10 boksçumuz Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
"Footbal-plus.az" xəbər verir ki, 1/4 final mərhələsinin son qarşılaşmalarında yığmanın daha bir neçə üzvü mübarizə aparıb.
Nuray Qafarova (50 kq) Nino Tirkia (Gürcüstan) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, finala gedən yolda Polina Ağacanyanla (Rusiya) üz-üzə gələcək.
Ələkbər Məmmədli (44 kq) Leonard Buhaniuçdan (Moldova) güclü olub – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü yarımfinalda Rian Branaqanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
Sənan Nəsibli (52 kq) David Popeskunu (Rumıniya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçu yarımfinalda Lazar Yovanoviçlə (Serbiya) döyüşəcək.
Sadiq Xəlilov (54 kq) Yaroslav Nikolauskasa (Rusiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Naxçıvan boksunun yetirməsi final üçün Cey Şeridanla (Şotlandiya) gücünü yoxlayacaq.
Yusif Əli (57 kq) də növbəti dueldən qalib ayrılıb. O, Nikola İliçi (Monteneqro) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Kiril Çumakovu (Ukrayna) sınağa çəkəcək.
Sunay Əzimov (60 kq) isə vaxtından əvvəl qələbə qazanıb. O, Daniel Sardarunu (Rumıniya) üçüncü raundda tam üstünlüklə məğlub edib. Əzimov yarımfinalda Solomon Duboislə (İngiltərə) qarşılaşacaq.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a yüksəlib. Daha öncə Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da bu hüquqa yiyələnib. Millinin 10 idmançısının hər biri bu mərhələyə vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı təmin ediblər.
Yarımfinal döyüşlərinə bu gün start veriləcək.
Yarımfinala yüksələn boksçularımızın sayı 10-a çatdı - AÇ
İdman





