət Mehdi Cənnətovla rəqabətdən getmir, başqa söhbətlər var. Mehdidən heç də zəif qapıçı deyiləm. Demirəm ki, o zəifdi. Hər kəs özünə görə qapıçıdı. Mən Kamran Ağayev kimi qapıçı ilə rəqabət aparmışam. Qarşıdakı günlərdə, uzağı həftəsonuna kimi Tərlan müəllimlə görüşəcəm. Yəqin ki, "Keşlə"də qalacam. Bu klubla mövsümün sonuna qədər müqaviləm var. Şans verilsə, etimadı doğrulda, əsas heyətdə yer ala bilərəm”.
Qeyd edək ki, Orxan Sadıqlının iştirak etdiyi matçlarda "Sumqayıt" 10-cu turda "Qarabağ"a 0:2, 11-ci turda isə "Keşlə"yə 1:4 hesabı ilə məğlub olub.
MİRAĞA