Sabah futbol üzrə ölkə çempionatının 1-ci liqasında 6-cı tura start veriləcək.
Turun açılış matçında lider "Şahdağ Qusar" çempionluq uğrunda mübarizə aparan "Səbail"i qəbul edəcək. Saat 15.00-da başlanacaq qarşılaşmada meydan sahibləri mövqeyini qorumaq, rəqibindən bir xal geridə olan qonaqlar zirvəyə yüksəlmək uğrunda tər tökəcək.
Göründüyü kimi, matçın afişası yetərincə cəlbedicidi. Əlbəttə, hədəfi premyer-liqaya vəsiqə qazanmaq olan komandaların dueli böyük maraq doğurur. İş ondadı ki, "Səbail" bu görüşlə bağlı qeyri-adi afişa yayınlayıb. Belə ki, matç Şimal derbisi kimi təqdim edilib! Düzdü, komandanın adının bu yaxınlarda "Quba" olacağı gözlənilir. Klub rəsmiləri də mətbuata açıqlamalarında kollektivi Bayıl yox, Quba təmsilçisi kimi tanıtmağa çalışıb. Amma və lakin...
Addəyişikliyi hələ rəsmən təsdiqlənməyib. Yəni "Səbail" bu gün "Səbail"di və ev oyunlarını Qubada yox, "Şahdağ Qusar" və MOİK-lə birgə Binə qəsəbə stadionunda keçirir. Hətta xatırlayırsızsa, 4-cü turda həmin komandaların hamısı ev oyunlarında meydana çıxdığından bu idman qurğusunda ardıcıl üç gün matçlar keçirildi. "Səbail"in qarşıdan gələn oyunu Şimal derbisi kimi xarakterizə etməsi isə qeyri-peşəkarlıqdan başqa bir şey deyil.
Bəli, bəlkə də bu yolla tribunalara daha çox azarkeşin gəlməsinə nail olmaq istəyirlər. Ancaq tərəfdarların oyunlara cəlb edilməsinin daha rahat üsulları var. Başqa sözlə, bunun üçün bu cür anlaşılmaz təqdimata ehtiyac yoxdu. Axı "Səbail" adı daşıyan komandanın Binədə Şimal derbisində oynaması gülünc görünür.
Hadisələrin axarı isə bizə yaxşı nəsə vəd etmir. Biz premyer-liqada "Araz-Naxçıvan"ın Şamaxıda, "İmişli"nin Yevlaxda oynamasından təngə gəlmişik. Aşağı liqada isə daha biabırçı hadisələr yaşanır və həmin təxəyyülə malik funksionerlər premyer-liqaya göz dikiblər...
Allah futbolumuza kömək olsun, çünki onlar olmayacaq!
KƏNAN BAHADIR
Saxta "Şimal derbisi" - arxı keçməmiş "hop" deməzlər!
Manşet / Yazarlar





