Rəşad Eyyubov rəsmən “Sabah”da
Premyer-liqada debüt etməsinə baxmayaraq, 14 turdan sonra hesabına 17 xal yazmağı bacaran “Sabah” qış fasiləsindən sonra daha inamlı təsir bağışlamaq niyyətindədi. Bunun üçün isə komandanın güclənməyə ehtiyacı var. İlk növbədə hücumçu cəlb olunmalıdı. Eyni zamanda yarımmüdafiənin bərkidilməsi də vacib məsələdi. Planın baş tutmasını istəyirlərsə, lazımsızlarla yolların ayrılması vacib məqam sayılırdı ki, artıq adlara aydınlıq gəlib.
Klubun rəsmi “feysbuk” səhifəsinin yaydığı məlumata görə, Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbadzadə ilə yollar ayrılıb. Hər bir futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Qarşıdakı günlərdə daha 1-2 futbolçunun yola salınacağı istisna olunmur.
Təxminən bir ay Antalyada hazırlıq keçəcək “tələbələr” yoldaşlıq görüşlərinin keçirilməsində maraqlıdı. Hazırda rəqib axtarışları ilə bağlı işlər görülür. Qazaxıstan “Tobol”u ilə yanvarın 16-da, Macarıstan MTK-sı ilə 19-da üz-üzə gəlməyi planlaşdıran debütant təşkilatçılardan və qarşı tərəfdən dəqiq cavab almayıb. Ona görə rəqiblərin adı ilə bağlı dəqiq söz söyləmək çətindi.
Altı futbolçu ilə yollarını ayırdığını rəsmən açıqlayan “Sabah” fasilə dönəmində ilk transferini reallaşdırıb. Əslində Rəşad Eyyubovun “tələbələr”lə anlaşacağı hələ bir neçə gün öncədən bilinirdi. Yarımmüdafiəçinin yayda keçdiyi və heç cür özünü göstərmək şansı qazanmadığı “Neftçi”dən ayrılmasının səbəbi də daim meydanda olmaq istəyi idi. Bu məqsədlə “Sabah”a keçən 26 yaşlı futbolçu 2,5 illik müqaviləyə qol çəkib. O, yeni komandasında Vitali Kvaşukun boşaltdığı “7” nömrəli futbolkada mübarizə aparacaq.
Futbolun sirlərinə Ukraynada yiyələnən, Odessanın “Çernomorets”, Donetskin “Metallurq” klublarında çıxış edən Eyyubov 2011-də “Simurq”la anlaşıb, 4 il bu komandanın uğurları üçün tər tökmüşdü. 2015-də “Xəzər Lənkəran”a keçsə də, rəsmi oyunda iştirak etmədən “Kəpəz”ə yollanmışdı. Gəncə təmsilçisinin heyətində çempionatın ilk yarısında çıxış edib, “Qəbələ”yə üz tutmuşdu. Ötən mövsümü “Sumqayıt”da keçirmiş, bu yay “Neftçi”ylə anlaşmışdı. O həm də U-17, U-19, U-21 yığmaları ilə yanaşı, əsas millinin formasını geyməyə də imkan tapıb. Sadəcə, bacarığı “Qəbələ” və “Neftçi” kimi iddialı komandalarda çıxış etməyə imkan vermir.
HƏBİB